İyunun 9-da Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gənc media nümayəndələri üçün “Qlobal enerji bazarlarında yeni çağırışlar: etibarlı tərəfdaşlıq və Azərbaycanın strateji rolu” mövzusunda silsilə məlumatlandırma sessiyalarına start verilib.
Milli Mətbuat Gününə həsr olunan və iyulun 3-dək davam edəcək tədbir çərçivəsində 30-dan çox media qurumundan olan jurnalistlər enerji təhlükəsizliyi, qlobal enerji transformasiyası, beynəlxalq enerji bazarlarında baş verən əsas tendensiyalar, eləcə də SOCAR-ın “upstream”, “midstream” və “downstream” fəaliyyət istiqamətləri barədə təqdimatları dinləyəcək, müzakirələrdə və sahə turlarında iştirak edəcəklər.
Tədbirin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov regional və qlobal enerji proseslərinin anlaşılmasının, mürəkkəb mövzuların obyektiv və peşəkar şəkildə təqdim edilməsinin bu gün media qarşısında duran vacib vəzifələrdən olduğunu bildirib. İcraçı direktor media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyalarının Azərbaycan mediasında, xüsusilə strateji sahə hesab olunan enerji sektoru üzrə peşəkar ixtisaslaşmanın gücləndirilməsinə xidmət edən mühüm platforma olduğunu deyib.
SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova Enerji Dialoqu Platforması təşəbbüsünün enerji sektoru ilə bağlı maraqlı tərəflər arasında açıq, peşəkar və davamlı dialoq mühitinin formalaşdırılması məqsədi daşıdığını bildirib.
Sonra SOCAR-ın rəhbər şəxsləri tərəfindən şirkətin fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı təqdimatlar və çıxışlar dinlənilib. SOCAR-ın vitse-prezidenti Arzu Cavadova şirkətin kəşfiyyat və axtarış əməliyyatları sahəsindəki zəngin təcrübəsi, geoloji-geofiziki tədqiqatlarda tətbiq olunan müasir yanaşmalar və beynəlxalq layihələr barədə məlumat verib.
SOCAR-ın işlənmə və hasilat sahəsindəki fəaliyyətindən bəhs edən şirkətin vitse-prezidenti Babək Hüseynov 30 illiyinin qeyd olunduğu “Şahdəniz” layihəsinin tarixi əhəmiyyətindən, AÇG-dən ilk sərbəst təbii qaz hasilatına başlanılmasının önəmindən bəhs edib. Azərbaycanda ədalətli enerji keçidinin təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verən şirkətin vitse-prezidenti Əfqan İsayev isə SOCAR-ın yaşıl gündəliyindən, dekarbonizasiya və aşağıkarbonlu layihələrdən, həmçinin beynəlxalq enerji şirkətləri ilə qurulan səmərəli əməkdaşlıqlardan danışıb.
Daha sonra tədbir sual-cavab sessiyası ilə davam etdirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
XQ

