Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağı keçirilib. Mərasimdə AGF prezidenti Mikayıl Cabbarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı görülən işlərdən danışıb.
Daha sonra AGF-nin baş katibi Pərvin Piriyev son 4 il ərzində federasiyada görülmüş işlərdən, əldə edilmiş nəticələrdən danışıb. Qeyd olunub ki, güləşçilər 2022–2025-ci illərdə müxtəlif beynəlxalq yarışlarda 1031 medal qazanıblar. Bunların 293-ü qızıl, 292-si gümüş, 446-sı isə bürünc medal olub.
Güləş üzrə maddi-texniki bazanın gücləndirilməsi üçün müxtəlif infrastruktur layihələri həyata keçirilib. Həmçinin kütləviliyin artırılması məqsədilə intensiv təbliğat işləri aparılıb. Güclü irsin formalaşdırılması məqsədilə aşağı yaş qrupları üzrə güləşin inkişafına xüsusi diqqət ayrılıb. Bu da U15 və U17 yaş qruplarında böyük uğurlara nail olunmasına töhfə verib.
Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə olub. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib.
Q.ƏLİYEV
XQ

