Azərbaycan–İordaniya əməkdaşlığında yeni səhifə

post-img

İqtisadi razılaşmaların önəmli hədəfləri

Bakıda Azərbaycan ilə İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra iki ölkə münasibətlərində yeni səhifə açan sənədlər imzalandı. Paytax­tın diplomatik enerjisini artıran bu görüş tərəflərin qarşılıqlı etimada əsasla­nan əməkdaşlığı genişləndirmək niyyətini bir daha nümayiş etdirdi.

Elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrini əhatə edən 2025–2027-ci illər üzrə İcraedici Əməkdaşlıq Proqramı da razılaşdırıldı. Bu sənəd iki ölkə arasında humanitar əlaqələrin genişlənməsinə geniş imkan yaradır. Tərəflər yalnız sosial-hu­manitar istiqamətlərlə kifayətlənmədi. Dövlətlərarası münasibətlərin institusional bazasını gücləndirən əlavə razılaşmalar da imzalandı. Azərbaycan və İordaniya ara­sında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım barədə Saziş bu sahədə prosedurların daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə zəmin yaradır.

Ümumiyyətlə, Azərbaycan ilə İorda­niya arasında ikitərəfli görüşlər və işgüzar təmaslar iqtisadi, ticarət, turizm, mədəniy­yət, təhsil və digər sahələrdə əməkdaşlı­ğı zənginləşdirib. 30 ilə yaxın dostluq və etimada əsaslanan münasibətlər bu dina­mik əməkdaşlığın yeni üfüqlərini açır. Azərbaycan–İordaniya ticarət dövriyyəsi son illərdə müsbət dinamika ilə seçilir. 2019-cu ildə ümumi ticarət həcmi 6,4 mil­yon ABŞ dolları səviyyəsində olub, sonra 2020-2021-ci illərdə 3,4 milyon dollara qədər azalıb, 2022-ci ildə yenidən 4,9 mil­yon dollara yüksəlib. Maraqlıdır ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi artıq 7,4 milyon dollara çata­raq əhəmiyyətli artım göstərib. Ticarət göstəricilərinə görə, bu əlaqələrdə Azər­baycanın idxalı kəskin üstünlük təşkil edir. Məsələn, 2022-ci ildə Azərbaycanın İordaniyaya ixracı cəmi 252,99 min dol­lar olarkən, idxal 4,6 milyon dollar təşkil edib.

İqtisadi profilə görə, Azərbaycanın ix­racında əsas pay kənd təsərrüfatı və ərzaq məhsullarının payına düşür, İordaniyadan isə əsasən dərman preparatları və sənaye malları idxal edilir. Ümumilikdə, iqtisa­diyyat naziri bildirmişdir ki, Azərbaycan məhsullarının İordaniya bazarındakı rəqa­bət qabiliyyəti artır, eyni zamanda, İor­daniya dərman və sənaye məhsullarının ixracında fəallıq göstərir. Bu da iki ölkə­nin ticarət əlaqələrinin strukturunda kənd təsərrüfatı – qida və sənaye sektorlarının aktual olduğunu göstərir.

Enerji sahəsi Azərbaycan ilə İordani­ya arasında perspektivli əməkdaşlıq is­tiqamətlərindən biridir. Tarixi baxımdan da tərəflər neft və qaz sahəsində əmək­daşlıq imkanlarını genişləndirir. Belə ki, 2011-ci ildə imzalanan iqtisadi protokol çərçivəsində Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Azərbaycan neftinin İor­daniyaya çatdırılması müzakirə olunub. Həmin razılaşma Azərbaycan xam nefti­nin Türkiyə Ceyhan limanından tanker­lərlə İordaniyaya nəqlini nəzərdə tuturdu. O cümlədən 2009-cu ildə imzalanmış me­morandumda İordaniyanın hər il təxminən 1 milyard kubmetr Azərbaycan qazını idxal etmək niyyəti də öz əksini tapıb.

Hazırda regionda qaz kəmərlərinin bərpası da gündəmdədir. Məsələn, Suriya­da Türkiyə ilə birləşən qaz kəməri bərpa edilib və bu, Azərbaycan qazının Suriya və İordaniyaya nəqlinə imkan verə bilər. Belə ki, Suriyanın qaz boru infrastrukturu bərpa olunduqdan sonra Azərbaycan qa­zının İordaniyaya nəql olunması real ola­caq və bununla yanaşı, qaz Misir, Livan və digər ölkələrə də yönəldilə bilər. Əlavə olaraq, hər iki ölkə alternativ enerji mən­bələri (günəş, külək energetikası və s.) sahəsində birgə layihələri araşdırır. Enerji diplomatiyasının bu yönümü yaxın gələ­cəkdə İordaniya ilə əməkdaşlığın daha da dərinləşə biləcəyini göstərir.

Kənd təsərrüfatı sahəsində əməkdaş­lıq da önəmli vəsaitlərdən biridir. Azər­baycan tərəfi fermerlərə göstərilən dövlət dəstəyi və aqrar sahədəki təcrübəsini İor­daniyaya ötürməyə maraqlıdır. Məsələn, kənd təsərrüfatı naziri Məcnun Məmmə­dovun 2024-cü ilin dekabrında Əmmanda keçirdiyi görüşdə aqrar sektor üzrə qa­nunvericilik bazasının təkmilləşdirilmə­si, birgə işçi qrupun yaradılması və kənd təsərrüfatı – ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə olunub. Razılaşmaya əsasən, İordaniya sahibkarlarının Azərbaycanda keçirilən “Caspian Agro” sərgisində işti­rakı nəzərdə tutulur, bu da tərəflər arasın­da aqrar əlaqələri genişləndirməyə xidmət edir.

Ümumilikdə, hökumətlərarası komis­siya çərçivəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi məsələləri diqqət mərkə­zində saxlanılır. Rəsmi məlumatlara görə, iki ölkə tərəfləri bu sahədə tərəfdaşlığı gücləndirməyə böyük potensial görürlər. Belə ki, Bakıda keçirilən 4-cü komissiya iclasında da kənd təsərrüfatı və qida təh­lükəsizliyi sahəsində əməkdaşlıq pers­pektivləri vurğulanıb. Hazırda tərəflər aqrar-ticarət əlaqələrini genişləndirmək, texniki biliklər mübadiləsi aparmaq və ərzaq təhlükəsizliyinə birgə yanaşmalar formalaşdırmaq üçün addımlar atır.

Turist axınına gəldikdə, rəsmi məlu­matlara görə, İordaniyaya azərbaycanlı­ların marağı ildən-ilə artır. İordaniyanın Azərbaycandakı səfiri N.Habaşneh bildi­rir ki, hər il təxminən 2 minə yaxın Azər­baycan vətəndaşı İordaniyaya turizm səfə­ri edir. Ümumiyyətlə, hər iki tərəf turizm sahəsində əlaqələri genişləndirmək üçün iqlimə uyğun paket turlar, birbaşa səyahət marşrutları və viza rejiminin sadələşdiril­məsini müzakirə edir. Məsələn, 2022-ci ildə İordaniyanın paytaxtında keçirilən Beynəlxalq Sağlamlıq Turizmi Forumun­da Azərbaycan iştirakçılarla uzunmüddət­li əməkdaşlıq memorandumu imzalamış, ölkələr turizm potensialını təqdim etmiş­lər. Bu kimi təşəbbüslər turizm sahəsində əlaqələri gücləndirməyə xidmət edir.

Hər iki ölkə rəhbərliyi investisiya sahə­sində yeni imkanların açılmasını üstünlük sayır. Azərbaycan tərəfi sənaye və kənd təsərrüfatı layihələri üçün təşviqedici təd­birlər nəzərdə tutub, İordaniya isə, öz növ­bəsində, Azərbaycana kənd təsərrüfatı və sənaye məhsulları ixracını artırmaqla bağ­lı addımlar atmaqdadır. Yaradılan ümumi platforma iki ölkə arasında investisiya mübadiləsini də sürətləndirir. Komissiya iclasında da Azərbaycana investisiya qo­yuluşlarının artırılması və işgüzar əlaqələ­rin genişləndirilməsi prioritet məsələlər kimi vurğulanıb. Beləliklə, hər iki dövlət biznes icmalarını və investorlardan ibarət qurumları ticarət əlaqələrini dərinləşdir­məyə çağırır.

Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Son zamanlar Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələri əhatə edən əmək­daşlıq üzrə görüşlərin daha da intensivləş­diyinin şahidiyik. 15 noyabr 2024-cü ildə energetika naziri Pərviz Şahbazov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində İordaniyanın energetika və mineral ehtiyatlar naziri Saleh Əl-Xarab­şeh ilə görüşmüşdür. 4 dekabr 2024-cü il tarixində İordaniya Haşimilər Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ömər Bərəkət Əl-Nahar kənd təsər­rüfatı naziri Məcnun Məmmədov ilə görüş keçirmişdir.

28 iyul 2025-ci ildə şəhərsalma sahəsin­də iki ölkə arasında tərəfdaşlıq məsələləri müzakirə edilib. İordaniyanın Azərbay­candakı səfiri Ömər Bərəkət Əl-Nahar 3 sentyabr 2025-ci il tarixində Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşüb və iki ölkə arasında ikitərəfli əməkdaşlıq imkanla­rı müzakirə edilib. Yəni ali səviyyədə oldu­ğu qədər parlament səviyyəsində, qurumlar arasında da münasibətlər uğurla inkişaf edir. Hər iki tərəf bu inkişafda maraqlı olmaqla yanaşı, əməli addımlar atılır.

30 ildən artıqdır ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə davam edir. İndi isə təkcə Azərbaycanın deyil, bütövlük­də Cənubi Qafqazın iqtisadi və siyasi xə­ritəsi yenidən dəyişdiyindən və Azərbaycan regionda əsas aktor olduğundan, nəqliyyat və kommunikasiyaların mərkəzində yerləş­diyindən İordaniya kimi iqtisadi potensialı son dərəcə zəngin olan bir ölkə Azərbay­canla münasibətləri bir üst səviyyəyə qaldır­maqda maraqlıdır. Şübhəsiz ki, bu işdə Hö­kumətlərarası Komissiya son dərəcə önəmli platformadır.

23 noyabr 2007-ci il tarixində yaradılan Komissiyanın bu dəfə keçirilən IV iclası əvvəlki təşəbbüsləri irəli aparmaq, eyni za­manda, yeni əməkdaşlıq sahələrini genişlən­dirmək üçün mühüm mərhələ olaraq dəyər­ləndirilir. Azərbaycan MDB məkanında da önəmli aktordur. Məhz buna görədir ki, İor­daniya Azərbaycana MDB ölkələri bazarla­rına çıxış üçün strateji platforma kimi baxır. MDB məkanında heç bir iqtisadi iştirakı olmayan İordaniya Azərbaycana mühüm tərəfdaş kimi yanaşır.

Burada önəmli olan amil etibar və eti­mad amilidir ki, Azərbaycan həm yürütdüyü xarici siyasətlə, həm də reallaşdırılan la­yihələrdə göstərdiyi mövqe, nümayiş etdir­diyi yanaşma ilə özünə son dərəcə güvənli bir obraz biçməyi bacarıb. Həm də regional yaxınlıq, tarixi əlaqələr önəmli amildir. Belə ki, MDB məkanının hər mənada dilini bilən tərəf Azərabaycandır. Bu baxımdan obrazlı şəkildə ifadə etsək, Azərbaycan tərəflər ara­sında yaxşı “tərcüməçi” ola bilər.

Komissiyanın fəaliyyət dairəsi ticarət, iqtisadi və texniki əməkdaşlıq olmaqla ol­duqca genişdir ki, sayca dördüncü iclasının keçirilməsi mövcud geosiyasi və geoiqtisa­di reallıqda mühüm əhəmiyyətə malikdir. Azərbaycanın xarici siyasət sədası, yeni­dənqurma təcrübəsi, enerji resursları artıq Yaxın Şərqdən eşidilir. Azərbaycan İordani­ya üçün regionda əsas aktor olmaqla yanaşı, qarşılıqlı olaraq İordaniya da Azərbaycanın biznes dairələri üçün Yaxın Şərqdə mühüm qapıdır.

Məhz bu məsələlər Komissiyanın bu­dəfəki iclasında bir daha xüsusilə vurğu­landı. Zəngəzur Dəhlizi dünyanın diqqətini Azərbaycana, regiona cəlb edir. Buna Azər­baycan nail olub ki, regionun iqtisadi poten­sialını maksimum üzə çıxarsın. Yaxın Şərq və Şimali Afrika kontekstindən baxdığımız zaman Dəhliz Körfəz ölkələri, İsrail və ərəb tərəfdaşları ilə münasibətlərdə nəzərə alına bilən başqa bir təsir oxu təklif edir ki, bu ox da Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Şərqi Aralıq dənizini birləşdirir. Yəni Dəhliz dünyanı regiona, regionu da dünyanın iqti­sadi toruna bağlayır.

İordaniya ilə Azərbaycan arasında bu vaxtadək imzalanmış sənəd sayının 40-dan çox olduğunu nəzərə alsaq, deməli, əmək­daşlığın inkişafı üçün güclü hüquqi zəmin də mövcuddur ki, bu da yeni addımların atıl­ması üçün etibar vəd edir. Zəngəzur dəhlizi Mərkəzi Asiya və Yaxın Şərq üçün də yeni imkanlar deməkdir. Yəni Azərbaycan-İor­daniya münasibətləri böyük bir coğrafiyanı əhatə edəcək. Azərbaycan Cənubi Qafqazı yenidən qurur, buraya investorların axınını sürətləndirir ki, İordaniyanın Cənubi Qafqa­za investisiya qoyması bütün region xalq­larının rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat