Zəngilanlı gənc 9 xarici universitetdən qəbul xəbəri alıb

post-img

Böyük Qayıdış proqramı çərçivəsində doğma Zəngilana dönmüş və Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunmuş Yaqub Yaqubovun ailəsi bugünlərdə daha bir xoş hadisə ilə üzləşib. Bu sevinci isə onlara ailənin oğul övladı Yusif Yaqubov yaşadıb.

Yusif bu yaxınlarda keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərərək ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və ölkəmizin bir sıra digər ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ qazanıb. O, həmçinin Böyük Britaniyanın Edinburq Universiteti, Çinin “Şanxay Jiao Tong” Universiteti və Harbin Texnologiya İnstitutu, Cənubi Koreyanın Seul Milli Universiteti, Türkiyənin Bilkent, Sabancı və Koç universitetləri, eləcə də ABŞ-ın Arizona Dövlət Universiteti və “Peys” Universitetində də təhsil almaq imkanı əldə edib. Qəbul olduğu ali məktəblərdən ona müxtəlif məbləğlərdə təqaüdlər də təklif olunub.

Yusif Yaqubov Bakı şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil alıb. O, dəfələrlə riyaziyyat üzrə respublika fənn olimpiadalarının qalibi olub.

SAT imtahanından 1560, IELTS imtahanından isə 7.0 bal toplayan Yusiflə görüşdük. O, uşaqlıqdan maraq göstərdiyi riyaziyyat sahəsində inkişaf etmək istədiyini bildirdi. Dedi ki, həm təhsil almaq, həm də yeni mühitlə tanış olmaq üçün Böyük Britaniyanın Edinburq Universitetini seçməyi düşünür. Yusif yaxın günlərdə xaricdə təhsil almaq məqsədilə Dövlət Proqramına müraciət etməyi planlaşdırır.

Gənc istedadın əsas arzusu riyaziyyat elmini beynəlxalq səviyyədə inkişaf etdirmək, gələcəkdə Azərbaycanda dünya səviyyəli təhsil mərkəzi açaraq gənclərə elmi biliklər aşılamaqdır.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat