Türk dövlətlərinin qlobal maliyyə inteqrasiyası

post-img

Azərbaycan paytaxtı beynəlxalq sammitə ev sahibliyi edir

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işə başlayıb. Sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platforma kimi nəzərdə tutulub.

İştirakçılar regional inteqrasiya və beynəlxalq əməkdaşlıq; bankçılıqda rəqəmsal transformasiya; ödəniş və hesablaşma sistemləri; açıq bankçılıq və API ekosistemləri; süni intellektlə idarə olunan maliyyə və avtomatlaşdırma; kibertəhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması; komplayens, ÇPY və TM qarşısının alınması (AML/CFT); alternativ bankçılıq (İslam maliyyəsi daxil olmaqla); dayanıqlı və yaşıl maliyyə; investisiya imkanları; insan kapitalı, bacarıqlar və maliyyə savadlılığı mövzuları üzrə fikir mübadiləsi aparırlar.

Bu çərçivədə sammitin ilk günü məhsuldarlığı ilə seçildi. Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalandı. Azərbaycan Fintex Assosiasiyası və Mərkəzi Asiya Fintex Assosiasiyası arasında da əməkdaşlıq rəsmiləşdirildi.

Sammitdə çıxış edən Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov bildirdi ki, ani Ödənişlər Sisteminin inkişafı istiqamətində mühüm işlər görülür və sistemin əhatə dairəsi davamlı olaraq genişləndirilir. May ayında Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb. Qarşıdakı dövrdə bu göstəricinin daha da artırılması planlaşdırılır. Onun sözlərinə görə, Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində mühüm işlər görülür və sistemin əhatə dairəsi davamlı olaraq genişləndirilir. Sədr müavini onu da qeyd etdi ki, maliyyə sektorunun üzləşdiyi əsas çağırışlardan biri xərclərlə bağlıdır. Bu xərclərə həm rəqəmsallaşma prosesləri, həm də nağdsız ödənişlərin inkişafı ilə əlaqədar yaranan məsrəflər daxildir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri Fərid Osmanov ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru haqqında məlumat verdi. Qeyd olundu ki, illik ixrac həcmini hazırkı 25 milyon dollardan 1 milyard dollara çatdırmaq hədəf olaraq bəlirlənib. O bildirib ki, bu hədəf 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planında öz əksini tapıb: “Strategiya çərçivəsində 2032-ci ilə kimi ölkəmizin İKT sektorunun həcmindəki hazırkı 2,5 milyard dollar həddinin iki dəfə artırılması və Azərbaycanın regional rəqəmsal haba çevrilməsi nəzərdə tutulur. Proqramın əsas istiqamətləri rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt, innovasiyalar və kibertəhlükəsizlik sahələrinin inkişafıdır. Bu prosesdə “mygov” platforması əsas rəqəmsal infrastruktur rolunu oynayacaq”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə qeyd etdi ki, proqram ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı əsas çərçivə sənədi olacaq və iqtisadiyyatın bütün sahələrini əhatə edəcək: “Yeni proqram Azərbaycanın ortamüddətli inkişaf prioritetlərini müəyyənləşdirəcək və müxtəlif sahələr üzrə qəbul edilən sektoral proqramlarla əlaqələndiriləcək”.

Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev də çıxış etdi. O bildirdi ki, biznes kreditlərinin həcmi 9,1 faiz artaraq 16,3 milyard manata yüksəlib. Həmçinin bu yaxınlarda təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Bu istiqamətdə aqrar kreditləşmə üzrə qiymətləndirmə imkanlarının gücləndirilməsi, Aqrar Kredit Kooperativlərinin yaradılması və dəstəklənməsi, aqrar sığorta, subsidiya, zəmanət və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Ötən hesabat dövründə dövlət fondlarının bütün istiqamətlər üzrə verdiyi kreditlərin həcmi son 12 ay ərzində 22,5 faiz artaraq 1,2 milyard manata çatıb.

Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır öz ölkəsində isə aktiv rəqəmsal bankçılıq sahəsi çərçivəsində məlumat verdi. Qeyd etdi ki, müştərilərinin sayı hazırda 129 milyonu ötüb. Bu isə 100 faizdən çox artım deməkdir: “Türk dövlətlərinin Bank Assosiasiyaları Şurası regionun maliyyə gələcəyinin formalaşdırılmasında mühüm missiya daşıyır. Şura həm ölkələrimiz, həm də assosiasiyalarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir, eyni zamanda, iqtisadiyyatlarımızın qlobal maliyyə sistemindəki rolunu artıran vacib platforma kimi çıxış edir”.

Qeyd edək ki, sammit Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.

Məclis çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə olunur. Tədbirin hədəfləri regional əməkdaşlığın möhkəmləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank əlaqələrinin inkişafı), beynəlxalq tərəfdaşlıqların təşviqi və ortaq maliyyə baxışının formalaşdırılmasıdır.

Sammit bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, beynəlxalq ekspertləri, investorları və beynəlxalq maliyyə institutlarını bir araya gətirir.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat