Yaxud Rusiyanın Ermənistandakı 3-cü məğlubiyyətinə sözardı
Ermənistandakı seçki Rusiyanın ictimai-siyasi düşüncə industriyasının növbəti fatal məğlubiyyətidir. Özü də 3-cü məğlubiyyət. 2018, 2021-ci illər və indi. Görəsən, Rusiya niyə uduzur? Bu barədə söz açacaq, sadə həqiqətlər üzərində dayanacağıq. Hələlik isə...
Qərb üçüncü dəfədir ki, Ermənistan müstəvisindəki siyasi mübarizədən qalib ayrılır. Baş nazir Nikol Paşinyan iqtidarının hakimiyyətə gəlməsi ilə nəticələnmiş 2018-ci il inqilabı onun mütləq uğuru idisə, 2021-ci il qələbəsindəki rolu Rusiyanın özü oynamışdı. Bəli, məhz Rusiya. Nə qədər qəribə səslənsə də, reallıq budur.
2018-ci ildə Rusiyanın beyin mərkəzləri, loru dildə desək, seyidin cəddinə arxayın düşmənin cəzasını çəkmişdilər. 2018-2021-ci illərdəki Ermənistan–Rusiya münasibətlərinin axarı isə onu deməyə əsas vermişdi ki, ikinci birincini cəzalandırmaq niyyətindədir. Söhbət azmış uşağın yoluna qaytarılması məntiqindən gedir.
Əlbəttə, Rusiyanın sözügedən məntiqi işə salması Azərbaycanla bağlıdır. Ölkəmiz 44 günlük müharibədə Ermənistanı acınacaqlı məğlubiyyətə uğratdı. Rus düşüncə sistemi isə belə bir ideya ortaya atdı: bizdən uzaqlaşıb Qərbə sığınmasaydınız, məğlub olmayacaqdınız. Mövcud xüsusda erməni iqtidarı aşağılandı. Ancaq rus ictimai rəyi nəzərə almadı ki, hay iqtidarını seçən xalqdır. O xalq ki, Paşinyanı yüksək kürsüyə ruspərəst Qarabağ xuntasına nifrət etdiyi üçün gətirmişdi. Deməli, aşağılanan, eyni zamanda, erməni xalqı oldu.
Bəli, erməni xalqı özünə olan bu rəftardan bezdiyi üçün 2020-ci ildə müharibədə məğlubu olmuş Paşinyanı 2021-ci ildə də dəstəklədi. Bu dəfə aşağılamaq növbəsi Nikola çatdı. O, növbədənkənar seçki keçirib Rusiyaya, daha doğrusu, Rusiyanın Ermənistandakı boğazdanyuxarı populist qulbeçələrinə, saxta vətənpərvərlərinə yerlərini göstərdi.
Paşinyan 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla, Kremlin Ermənistana keçirdiyi Qarabağ boyunduruğunu ölkənin boğazından çıxartdı. Maraqlıdır ki, Moskva buna reaksiya vermədi, heç nə olmamış kimi davrandı. Çox güman, ümid etdi. Ümid etdiyinə görə də, Qarabağa Ruben Vardanyan kimi əlaltısını göndərdi. Bu yolla həm Qarabağ avantürasını saxlamağa, həm də tarixi təkrarlamağa çalışdı. Axı Ermənistanda hakimiyyətin “Qarabağ kartı” ilə ələ keçirilməsi “ənənəsi” olub. Söhbət 1998-ci ildə müharibə canisi, uşaq qatili Robert Koçaryanın prezident postuna yiyələnməsindən gedir.
Əlqərəz, Azərbaycan 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ üzərindəki faktiki hakimiyyəti bərpa etdi, bölgədəki separatçı rejimə son qoydu. Vardanyan və rejimin digər başbilənlərinin yolu hələ də məhbus həyatı yaşadıqları və yaşayacaqları Bakı həbsxanasına düşdü. Rusiyadakı solovyovlar və digər beyin qıcqırması keçirənlər isə erməni xalqını təhqir etməyə girişdilər. Rəsmi Moskvaya gəlincə, o, 2022-ci ili yada saldı və bəyan etdi ki, erməni iqtidarı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla səhvə yol vermişdi. Sanki tanımalı deyilmiş. Deməli, ayının min oyunu bir armudun başında imiş. Yəni Qarabağın.
Beləliklə, Rusiyanın ictimai rəyi 2021-ci ildə buraxdığı səhvi 2023-cü ildə də təkrarladı. Ona görə təkrarladı ki, erməni xalqının ayağa qalxıb Paşinyan iqtidarını devirəcəyinə ümid bəslədi. Ölkənin təbliğat maşınının başında dayananların Nikolu Qarabağı Azərbaycana satan qismində təqdim etmələri də bu ümiddən qaynaqlandı. Lakin Paşinyan və tərəfdarları boş dayanmadılar. Onlar 44 günlük müharibədəki məğlubiyyətə görə Moskvanı qınadıqları kimi, Qarabağın itirilməsinə görə də eyni addımı atdılar, üstəlik, Rusiyanın Ermənistanın təhlükəsizlik tələbatlarını ödəmədiyini qabartmağa başlayaraq, əslində, 2022-ci ildən start verdikləri xətti gücləndirdilər.
Ayrıca onu da deyək ki, erməni iqtidarının anti-Rusiya xətti özünü İrəvanın Kremlin hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə ziddiyyətləri fonunda göstərdi. Paşinyan hakimiyyəti KTMT-nin fəaliyyətini boykot etdi, qurumdakı üzvlüyünü dondurdu. Yeri gəlmişkən, həmin don hələ də açılmayıb...
Mahiyyət budur ki, Ermənistan 2018-ci ildən Rusiyanın aşağılayıcı rəftarına cavab verir. Klassik imperialist baxışa əsaslanmış rəftarın məqsədi isə ölkəni yenidən Kremlin orbitinə qaytarmaqdır. Yəni ötən müddətdə Rusiya Ermənistana özünün hegemon obrazını göstərmək istəyib və dolayısı ilə itaətə səsləyib. Hələ bu, azmış kimi, “bizsiz sizi məhv edərlər” mesajını da verib. Məhz bu səsləyiş və mesaj erməni cəmiyyətinin və sıravi hayların heysiyyatına toxunub.
Rusiyanın Ermənistanı Kremlin orbitinə qayıtmaq yönümlü çağırışlarının hamısında hayların vassal, imperiyanın sadiq qulları obrazı canlanıb. XXI əsr və belə bir baxış. Həqiqətən, yolverilməzdir. Ancaq daha acınacaqlısı Rusiyanın düşüncə sisteminin mövcud mahiyyəti dərk etməyəcək qədər iflic durumda olmasıdır.
Bəli, şantaj, aşağılayıcı rəftar və nalayiq münasibət Rusiya düşüncə sisteminin Ermənistanı “qonaq etdiyi” ənənəvi “məhsullar” olub. Moskva 7 iyun parlament seçkiləri ərəfəsində də eyni dəst-xətti qorudu. Bu dəfə hay elektoratı “Azərbaycan və Türkiyə təhlükəsi” ilə yanaşı, İrəvanın üzv olduğu Avrasiya İqtisadi İttifaqının Ermənistana faydalarının aradan qalxacağı ilə qorxuduldu. Ancaq bu ritorika tamamilə əks effekt yaratdı.
Diqqət yetirək, parlament seçkilərinə iki-üç ay qalmışadək, habelə 2026-cı ilin əvvəlinin hesablamalarına görə, Paşinyan iqtidarının reytinqi aşağı idi. Hətta bununla bağlı hakim komandada həyəcan təbili çalanlar da var idi. Doğrudur, Nikol və tərəfdarlarının aktiv seçkiqabağı təbliğat aparmaları öz sözünü dedi. Amma böyük ölçüdə, hazırkı erməni hakimiyyətinin 7 iyun seçkilərindəki qələbəsi onun anti-Rusiya köklənişi ilə bağlı oldu.
Bəli, Rusiya Paşinyan iqtidarına qarşı təbliğatı gücləndirdikcə, onun Ermənistandakı tərəfdarlarının reytinqi aşağı düşdü. Digər tərəfdən, Moskvanın Aİİ müstəvisindəki şantajları və həmin şantajlara cavablar, xüsusən, müstəqil Ermənistan dövlətçiliyi təbliğatı Nikolun nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi.
Yekun nəticə budur ki, Rusiyanın siyasi düşüncə industriyasının Ermənistan müstəvisindəki 3-cü, özü də fatal məğlubiyyətinin günahkarı elə həmin industriyanın özüdür. Ümumən, Rusiya ictimai rəyinin təmsilçiləri ölkələrini keçmiş SSRİ olaraq görməkdən uzaq durmalıdırlar. Uzaq durmalı və nəzərə almalıdır ki, postsovet məmləkətlərinin, o cümlədən Ermənistanın onlara heç bir borcu yoxdur. Məsələn, Rusiyada düşünməlidirlər ki, Ermənistan Qərbə yaxınlaşırsa, Avropa İttifaqına meyil göstərirsə, bu meylin qarşısını şantaj və Vladimir Solovyov kimi media tör-töküntülərinin təhqirləri ilə yox, əməli işlə almaq lazımdır.
Bu gün Rusiyanın dövlət telekanalında kimsə efirə çıxıb Ermənistana 500 xüsusi təyinatlı göndərib hakimiyyəti devirməkdən danışırsa, əlbəttə, bu, əməli iş yox, xalis sərsəmlikdir. Əməli iş, ilk növbədə, bərabərtərəfli, qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin qurulmasından, hansısa dominant mövqeyə iddia etməməkdən keçir. Rusiyaya belə yanaşma hakim kəsilməyənədək, ölkə hələ çox məğlubiyyətlərlə üzləşəcək.
Ə.CAHANGİROĞLU
XQ

