Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş “Elmin zamanla sınanmış dəyəri” adlı respublika elmi konfransı keçirilib

post-img

Naxçıvan Dövlət Universitetində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş “Elmin zamanla sınanmış dəyəri” adlı respublika elmi konfransı keçirilib.

Bu haqda XQ-yə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfrans iştirakçıları əvvəlcə  Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində təşkil edilmiş “Akademik Yusif Məmmədəliyev” adlı guşə və universitetin İnnovasiya Mərkəzində açılan “Akademik Yusif Məmmədəliyev – 120”  adlı sərgi ilə tanış olublar.

Konfransın açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra universitet televiziyası tərəfindən hazırlanmış “Akademik Yusif Məmmədəliyev – 120” adlı videoçarx nümayiş olunub.  

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin 120 illik yubileyinin respublikamızın bütün elm-təhsil müəssisələrində qeyd olunduğunu, eləcə də  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, həmçinin Naxçıvan Dövlət Universitetinin hazırladığı müvafiq Tədbirlər Planına uyğun olaraq, akademik Yusif Məmmədəliyevin elmi irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif tədbirlərin icra olunduğunu qeyd edib. 

Vurğulanıb ki, bu gün keçirilən konfrans həmin Tədbirlər Planının icrası və Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzələrin nəşrindən ibarətdir. 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Elmin yüksəlişinə aparan yol: Yusif Məmmədəliyev və AMEA” mövzusundakı çıxışında bildirib ki, Azərbaycan elmində, ictimai-siyasi həyatında çox fəal olan Yusif Məmmədəliyevin adı yüksək qiymətləndirilir. Qeyd edib ki, Yusif Məmmədəliyev bütün elmi fəaliyyətini neft və qazın öyrənilməsinə həsr edib. Yaşadığı dövr üçün apardığı təqdiqatlar birmənalı olaraq SSRİ-də və SSRİ-dən kənarda dəyərləndirib. 

Sonra ETN Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev “Azərbaycanda kimya elminin banisi kimi Yusif Məmmədəliyevin yeri”, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov “Akademik Yusif Məmmədəliyevin həyatı: elmə həsr edilmiş ömür”, Mingəçevir Dövlət Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Adil Aslanov, Naxçıvan Dövlət Universitetinin YAP ərazi təşkilatının sədri, dosent Bəhruz Məmmədov “Neft-kimya sənayesinin modernləşməsinə Yusif Məmmədəliyev ideyalarının təsiri”, ETN Təbii Ehtiyatlar İnstitutunun Filiz və qeyri-filiz yataqları laboratoriyasının müdiri, dosent Aliyə Rzayeva “Müharibə illərində elmi fəaliyyət: Yusif Məmmədəliyevin fövqəladə xidmətləri” mövzusunda çıxış ediblər.

Sonra akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş, gənc alimlər arasında keçirilən “Yusif Məmmədəliyev – Azərbaycan elminin zirvəsi” mövzusunda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Konfrans işini 2 salon, 4 panel üzrə üz-üzə və onlayn formatda bölmə iclasları ilə davam etdirib. Bölmələrdə respublikanın 21 müxtəlif elm və təhsil müəssiələr üzrə 60-dan çox məruzə dinlənilib.

 















Sosial həyat