Qərb ixrac boru kəmərinin (Bakı–Supsa) əməliyyat funksiyaları Azərbaycan və Gürcüstana təhvil verilib. Bu barədə “bp Azerbaijan” şirkətinin məlumatında bildirilir ki, müqaviləyə uyğun olaraq, Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, Qərb ixrac boru kəmərinin bütün infrastrukturu 2026-cı il iyunun 8-dən Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumlarına qaytarılıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli iyunun 2-də “Bakı Enerji Həftəsi” çərçivəsində bu barədə məlumat verərkən bildirib ki, bu addım aktivlərin satışı demək deyil, sadəcə olaraq, əvvəllər imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsidir. Onun sözlərinə görə, boru kəməri üzərində əməliyyat nəzarəti müvafiq ölkələrdə onun sahiblərinə qaytarılır və bu proses tərəflərin əvvəlcədən razılaşdırılmış hüquqi öhdəliklərinə uyğun həyata keçirilir.
Azərbaycan Dövlət Neft Şirkəti də Qərb ixrac boru kəməri və onun ayrılmaz hissəsi olan Supsa terminalının “SOCAR Midstream Operations” MMC-nin operatorluğuna keçməsi ilə bağlı məlumat yayıb. Qurumdan verilən məlumata görə, Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti “SOCAR Midstream” tərəfindən qəbul edilib.
Qeyd olunub ki, Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan Qərb ixrac boru kəməri regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.
Yeri gəlmişkən, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2026-cı ilin may ayında ölkəmizə səfəri zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “SOCAR Midstream Operations” MMC və Gürcüstan Neft və Qaz Korporasiyası arasında Gürcüstan ərazisindən keçən Qərb ixrac boru kəmərinin, o cümlədən Supsa neft terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən əməliyyat sazişi üzrə əsas şərtlər sənədi imzalanıb.
Qeyd edək ki, Qərb ixrac boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən xam nefti Qara dənizin Supsa terminalına daşımaq məqsədilə inşa olunub. Tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin aprelində imzalanmış hökumətlərarası sazişdən sonra başlanılan bu layihə 1998-ci ilin noyabrında tamamlanıb. İllik nəqletmə gücü 5,2 milyon ton olan boru kəmərinin istismarına 1999-cu ilin fevralında start verilib. 1999-cu il aprelin 17-də rəsmi açılş mərasimi keçirilmiş Bakı-Supsa kəməri ilə nəql olunan neft buradan tankerlərə yüklənərək Bosfor boğazı vasitəsilə Avropa bazarlarına çatdırılıb.
2007-ci ildə Azərbaycan və Gürcüstan ərazisindəki hissələri əhatə edən geniş təmir və yeniləmə işlərinin aparılması məqsədilə kəmərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu müddətdə alternativ ixrac marşrutlarından istifadə olunub və dünya bazarlarına tədarükdə fasilələrin qarşısı alınıb. 2008-ci ildə isə kəmərin yenidən istismara verilməsi üzrə genişmiqyaslı proqram həyata keçirilib.
Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisindən keçən boru kəməri Qara dəniz sahilində yerləşən Supsa terminalına qədər uzanır. Ümumi uzunluğu 829 kilometr təşkil edən Qərb ixrac boru kəməri sistemi 3-ü Azərbaycanda və 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyasından ibarətdir. Bundan əlavə, Gürcüstanda 2 təzyiqazaldıcı stansiya, 59 xətti bağlayıcı klapan və aralıq təmizləmə stansiyaları fəaliyyət göstərir.
Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi məlumatına görə, kommersiya istismarının başlanmasından 2026-cı il aprelin 1-dək Bakı–Supsa boru kəməri vasitəsilə, ümumilikdə, 738 milyon barel neft nəql olunub.
XQ

