Təbiətin şıltaqlığı ölkəyə baha başa gəlir

post-img

35 rayonda sel, daşqın və dolu ilə bağlı 3 min 500 dağıntı və ziyan qeydə alınıb

Son zamanlar ölkə ərazisində havaların qeyri-sabit keçməsi güclü yağış və dolu yağmasına, sel-subasma, fırtına-qasırğa kimi hallara səbəb olub. Tez-tez baş verən belə hadisələr təsərrüfatlara, xüsusən də bölgələrdə əkin sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub.

Bununla əlaqədar olaraq təsərrüfatlarını vaxtında sığorta etdirən fermerlər tərəfindən Aqrar Sığorta Fonduna zərər müraciətlərinin sayı kəskin artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, güclü yağışların yeni dalğasinin başladığı may ayının əvvəlindən indiyədək Aqrar Sığorta Fonduna ölkənin 35 rayonundan 3 min 500-dən artıq müqavilə üzrə müraciətlər daxil olub. Zərər müraciətləri Abşeron, Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Zaqatala, Qax, Daşkəsən, Göygöl, Kürdəmir, Neftçala, Ağdam, Ağsu, Biləsuvar, Füzuli, Şahbuz, Qəbələ, Qusar, Şamaxı, Samux, Şəmkir, Xocalı, Yardımlı, Qazax və sair rayonlarını əhatə edib.

Aqrar Sığorta Fonduna bu dövrdə daxil olan müraciətlər 53 min hektar əkin sahəsi ilə əhatə olunan müqavilələri əhatə edib. Bunun da 52 min hektarı taxıl sahələri – arpa-buğda əkinləridir. Digər müraciətlər isə alma, armud, badam, ərik, fındıq, gilas, nar, nektarin, pambıq, qoz və şaftalı bağları üzrə olub. Ümumilikdə, fonda daxil olan ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələri üzrə qeydə alınıb. Əkin sahələri ilə bağlı müraciətlər isə daha çox Şəki-Zaqatala və Şirvan-Salyan regionlarından daxil olub.

Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub. Son həftə ərzində daxil olan müraciətlərin isə əsas səbəbi məhz dolu, fırtına və qasırğa hallarıdır. Bütün bu müraciətlər Aqrar Sığorta Fondunda qeydə alınaraq yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir.

Hazırda Aqrar Sığorta Fondunun bütün ekspertləri bölgələrdə təsərrüfatlara və əkinlərə dəymiş zərərlərin qiymətləndirilməsi ilə məşğuldurlar. Məhz onların araşdırmalarından sonra hadisədən və zərərin həcmindən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.

Ümumilikdə isə, hadisə baş vermiş, yəni haqqında müraciət daxil olan əkin sahəsinə 5-7 gün ərzində aqrar sığorta eksperti göndərilir. Ekspert öncə əkin sahəsində hadisənin baş verib-vermədiyini, dəymiş zərərin hansı təbiət hadisəsinin nəticəsi olduğunu müəyyənləşdirir. Həmçinin ekspert tərəfindən hadisə olan əkin sahəsinin fermerin rəsmi bəyan etdiyi koordinatlara aid olması dəqiqləşdirilir və ilkin zərər həcmi hesablanır. Əgər əkinin tamamilə məhv olması dəqiqləşərsə, fermerə ödənişin verilməsi prosesinə başlanılır.

Qurumdan verilən məlumata əsasən, sığortalı fermerlərə zərər ödənişləri qanunvericiliklə müəyyən edilmiş prosedurla həyata keçirilir. Belə ki, əkin sahəsində tam yox, qismən məhvolma halı müəyyən edilərsə, zərər ödənişinin verilməsi üçün məhsul yığımı vaxtına qədər gözlənilir. Məhsul yığımına 5 gün qalmış isə ekspert 2-ci dəfə həmin sahəyə səfər edərək yekun zərəri qiymətləndirir və onun rəyinə uyğun olaraq məbləğ hesablanaraq fermerə ödəniş həyata keçirilir.

Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı təbiət hadisələri – dolu, sel-subasma, fırtına-qasırğa, leysan, normadan artıq yağan qar, torpaq sürüşməsi, eləcə də yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətlərindən və sair hallardan qoruyur.

Aqrar sığorta mexanizminin şərtlərinə əsasən, fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini asanlıqla sığortalaya bilərlər. Məsələn, müraciətlərin ən çox daxil olduğu taxıl (arpa və buğda) əkinlərinin sığortalanması üzrə sığorta haqqı belə hesablanır: 1000 manat məhsul gözlənilən 1 hektar əkin sahəsinin sığortalanması ölkənin əksər ərazisində fermerlərə 6,65–10,8 manata başa gəlir.

Bu arada, ölkəmizdə fermerlərə dəymiş zərərin ödənilməsi üçün sığorta ödənişlərinin artırılması ilə bağlı fikirlər səsləndirilir. Deputat Əli Məsimli Milli Məclisin iyunun 5-də keçirilmiş növbədənkənar sessiyasının plenar iclasında aqrar sığortaya əlavə vəsaitlərin ayrılmasını təklif edib. Son zamanlar intensiv yağışların həm Bakıda, həm də regionlarda bir sıra fəsadlar törətdiyini xatırladan deputat bildirib ki, ötən ay müşahidə olunan intensiv yağışlar Şəki-Zaqatala bölgəsində, o cümlədən Şəki və Qax rayonlarında ciddi fəsadlar yaradıb.

Təsərrüfatlara xeyli ziyan dəyib, fındıq bağlarında, taxıl sahələrində, dirriklərdə məhsullar yararsız hala düşüb. Aqrar Sığorta Fondunun bu istiqamətdə zəruri işlər gördüyünü vurğulayan iqtisadçı alimin sözlərinə görə, bununla belə dəymiş ziyanın məbləği ilə aqrar sığortanın maliyyə imkanlarını müqayisə etdikdə bu istiqamətdə əlavə dəstəyin vacibliyi aydın hiss olunur.

Yerli strukturların da bu istiqamətdə gördüyü işi müsbət qiymətləndirən deputat onu da deyib ki, bu qurumlar problemin həlli istiqamətində vacib addımlar atsalar da, növbəti intensiv yağışlar nəticəsində həmin problemlər təkrar olunur. Onun sözlərinə görə, bütün bu məsələlərin həlli mərkəzləşdirilmiş qaydada vəsaitlərin ayrılmasına zərurət yaradır.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat