Onlar türk atlarının dölüdür
Bəri başdan yazaq ki, müharibələr təkcə vuruşan tərəflərin ordusuna, iqtisadiyyatına və insanların rifahına ziyan vurmur, həm də uduzan tərəfin təbii sərvətlərinin ələ keçirilməsi, bir çox nailiyyətlərinin mənimsənilməsi kimi heç zaman unudulmayacaq izlər buraxır. Elə bu yazıda haqqında söz açdığımız Don kazak atları da Çar Rusiyasının işğalçılıq müharibəsi illərində Orta Asiya və Zaqafqaziyadan gətirilmiş seçmə at cinslərindən törədilmişdir.
... Bu yaxınlarda Rusiya elektron mətbuatında belə bir fikirlə rastlaşdım: “Don kazak (çöl) atlarının sayının dözülməz dərəcədə azalmasının əsas səbəbi bolşeviklərin 1917-25-ci illərdəki məsuliyyətsizliyi olmuşdu. Halbuki, ölkənin görkəmli atçılıq mütəxəssisi, general-mayor Aleksandr Fyodoroviç Qruşetski ( 1854 – 1917) bu atların artırılması və növün təkmilləşdirilməsi istiqamətində misilsiz addımlar atmışdı”.
Əlavə edək ki, mövcudluğu müharibələr üstündə qurulan Çar Rusiyasının ordusunu atlı dəstələrsiz təsəvvür etmək mümkün deyildi və bu sahənin inkişaf etdirilməsi ilə alimlərlə yanaşı, hərbçilərin də məşğul olması tamamilə təbii idi.
Bəs Aleksandr Qruşetskinin Rusiya Ordusundakı üst miniş atlarının (yəni arabaya qoşulmadan, yəhərlə minilən) xarakteristikasını verərkən nələri xatırlatmışdır? Bu hərbçi zabit Don atlarını əvvəlcə hun atlarının törəmələri adlandırsa da, sonradan həmin faktı daha yaxın tarixlərlə əlaqələndirmişdir. Onu da əlavə edək ki, Sovet dönəmində SSRİ-də geniş yayılan atçılıq zavodlarının təməlini də məhz bu general qoymuş, həmin müəssisələrə zavod adının verilməsi də onun təşəbbüsü olmuşdur.
Üst miniş atları barədə danışarkən xatırladaq ki, qədim yunanlar və romalılar döyüş atlarının üstünə minmir, müharibəyə atlara qoşulmuş kiçik arabalarla gedirdilər. Bu variantdan qladiatorlar daha çox istifadə edirdilər. Elə avropalıların kentavr əfsanələri də at üstündəki qədim türkləri görəndən sonra yaranmışdı.
Aleksandr Qruşetski yazır ki, Don kazak (çöl) atları XVIII – XIX əsrlərdə indiki Rusiyanın Rostov vilayətində başqa ölkələrdən gətirilmiş atların cütləşdirilməsi nəticəsində ərsəyə gətirilmişdir.
Qruşetskinin “1910-cu il – Moskva Ümumrusiya atçılıq sərgisi albomu”nda nəşr edilmiş “Don ətrafı atlar” adlı məqaləsində qeyd edilir: “Türk müharibələri dövründə hərbi qənimət kimi ələ keçirilmiş Şərq atları (türk, fars, Qarabağ (bu nasist Azərbaycanın adını çəkməkdən nə üçün qorxursa mən anlamadım – İ.M.) və Türkmənistan atlarının həm özləri, həm də onları yetişdirənlər Rusiyaya gətirilmiş, Don kazak atlarının formalaşdırılması təmin edilmişdir”.
Aleksandr Qruşetski yazır:
“Volqa çayı qədim köçəri hunların qalıqları (nə üçün indiki nəsli yox, məhz qalıqları? – İ.M.) olan qırğızları və kalmıkları iki hissəyə ayırmışdı. Bizim şöhrət qazanmış Şərqi çöl atlarımız həmin köçərilərin atlarından törəmişdir. Volqanın sol sahillərində kiçik boylu, sıx tüklü və nisbətən kobud görkəmli sürətli qırğız atları daha çox idisə, sağ sahillərdə hündür boylu, zərif, insanlarla ünsiyyət qura bilən, mehriban kalmık atları daha çox sevilirdi. Don kazak (çöl) atları məhz belə bir mühitdə formalaşdırılmışdır.
İttifaq MİRZƏBƏYLİ