Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında bu təhsil ocağının Yazıçılar Birliyinin üzvləri olan müəllimlərinin – Nəbi Mülkümovun “Mənim könül dəftərim” və Aytən Balayevanın “Xəyanətin rəngi” adlı kitablarının təqdimatı olub.
Mərasimdə müəllim və tələbələr, AYB Zaqatala bölməsinin üzvləri, şəhid ailələri və digər qonaqlar da iştirak ediblər. Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova müəlliflərin elmi-ədəbi fəaliyyətlərindən söz açıb, təqdim edilən kitablar barədə məlumat verib, onlara yaradıcılıq uğurları arzulayıb.
AYB Zaqatala bölməsinin sədri, yazıçı-jurnalist Əlmaniz Ələkbərli hər iki şairin yaradıcılığından ətraflı danışıb: “Nəbi Mülkümov bölgə yazarları arasında “İlin şairi” seçilib. Onun 30-dan çox şeirinə mahnılar bəstələnib. Filialın digər müəllimi Aytən Balayeva da AYB üzvü kimi daim öz üzərində çalışan bir yazıçıdır. Onun işıq üzü görmüş 2 kitabından biri Türk dilində yazılıb”.
“Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov belə məclislərin tələbələrin yaddaşında dərin iz buraxdığını, onlarda mənəvi zənginlik yaratdığını vurğulayıb. Filialın iqtisadiyyat və idarəetmə bölməsinin rəhbəri Pərvanə İsmayılova və digər natiqlər hər iki müəllifə yaradıcılıq uğurları arzulayıblar. Sonra filialın “tələbə rektoru” Cavidan Həzizadə Nəbi Mülkümovun, TEC-in sədri Ayda Arzumanova isə Aytən Balayevanın ədəbi fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.
Şəhid anası, şairə Züleyxa Davudova Nəbi Mülkümova şeir həsr etdiyini, Zaqatala İncəsənət Məktəbinin müəllimi Zeynəb Əliyevanın isə mətnə mahnı bəstələdiyini qeyd edib.
Mərasimdə hər iki yazarın şeir və hekayələrindən parçalar səsləndirilib. Müəlliflər tələbələrin suallarını cavablandırıblar. Təqdim olunan kitablar iştirakçılara hədiyyə edilib.
İ.MUSAOĞLU
XQ
Zaqatala


