(əvvəli qəzetin 15 və 25 noyabr tarixli saylarında)
“Yenilməz batalyon”
Bu il məşhur “Yenilməz batalyon” bədii filminin 60 yaşı tamam olur. Yazıçı Qılman İlkinin “Qalada üsyan” romanı əsasında ssenari yazdığı və rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi bu filmdə 1907-ci ildə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.
Tarixi dram–macəra janrında olan yubilyar ekran əsərində baş rolları Tamilla Ağamirova (Xavər), Vladimir Yemelyanov (Dobrovolski), İsmayıl Osmanlı (Dərzi Yusif), Anatoli Yurçenko (Stepan Lemeşko), Müxlis Cənizadə (Nəriman Tağıyev), Ofeliya Məmmədzadə (Roza), Mixail Puqovkin (Kolpakov), Ceyhun Mirzəyev (Teymur), Hüseynağa Sadıqov (Feldfebel) ifa ediblər. Olayları Xan Babayev və Rasim İsmayılov lentə alıblar. Filmdə Cahangir Cahangirovun yazdığı “Teymurun mahnısı”nı İslam Rzayev səsləndirib, bu oynaq nəğmə uzun illər Gülağa Məmmədovun, Anatollu Qəniyevin və başqa müğənnilərin repertuarını bəzəyib:
Yel əsər, dağıdar dağda dumanı,
Anamın gözləri yoldadır -
Bircə mənə qalmış gümanı,
Gedim, görüm əziz anamı,
A qarlı dağlar!..
Xalq artisti Heydər Anatollu müsahibələrinin birində deyib: “Yenilməz batalyon”da həmin ifanı birinci dəfə atam səsləndirmişdi. O vaxt Moskvaya filmi təhvil verəndə bədii şura bildirib ki, atamın səs tembri ilə böyük sənətkarımız Ceyhun Mirzəyevin yaratdığı obraz uyğun gəlmir. Ona görə mahnını mərhum sənətkarımız, atamın da yaxın dostu olan İslam Rzayev səsləndirdi”.
Bu da maraqlıdır ki, Zaqatalada baş vermiş hadisə barədə film həmin rayonda deyil, Şəkidə (türmə-qalaətrafı) və Oğuzda (Qırxbulaq, Bayan kəndi), eləcə də Bakıda köhnə studiyanın povilyonunda lentə alınıb. Hətta Bayan sakini Bəkir kişi öz atı ilə epizodik rola çəkilib. Kinolentdə istifadə olunan furqon isə Böyük Söyüdlü kəndindəki keçmiş Miçurin adına kolxozdan götürülübmüş. Filmin rejissor assistenti olmuş Rafiq Dadaşovun dediyinə görə, Şəkidə uzun müddət güclü yağış yağdığı üçün geri qayıtmalı olublar və çəkilişlər xeyli gecikib. Filmin final səhnəsi isə Xanabadda çəkilmişdir.
Ekran əsərində rol almış rus aktyorlar Bakıda və Şəkidə xalqımızın qonaqpərvərliyini görüb və Moskvaya çox razı qayıdıblar.
Döyüş səhnələrinə kaskadyorlar çəkiliblər. Eyni zamanda, yerli hərbi hissələr də çəkilişlərdə iştirak ediblər. Kostyumlar və digər zəruri avadanlıqlar Moskvada sifariş olunub.
Kino tənqidçisi Sevda Sultanova yazır: “Azərbaycan kinosunun ən yaxşı əsərlərindən sayılan “Yenilməz batalyon”dakı bəzi epizodlarda piano müəllimi Xavərin (Tamilla Ağamirova) ifasındakı musiqi təkcə natura yox, eyni zamanda əhvalatın fon musiqisi kimi səslənir, vəziyyətlərin alt qatını sezdirir. Rəis Kolpakovun (Mixail Puqovkin) evində təşkil olunan ziyafətdə Xavər Bethovenin əsərlərindən birini çalır. İfa zamanı zabit Dobrovolski (Vladimir Yemelyanov) ilə Xavərin növbələşən iri planlarından istifadə olunur. Rusiya imperiyasının təmsilçisi ilə bolşevik ərini sürgündə itirmiş Xavərin mənalı baxışlarının toqquşması əqidə müxtəlifliyindən doğan gərginliyi eyhamlaşdırır”.
Beləliklə, təbliğat baxımından sovet sisteminə xidmət edən bu film hazırda öz ideologiyası ilə deyil, məhz sənət baxımından tamaşaçı marağını qoruyub saxlayır.
“Yeddi oğul istərəm”
Bu il 55 yaşı olan tammetrajlı “Yeddi oğul istərəm” bədii filmi də sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivlərinə və görkəmli sənətkarların oyununa görə sevilən filmlərdən idi. Elə bircə Gəray bəyin dili ilə deyilən “Çal, aşıq, çal, komsomolun canı it canıdır” fikri zərb-məsələ çevrilib. Ssenarisini Yusif Səmədoğlunun qələmə aldığı filmin quruluşçu rejissoru Tofiq Tağızadədir. Xəyyam Mirzəzadənin musiqiləri kinolentin təsir gücünü daha da çoxaldıb. Cəlal güllələnən vaxt Ədalət Nəsibovun Aşıq rolunda “Yanıq Kərəmi” saz havası ifa etməsi də seyrçilərin olayla bağlı həyəcanını artırır.
Yeri gəlmişkən, Humayın sevgilisi Cəlalı Gəray bəyin öldürməsinə görə Bəxtiyara “Babamın qanını sənə halal eləyirəm” deməsi, Gəray bəyin isə hansısa bir komsomolçunun əli ilə ölmək istəməyərək özünü güllələməsi kimi səhnələr də kinolentin təsirliliyini artırıb.
“Yeddi oğul istərəm”də əsas yeddiliyi Həsən Məmmədov (Bəxtiyar), Şahmar Ələkbərov (Qəzənfər), Ənvər Həsənov (Cəlal), Elçin Məmmədov (Mirpaşa), Əbdül Qasımov (Qasım), Rafiq Əzimov (Şahsuvar) və Ələsgər İbrahimov (Zalımoğlu) canlandırıblar. Həsənağa Turabovun Gəray bəyi, İsmayıl Osmanlının Kələntəri, Zemfira İsmayılovanın Humayı, Fərhad İsrafilovun Qəqənisi də aktyor ansamblını layiqincə tamamlayıb.
Ekran əsəri sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Kinoşünas Ulduzə Qaraqızı özünün “Azərbaycan filmlərinin yaranma tarixindən” adlı kitabında yazır ki, Tofiq Tağızadə lentin ideoloji istiqamətinə rəğmən milli adət-ənənələrdən (“Kosa-kosa” xalq mərasimi, Novruz bayramı buna canlı misaldır) çox bacarıqla istifadə edib.
Qeyd etdiyimiz kimi, bu filmdə monolit aktyor ansamblı yaradılıb. Bəxtiyar dəstənin hər bir üzvünün üstündə nanə yarpağı kimi əsir ki, salamat qalsınlar. Cəlal isə bəy qızını sevməsi ilə mənəviyyatın siyasi məsuliyyətdən ucada durduğunu göstərir. Kobudluğu ilə fərqlənən Mirpaşa əsas qəhrəman olmasa da, uzun müddət tamaşaçının yadından çıxmır. Kələntər dayı mənfi tip kimi diqqət çəkir və s.
Filmdə çəkilərkən 25 yaşı olan, hazırda 81 yaşlı Xalq artisti Əbdül Mahmudbəyov – Şeyx Əbdülün “Yeddi oğul istərəm” haqqında dediklərindən:
– Uzun Qasım roluna məndən başqa 6 aktyor da sınaq çəkilişlərində iştirak etmişdi. Rejissorun seçimi, bədii şuranın qərarı ilə mən təsdiq olundum. Sınaq çəkilişlərində komsomolçu rollarını yaradan aktyorların gününün əsas hissəsi Cıdır meydanında atçapma məşqlərində keçib. Bu proses 5-6 ay davam etmişdi. Təsəvvür edin ki, idmançılar gün ərzində 1 dəfə məşq edirlərsə, biz aktyorlar 2 dəfə qan-tər içində atçapma məşqlərinə qatılırdıq.
Filmin çəkilişləri də son dərəcə ağır, çətin, təhlükəli şəraitlərdə aparılıb. Yay fəslinin isti günlərində aktyorların yaraqlı-yasaqlı geyimlərdə kamera qarşısında bəzən saatlarla dayanması, at çapması o qədər də asan məsələ deyildi. Hamımız silahlı, patrondaşlı, atın belində, Qobustanın ilan mələyən çölündə, qayaların, ilan-əqrəblərin içində çəkilirdik. Çox vaxt elə olurdu ki, bir qurtum suyu da bölürdük. Aktyorlar bu filmdə, sözün həqiqi mənasında, böyük fədakarlıqlar göstərdilər.
İndi onların çoxu dünyadan köçüb. Amma “Yeddi oğul istərəm” bədii filmi yaradıcı heyətə qoyulan bir abidə kimi qalır.
(ardı var)
Ə.DOSTƏLİ
XQ


