Regional inkişaf proqramları Azərbaycan kəndini davamlı yüksəliş yoluna çıxarıb

post-img

Şəhər rahatlıqları bölgələrə yeni həyat gətirir

Son onilliklər ərzində dünya ölkələrinin üzləşdiyi ən ciddi sosial-iqtisadi problemlərdən biri şəhərləşmə prosesinin sürətlənməsi, kənd əhalisinin kütləvi şəkildə şəhərlərə axını olub. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və bu göstəricinin gələcəkdə daha da artacağı proqnozlaşdırılır.

İlk baxışda bu proses iqtisadi inkişafın təbii nəticəsi kimi görünür. Lakin nəzarətsiz və balanslaşdırılmayan şəhərləşmə kənd təsərrüfatının zəifləməsinə, regionların boşalmasına səbəb olur. Üstəlik, şəhərlərdə sosial infrastruktur yüklənir, işsizlik və sosial bərabərsizlik problemləri dərinləşir.

Azərbaycan da qlobal proseslərin təsirindən kənarda deyil. Bununla belə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, ölkəmiz urbanizasiya probleminə, sadəcə, müşahidəçi kimi yanaşmır, onun həlli üçün uzunmüddətli və strateji yanaşma formalaşdırır. Dövlət başçısının “kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın” fikri, əslində, Azərbaycanın regional inkişaf siyasətinin yeni mərhələsinin əsas ideoloji istiqamətini müəyyənləşdirir.

Şəhərlərə axın – demoqrafik gərginlik

XX əsrin ikinci yarısından başlayaraq əsasən paytaxtlarda və iri yaşayış sahələrində sənayeləşmənin sürətlə inkişafı, eləcə də iqtisadi fəallığın geniş miqyas alması kənddən şəhərə kütləvi miqrasiyanı sürətləndirdi. Bir çox ölkələrdə kəndlər boşaldı, aqrar sektor işçi qüvvəsi çatışmazlığı ilə üzləşdi, şəhərlərdə isə əhali sıxlığı böhranlı həddə çatdı.

Bu gün inkişaf etmiş ölkələrdə belə urbanizasiya prosesinin yaratdığı problemlərlə mübarizə aparılır. Mənzil qıtlığı, nəqliyyat sıxlığı, ekoloji çətinliklər, sosial xidmətlərə artan tələbat səbəbindən şəhərlərin idarə edilməsi getdikcə mürəkkəbləşir. Belə bir narahatlıq doğuran məsələdə respublikamızın üstünlüyü ondadır ki, ölkə rəhbərliyi bu təhlükəni vaxtında görərək regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, bəzi dövlətlər urbanizasiya probleminin həlli üçün nə imkan, nə də düzgün strategiya tapa bilirlər. Azərbaycanda isə uzun illərdir ki, həyata keçirilən regional inkişaf proqramları məhz bu məqsədə xidmət edir.

Xatırladaq ki, 2004-cü ildən etibarən ölkəmizdə ardıcıl şəkildə qəbul edilən regional inkişaf dövlət proqramları Azərbaycanın sosial-iqtisadi tarixində xüsusi yer tutur. Bu sənədlərin əsas məqsədi iqtisadi fəaliyyətin Bakı və Abşeron yarımadasında cəmləşməsinin qarşısını almaq, bölgələrdə yüksək həyat şəraiti formalaşdırmaq və əhalinin öz doğma yurdlarında yaşamaq imkanlarını genişləndirmək olub. Belə ki, son iyirmi ildə respublikanın bütün regionlarında minlərlə kilometr avtomobil yolu çəkilib, elektrik, qaz və içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Yeni sənaye parkları, aqroparklar, logistika mərkəzləri yaradılıb, sahibkarlığın inkişafına geniş dövlət dəstəyi göstərilib.

Bu siyasətin nəticəsində regionlarda minlərlə yeni iş yeri açılıb, qeyri-neft sektorunun inkişafı sürətlənib, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı yüksəlib. Ən önəmlisi isə regionların sosial siması dəyişib, kənd və rayonlarda yaşayış üçün daha əlverişli şərait formalaşıb.

İnsan kapitalına sərmayə

İnsanların kənddə yaşamaq istəyinin formalaşmasında iqtisadi amillərlə bərabər, sosial şərait də mühüm rol oynayır. Dövlət başçısının vurğuladığı kimi, respublikada regional inkişaf proqramları həyata keçirilərkən sosial infrastruktur layihələri də paralel şəkildə icra olunub. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanın bütün rayon mərkəzlərində müasir xəstəxanalar fəaliyyət göstərir. Əvvəllər yalnız paytaxtda mövcud olan bir çox tibbi xidmətlərin artıq bölgələrdə də əlçatanlığı reallaşıb. Müasir diaqnostika avadanlıqları ilə təchiz olunan tibb müəssisələri insanların keyfiyyətli səhiyyə xidmətlərindən istifadə imkanlarını genişləndirib.

Təhsil sahəsində həyata keçirilən layihələr də xüsusi əhəmiyyət daşıyır. Son illər ərzində minlərlə məktəb tikilib və ya əsaslı təmir edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə fəaliyyət göstərən tədris müəssisələrinin böyük əksəriyyəti yenilənib. Bununla da regionlarda yaşayan uşaqların müasir təhsil mühitində zəngin bilik əldə etmələrinə əlverişli şərait yaranıb.

Əslində, xəstəxana, məktəb, mədəniyyət mərkəzi, internet infrastrukturu və digər sosial xidmətlər kəndlərin gələcəyini müəyyənləşdirən əsas amillərdir. İnsanlar təkcə iş üçün deyil, həm də həyat keyfiyyəti üçün yaşadıqları məkanı seçirlər. Buna görə də sosial infrastrukturun inkişafı urbanizasiyanın qarşısının alınmasının ən mühüm vasitələrindən biridir.

Bu məqamda onu da qeyd edək ki, dünyada baş verən son hadisələr ərzaq təhlükəsizliyi məsələsinin strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Pandemiya, geosiyasi qarşıdurmalar, logistika problemləri və iqlim dəyişiklikləri hər bir dövlətin öz daxili istehsal potensialını gücləndirmək zəruriliyini göstərdi.

Azərbaycanın kənd təsərrüfatı sahəsində həyata keçirdiyi siyasət də hazırda məhz bu məqsədə xidmət edir. Dövlət subsidiyaları, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, texnika təminatı və digər dəstək vasitələri kənd təsərrüfatının inkişafına ciddi təkan verir. Bu gün ölkədə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, meyvəçilik və heyvandarlıq sahələrində mühüm nailiyyətlər əldə edilir. Aqroparkların yaradılması müasir texnologiyaların tətbiqini getdikcə sürətləndirir və məhsuldarlığın yüksəlməsinə şərait yaradır.

Lakin ekspertlərin bildirdikləri kimi, mövcud nailiyyətlərlə kifayətlənmək təcrübədə yetərli sayılmır. Elə buna görə də hazırda kənd təsərrüfatına yeni təkan verilməsi həm məşğulluğun artırılması, həm də insanların torpağa bağlılığının gücləndirilməsi baxımından həyati əhəmiyyət daşıyır.

Torpaq – əzəli məskən

Azərbaycan kəndi yaşayış sahəsi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin, adət-ənənələrin və ailə institutunun qorunduğu məkandır. Bu baxımdan kəndlərin boşalması təkcə iqtisadi deyil, həm də sosial və mənəvi problemlər yarada bilər. Qeyd edək ki, əsrlər boyu Azərbaycan xalqının həyat tərzi torpaqla sıx bağlı olub. Əkinçilik, maldarlıq, bağçılıq və digər ənənəvi təsərrüfat sahələri xalqımızın yaşam mədəniyyətinin ayrılmaz hissəsi kimi daim diqqət çəkib. Məhz buna görə Prezident İlham Əliyev insanların öz dədə-baba torpaqlarında yaşamalarını və fəaliyyət göstərmələrini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirir. Bu yanaşma iqtisadi məqsədlərlə yanaşı, milli-mədəni dəyərlərin qorunmasına da xidmət edir.

Turizm və xidmət sektorunun inkişafı da kəndlərin yeni inkişaf imkanlarını genişləndirir. Çünki müasir dünyada kəndlərin inkişafı yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Kənd turizmi, ekoturizm, aqroturizm və müxtəlif xidmət sahələri aqrar sektorun yeni dayaqlarına çevrilir. Azərbaycanın zəngin təbiəti, milli mətbəxi, folkloru və tarixi-mədəni irsi bu istiqamətdə böyük potensial yaradır. Son illər Quba, Qusar, Şəki, Zaqatala, Qəbələ, Lerik, Astara və digər bölgələrdə kənd turizminin inkişafı bunun əyani sübutudur.

Turizmin inkişafı, eyni zamanda, kənd əhalisinin gəlirlərini artırmaqla yanaşı, yeni iş yerləri yaradır, yerli məhsulların satış imkanlarını genişləndirir və regionların iqtisadi fəallığını yüksəldir. Prezident İlham Əliyev çıxışında regionlarda xidmət sektorunun inkişafına xüsusi diqqət yetirməsi də məhz bu reallıqdan irəli gəlir. Bu baxımdan müasir kənd əkin-biçinlə bərabər, müxtəlif iqtisadi fəaliyyət növləri ilə də seçilməlidir.

Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın regional inkişaf siyasətinin ən parlaq nümunələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da “ağıllı” kənd konsepsiyasının tətbiqi kəndlərin gələcək inkişaf modelini formalaşdırır. Müasir infrastruktur, rəqəmsal idarəetmə, bərpaolunan enerji mənbələri, innovativ kənd təsərrüfatı texnologiyaları və yüksək sosial standartlar bu coğrafiyada tamamilə yeni yaşayış mühiti yaradır.

Bu model gələcəkdə digər bölgələr üçün də nümunə rolunu oynaya bilər. İnsanların rahat və təhlükəsiz yaşayışı üçün bütün şəraitin yaradılması şəhərdən kəndə qayıdış ideyasının reallaşmasına mühüm töhfə verəcək.

Kənddə şəhər rahatlığı

Azərbaycan artıq regionların inkişafı istiqamətində mühüm nəticələr əldə edib. Lakin qarşıdakı mərhələdə əsas məqsəd təkcə infrastruktur qurmaq deyil, həm də onun iqtisadi və sosial gücünü artırmaqdır. Bunun üçün aqrar sektorda innovasiyalar genişləndirilməli, rəqəmsal texnologiyalar tətbiq olunmalı, kənd sahibkarlığı təşviq edilməli, gənclərin kənd yerlərində işləməsi üçün əlavə stimullar yaradılmalıdır. Eyni zamanda, yaşayış məntəqələrində yüksək sürətli internet, elektron xidmətlər və müasir kommunikasiya imkanları daha da inkişaf etdirilməlidir.

Beləliklə, Prezident İlham Əliyevin kənd təsərrüfatı müşavirəsində səsləndirdiyi fikirlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini əks etdirir. Məqsəd yalnız kənd təsərrüfatının inkişafı olmaqla yanaşı, ölkədə balanslı məskunlaşma modelinin formalaşdırılması, regionların iqtisadi və sosial cəhətdən gücləndirilməsi, insanların doğma torpaqlarında firavan həyat sürmələrinin təmin edilməsidir.

Bu gün həyata keçirilən regional inkişaf proqramları, sosial infrastruktur layihələri, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və Qarabağda qurulan yeni yaşayış modeli göstərir ki, Azərbaycan urbanizasiya probleminin həlli istiqamətində özünəməxsus və uğurlu bir yol seçib. Şəhərdən kəndə qayıdış ideyası isə sadəcə demoqrafik proses deyil. Bu, milli iqtisadiyyatın dayanıqlılığını artıran, ərzaq təhlükəsizliyini möhkəmləndirən, regionları inkişaf etdirən və milli-mənəvi dəyərləri qoruyan strateji inkişaf konsepsiyasıdır. Məhz bu konsepsiyanın ardıcıl həyata keçirilməsi Azərbaycanın gələcək sosial-iqtisadi tərəqqisinin mühüm təminatlarından biri olacaq.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Azərbaycanın dayanıqlı və inklüziv inkişaf modelinin əsas sütunlarından biri regionlararası iqtisadi tarazlığın təmin edilməsidir. Paytaxt Bakı ilə ölkənin digər bölgələri arasında sosial-iqtisadi fərqlərin azaldılması təkcə iqtisadi məsələ deyil, həm də sosial ədalətin, milli təhlükəsizliyin və uzunmüddətli sabitliyin mühüm komponentidir. Bu baxımdan regional inkişaf siyasətinin dərinləşdirilməsi və yeni yanaşmaların tətbiqi aktuallığını daha da artırır.

Xatırladım ki, son 20 ildə həyata keçirilən regional inkişaf proqramları bu sahədə mühüm dönüş yaradıb. Son 10 ildən çox bir müddətdə dövlət proqramlarının həyata keçirilməsi nəticəsində regionlara 100 milyard manatdan artıq investisiya yönəldilib. Bu vəsait əsasən yol və nəqliyyat infrastrukturunun, sosial obyektlərin tikintisinə və enerji təminatının gücləndirilməsinə, eləcə də rabitə və internet şəbəkələrinin genişləndirilməsinə sərf olunub.

Bu layihələrin icrası nəticəsində regionların fiziki infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb. Lakin belə inkişaf daha çox “fiziki infrastruktur modeli” üzərində qurulduğundan iqtisadi aktivliyin dərinləşdirilməsi və yerli istehsalın stimullaşdırılması sahəsində istənilən nəticələr tam əldə olunmayıb. Buna görə də hazırda regional sənaye və innovasiya, habelə turizm klasterlərinin, hər regionun özünəməxsus üstünlüklərinə uyğun sənaye zonalarının yaradılması, aqrar bölgələrdə aqroparkların salınması qarşıya mühüm vəzifələr kimi qoyulub.

Bütün bunlarla yanaşı, yerlərdə fəaliyyət göstərən müəssisələrin vergi güzəştləri, subsidiyalar və aşağı faizli kreditlərlə əhatələnməsi, rəqəmsallaşmaya üstünlük verilməsi investorların regionlara yönəldilməsini sürətləndirməklə kəndə axın prosesində “böyük sıçrayış” imkanı yaradar. Bu zaman, şübhəsiz ki, peşə təhsili mərkəzləri və universitet filiallarının yaradılması, bununla da kadr çatışmazlığının aradan qaldırılması, yerli özünüidarəetmə qurumlarının gücləndirilməsi kimi məsələlərin gerçəkləşdirilməsi də zəruridir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat