Bakıda gənclərə həsr olunmuş Süni İntellekt Forumu keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində Gənclər üçün Süni İntellekt Forumu keçirilib.

XQ xəbər verir ki, forumun məqsədi gənclərin süni intellekt sahəsində biliklərinin artırılması, bu texnologiyanın yaratdığı imkanlar barədə məlumatlandırılması və gələcəyin əmək bazarına hazırlıqlarına dəstək olmaqdır.

Tədbirin açılış mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi İbrahim Süleymanov çıxış edərək, süni intellektin inkişaf perspektivləri və dövlətin bu istiqamətdə gənclər üçün yaratdığı imkanlardan bəhs ediblər.

Daha sonra “Gənclərin karyera inkişafında süni intellektin rolu: İmkanlar və çağırışlar” mövzusunda panel sessiyası keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova, “Paşa Holding”in xarici innovasiyalar üzrə meneceri və “INMerge Ventures”də partnyor Hüseyn Mahmudov, “KPMG Azərbaycan” şirkətininc Data & AI komanda rəhbəri Toğrul Cabbarlı və “Azerconnect Group”da süni intellekt həlləri və mühəndislik üzrə menecer Nihat Abdullayev spiker qismində iştirak ediblər. Spikerlər süni intellektin əmək bazarına təsiri, innovasiya trendləri və karyera imkanları barədə fikirlərini bölüşüblər.

Həmçinin forum çərçivəsində Milli Süni İntellekt Mərkəzinin süni intellekt mühəndisi Murad Bağırlı tərəfindən “Gənclər üçün süni intellekt savadlılığı: Nələri bilməliyik?” mövzusunda təqdimat keçirilib. Eyni zamanda, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış yeni nəşr - “Karyera quruculuğunda süni intellekt bələdçisi” təqdim olunub.

Qeyd edilib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən son illərdə Bakı və regionlarda keçirilən süni intellekt forumları, təlimlər və maarifləndirici tədbirlər gənclərin bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsinə geniş imkanlar yaradır. Bu təşəbbüslər vasitəsilə gənclər süni intellekt sahəsindəki yeniliklərlə tanış olur, müasir texnologiyalar barədə məlumat əldə edir və sahənin aparıcı mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanırlar. Artan marağı və bu istiqamətdə formalaşan ehtiyacı nəzərə alaraq, gələcəkdə bu kimi tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsi və ölkənin müxtəlif bölgələrində davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

















Sosial həyat