Dünən güləş yarışlarında daha 3 çəkidə mübarizəyə start verilib.
Yunan-Roma güləşçilərimizdən Sənan Süleymanov (77 kq) xalçaya çıxıb. Dünya çempionatlarının 2 qat gümüş mükafatçısı 1/8 finalda Aik Mnatsakanyanla (Bolqarıstan) güləşib. İdmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq, xalçaya qayıdaraq inamlı qələbə qazanıb – 2:0. Güləşçimiz 1/4 finalda macarıstanlı Zoltan Levai ilə qüvvəsini sınayıb. Sənan bu dueli də aktivinə yazıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşsa da, güləşçimiz sonuncu xal prinsipinə əsasən adını yarımfinala yazdırıb. Sənan Süleymanov final uğrunda qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşıb. Rəqibinə 1:6 hesabı ilə uduzan güləşçimiz bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Qadın güləşində bir kateqoriyada ilk qarşılaşmalar keçirilib. Azərbaycanın bu növdəki yeganə təmsilçisi Mariya Stadnik (50 kq) özünün 5-ci olimpiadasında mübarizə aparıb. Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc mükafatçısı ilk görüşdə rəqibi Anastasiya Blavyası (Almaniya) məğlub edib. Təmsilçimiz 2-ci qarşılaşmasında Otqonjarqal Dolqorjavla (Monqolustan) güləşib. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb və xalların keyfiyyətinə görə rəqib mərhələ adlayıb.
Yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) isə bürünc medal uğrunda mübarizə aparıb. Qeyd edək ki, estoniyalı Heiki Nabi və qazax Alımxan Sızdıkov (Qazaxıstan) üzərində də qələbə qazansa da, yarımfinal səddini keçə bilməyib. Son 4 Olimpiya Oyunlarının qalibi kubalı Mixain Lopes onu məğlub edib. Dünən bürünc medal uğrunda mübarizədə Şəriəti Amin Mirzəzadə (İran) ilə qarşılaşıb. İdmançımız rəqibinə məğlub olaraq medalsız qalıb.
Əlavə edək ki, indiyədək komandamızın aktivində 3 medal var. Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə, ən azı, gümüş medalı təmin edib.