Qaynar bulaqlı, qızıl taclı Kəlbəcərim!

post-img

Mən Kəlbəcəri görməmişəm. Amma onu hiss etmişəm. Mən kəlbəcər­li deyiləm, lakin işğal illərində Kəlbəcər üçün yanıb-qovrulanlardanam. Mən Kəlbəcəri Məmməd Aslanın Kəlbəcər sevgisindən duyğulanaraq sev­dim. Düz 27 il Kəlbəcər dedikdə bir qaya üstündə oturaraq dalğın və nis­gilli baxışları ilə işğal altında olan Kəlbəcər dağlarını seyr edərək için-için yanan Məmməd Aslan, bir də bir körpəsini kürəyinə sarıyan, ayağıyalın, başıaçıq, canını götürüb qaçan Kəlbəcər qaçqını analar gəlirdi gözlərim önünə. 

Məmməd Aslan 20 Yanvara həsr etdi­yi “Ağla, qərənfil, ağla” şeirini yazanda bizi gözləyən faciələrdən hələ xəbərsiz idi. Xəbərsiz idi, lakin şair qəlbi artıq necə bir faciələr yaşayacağımızı hiss edirdi.

Vətəndə vətənsiz qalmaq özgə bir dərddir. Haqlı olduğun halda haqsız duru­ma düşmək, bütün dünyanın səni bu haq­sızlıqla barışmağa məcbur etməsi, başda oturanların milli mənlikdən uzaq olması, hələ saymadığım bu kimi onlarla səbəb üzündən ötən əsrin 90-cı illərində nəinki Qarabağ, Qarabağa daxil olmayan bir çox yaşayış yerlərimiz, o cümlədən Kəlbəcər işğal olundu.

Rusiya mənbələrinə görə, Ermənis­tanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya ordusu) dağ qoşunları Kəlbəcəri ildırımsürətli əməliyyat ilə işğal etdi. Dörd istiqamətdə hücum edən erməni qüvvələ­ri Kəlbəcər döyüşündə 1900 kvadratkilo­metrdən çox ərazini ələ keçirdi. Bununla da Ermənistan Dağlıq Qarabağa yardım göndərmək üçün ikinci “dəhliz” açdı. İş­ğal zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqla­rından qovulub.

İşğal nəticəsində Kəlbəcərdə 130 ya­şayış məntəqəsi ermənilərin nəzarətinə keçib. Bunları nəinki yazmaq, düşünmək belə ağır idi, müzəffər ordumuz 2020-ci ilin noyabrında Kəlbəcərdə Azərbaycan bayrağını dalğalandırana kimi. Ermənista­nın məğlubiyyətinin təsdiqi olan 10 noyabr 2020-ci il Azərbaycan, Rusiya prezidentlə­ri və Ermənistanın baş nazirinin imzaladı­ğı üçtərəfli Bəyanatda Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Dövlətimizin baş­çısı, Silahlı Qüvvələrin Ali Baş Komanda­nı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciət etdi.

Yenə çiçək fəslidir...

O gün Murova azadlıq günəşi doğdu, Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqın kimi məs­kunlaşan kəlbəcərlilər bu günəşin istisinə sığınmağa can atdılar, ekran qarşısında doğma Kəlbəcəri tərk edən düşmən eşe­lonunu təkcə kəlbəcərlilər deyil, bütün Azərbaycan xalqı sevinc göz yaşları ilə izlədilər. Kəlbəcər dağlarının ən hündür zirvələri – Camışdağ (3724 m) və Dəlidağ da (3616 m) bu günəşin zərrin şəfəqlərinə büründü.

Sanki, bir möcüzə baş vermişdi. Kəlbə­cəri tərk edən ermənilər rüsvayçı hərəkət­ləri və barbar davranışları ilə diqqəti cəlb etdilər. Ermənilər evlərə, digər tikililərə od vurur, elektrik yarımstansiyalarını, resto­ranları, bir sözlə, yararlı nə varsa hamısını talayıb dağıdır, evlərə, bağlara od vurub yandırır, öz vəhşi, dağıdıcı xislətlərini nü­mayiş etdirirdilər. İşğal olunmuş ərazilər­də ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq kon­vensiyalara görə hərbi cinayət sayılır. Er­mənistan tərəfi törətdiyi bütün cinayətlərə görə mütləq cavab verəcəkdir.

Ana torpaq rahat nəfəs aldı, dağların əzəməti, qüruru yerinə qayıtdı, işğalçının izini təmizləmək, torpağa məlhəm olmaq üçün ağappaq-bəmbəyaz qar yağdı, Murov öz sərtliyini gizlətdi, Tərtər çayı çağla­yıb-daşdı. Üzü qışa doğru olduğu üçün quşlar göydə qıy vuraraq qanad çalmağı yaza qədər gözləməli oldu. Altı da, üstü də sərvət olan Kəlbəcər, o dağlar gözəlinin çəmənləri, yaylaları gül bitirdi, bənövşə ət­rinə büründü. Bu bənövşəni mərhum şair Məmməd Aslan çox axtarmışdı, lakin bən­zərini tapmamışdı. Çünki şair tapdığı bə­növşələrdə Kəlbəcər dağlarının ətrini duya bilməmişdi.

İnsan torpağı gözəlliyinə görə deyil, məhz Vətən olduğuna görə sevir. Kəlbəcər həm qeyri-adi relyefə, həm də sərvətlərə və gözəlliyə malikdir. Buranın ən qədim insan məskəni olmasını arxeoloqlar çoxdan təs­diq ediblər. 1976-cı ildə Kəlbəcər qaya təs­virlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Bura ilk insan məskəni olub. Kəlbəcərin dağ-çəmən və qonur dağ-meşə torpaqları bura gələnləri heyran edir.

Bu gün əgər Fransa kimi bir ölkə bizə qarşı kin qusursa, işğalçını açıq-aşkar müdafiə edərək torpaqlarımızı azad etmə­yimizlə barışmırsa, bu gözəlliklərdə, bu sərvətdə ağzının dadı qalmasındadır. Kəl­bəcərdə isə şair demişkən, “Yenə çiçək fəs­lidir, hava gül nəfəslidir”.

Açılmamış xəzinə

Kəlbəcərin təsviri hər zaman belə olub: “Kəlbəcər başdan-başa açılmamış bir xəzinədir”. Ötən əsrin 70-ci illərində dağların zirvəsində yerləşən Kəlbəcəri müxtəlif bəhanələrlə düzən yerlərə köçür­mək istəyiblər. Ulu öndər Heydər Əliyev bu köçürmə planının həyata keçirilməsinə mane olub. Düşmənin hər zaman bu qədim Oğuz yurdu haqqında məkrli planları olub və bu planları yerinə yetirmək üçün za­man-zaman cəhdlər göstərib. Ermənistan 1993-cü ildə işğal nəticəsində buna nail oldu və təbii sərvətlərimizi Fransa şirkətlə­rinin iştirakı ilə talamağa başladı. Bu talan düz 27 il davam etdi. Obsidian, travertin, mərmər, bazalt, tuf, qabbro, gümüş, xrom, mis, tellur, selen, bir sözlə, Mendeleyev cədvəlinin ən nadir elementləri olan yataq­lar rayon ərazisindəki qiymətli yataqların, sadəcə, bir qismidir.

Göyçə silsiləsinin suayrıcında, Misqay­naq dağının yamaclarında yerləşən Söyüd­lü (Zod) və ehtiyatları 13 tondan çox olan “Ağduzdağ” və “Tutxun” kimi qızıl yataq­ları vəhşicəsinə talandı. Bu gün Kəlbəcər torpağı azad nəfəs alır. İstismar nəticəsində çirklənən təbiət tullantılardan təmizlənir. Bu yataqlardan istifadə olunacaq, lakin tə­biətin qorunmasına dair beynəlxalq tələb­lərə əməl edilərək, gələcək nəsillər nəzərə alınaraq. Bu qiymətli yataqların yerləşdiyi dağ silsilələrinin təbii halı qorunaraq, o gözəlliyə gözəllik qatılaraq, əvəzsiz fauna və floranın qeydinə qalaraq. Çünki bizlər bu yerlərin əzəli və əbədi sahibləriyik.

Qızıllı qayalar, qaynar çeşmələr

Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarından təbiətin Kəlbəcərə bəxş et­diyi min bir nemətdən biri – dirilik suyu – İSTİSU axır. Mərhum akademik Mirəli Qaşqay İstisu haqqında demişdi: “...Kəl­bəcər rayonundakı İstisu mineral su bula­ğı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının eynidir və bəzi xüsusiyyətlə­rinə görə dünyada yeganədir”.

İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr su litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kim­yəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mən­bələrindən hər il 3 milyard 963 mln. litr su çıxır.

İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı əmələ gəlmişdir. Bu su hipertermal, karbon qazlı, hidrokarbo­natlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bu­laqdan ibarətdir.

Mənəvi xəzinə

Saydığım və saymadığım bitib-tükən­məyən təbiət gözəllikləri Kəlbəcəri həm də mənəvi bir xəzinəyə çevirmişdi. İnsan bu gözəlliklərin içərisində yaşayaraq necə şair olmaya bilərdi. Aşıq Ələsgər bu dağ­larda kamala çatmışdı, Ağdabanlı Aşıq Qurban bu dağlardan ilham almışdı, Aşıq Şəmşir bu dağlarda meydanlar yormuşdu. Məmməd Aslan bu dağların həsrətinə dözə bilmədi. Məmməd Aslan yazırdı: “Qayıt­maz o Kəlbəcər, qayıtsa yüz Kəlbəcər”. Heyif səndən şair, heyif ki, bu günləri gör­mədin. İgid döyüşçülərimiz sənin arzula­dığın “O Kəlbəcəri” qaytardılar.

Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Toğanalı-Kəlbə­cər avtomobil yolu üzərində Murov dağın­da inşa olunan 11.6 kilometrlik avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə iş­lərin 87 faizi icra olunub. Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən 3,4 kilo­metr uzunluğunda tunelin inşası başa çat­maq üzrədir. Bəli, bu dağların bağrı yarılır, oradan tunellər çəkilir, fantastik layihələr həyata keçirilir. Bu yollar rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Fikrimi Prezident İlham Əliyevin de­diyi sözlərlə tamamlayıram: “Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq”.

Elmira MEHDİYEVA



Sosial həyat