Qonşu xalqlar arasındakı münasibətlər bəzən siyasi gündəmin sərt zərbələri altında formalaşsa da, əlaqələrin cəmiyyətlərin öz içindən yüksələn sakit, amma davamlı iradə ilə istiqamət tapması hallarına da rast gəlinir. Münasibətlərdə isə yenilik önəmlidir. “Sülh körpüsündən keçən dialoq” anlayışı da məhz yeni mərhələnin simvolu kimi ortaya çıxır. İdeologiyaların yaratdığı divarların arxasında iki xalqın bir-birini dinləmək cəhdi həmin mərhələnin xarakterini müəyyənləşdirir. Yəni bu gün artıq aydın görünür ki, dialoq yaşadığımız regionun da daxili ehtiyacından doğan geosiyasi zərurətdir.
Son aylarda Bakıda və İrəvanda gerçəkləşmiş iki görüş həm bu ehtiyacı, həm də tərəflərin real iradəsini konkret şəkillərdə göstərdi. İrəvandakı ilk görüş daha çox “laboratoriya mühitini” xatırladırdı. Tərəflər bir-birini tanıyır, mövqeləri ölçür və dialoqun hansı çərçivədə davam edə biləcəyini müəyyənləşdirirdi. Siyasi-analitik sual buradan doğur: Bəs görüşün funksiyası nə idi – tərəflər bir-birinə niyə ehtiyatla yanaşırdı? Cavab sadədir: uzun illər informasiya blokadalarında formalaşmış iki cəmiyyət üçün dialoq təcrübəsinin özü belə qeyri-adi hadisə idi.
Bakı görüşü isə artıq başqa səviyyədir. Burada tanışlıq yox, konkretlik var. İlk mərhələdə səsləndirilən ideyalar Bakıda praktik müzakirəyə çevrildi: media ilə iş modeli, dezinformasiya ilə mübarizənin mexanizmləri, toponimlərlə bağlı vahid yanaşma, sərhəd regionlarına səfərlərin təşkili və ekspert komandasına yeni ixtisasların əlavə edilməsi. Yəni dialoq artıq əməli xarakter alır.
Burada ortaya mühüm siyasi sual çıxır: Necə oldu ki, birinci görüşdə yaranmış inam hissi ikinci təmasa keçdi? Görünür ki, səmimilik, rəsmi şəxslərlə açıq ünsiyyət, media ilə təmas prosesi öz-özünə böyütdü. Artıq heç kim bu görüşləri kənar strukturların “layihəsi” saymır; onlar regionun daxili ehtiyacının məhsulu kimi qəbul olunur. Digər vacib məqam budur ki, tərəflər ilkin mərhələdən çıxıb daha geniş mövzulara keçdikcə, dialoqun həm çətin, həm də qaçılmaz olduğu qənaətlərini dolğunlaşdırırlar.
Ermənistanda təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla, Bakıda Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşlər dialoqun yalnız QHT-lərin təşəbbüsü olmadığını göstərir. Siyasi baxımdan bu o deməkdir ki, tərəflər dialoqu öz siyasi gündəmlərinin periferiyasından çıxarıb qərarvermə mərkəzinə yaxınlaşdırırlar. Dövlət səviyyəsində açıq qəbul isə xoş niyyətin ən güclü göstəricisidir.
Burada ciddi analitik sual yaranır: Niyə tərəflər ən həssas mövzuları gündəmə çıxarmağa bu qədər tələsirlər? Çünki onlar anlayırlar ki, dialoq problemi ört-basdır etməklə deyil, onu birbaşa öz adı ilə vurğulayıb həllinə çalışmaqla legitimləşir. Susdurulmuş mövzu nə qədər uzun yaşayırsa, siyasi risk bir o qədər böyüyür. Həqiqi niyyətin ən çətin imtahanı isə mediadır. Əvvəllər tərəflər ictimai rəyə çıxmaqdan ehtiyat edirdilərsə, indi onlar dialoqun mövzularını geniş ictimaiyyətə çatdırmağa ehtiyac duyurlar. Bu, son dərəcə vacib məqamdır.
Bəs cəmiyyətlərin “sakit dəstəyi” nə deməkdir? Bu nə dərəcədə real dəstəkdir? Bəlkə yorğunluğun nəticəsidir? Cavab ikilidir: bəli, insanlar yorulub; amma məhz bu yorğunluq münaqişənin uzadılmasını deyil, yekunlaşdırılmasını tələb edən sosial enerji yaradır. Belə bir enerji siyasi addımları legitimləşdirən mühüm faktordur.
Regionda formalaşan yeni siyasi konfiqurasiya Cənubi Qafqazın uzun illər davam edən ziddiyyətlər məkanından qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq müstəvisinə keçidi üçün unikal imkan pəncərəsi açır. Tərəflərin dialoqdan real nəticəyönlü gündəliyə keçməsi həm regional sabitliyin strateji əsasının möhkəmlənməsi, həm də regionun enerji, logistika və təhlükəsizlik arxitekturasına dair yeni parametrlərin formalaşması deməkdir.
* * *
2024-cü ildən sonra müşahidə olunan yumşalma xətti ilk dəfə olaraq Bakı–İrəvan münasibətlərində normallaşmanın “konsepsiya mərhələsi”ndən çıxıb praktik transformasiyaya doğru irəlilədiyini göstərdi. Hərbi-siyasi eskalasiya risklərinin azalması regionun beynəlxalq aktorlar üçün daha proqnozlaşdırılan məkana çevrilməsinə zəmin yaradır. Məhz bu kontekstdə iki görüşün ardıcıllığı Cənubi Qafqazda təhlükə əndişəsinin zəifləməsi anlamına gəlir. Siyasi risklərin azaldığı mühitdə regional oyunçuların maraqlarının toqquşma tempi səngiyir, qarşılıqlı asılılıq elementləri isə güclənir.
Yeni dinamikanın mühüm özəlliyi tərəflərin artıq sıfır-cəmlilik yanaşmasından uzaqlaşaraq, daha rasionallaşdırılmış geosiyasi hesablamalara üstünlük vermələridir. Azərbaycan üçün nəqliyyat-kommunikasiya xətlərinin açılması regiondaxili iqtisadi cəlbediciliyi artırır, Ermənistan üçün isə blokadadan çıxış və iqtisadi müxtəlifləşmə strateji prioritetə çevrilir.
İkitərəfli maraqlar toqquşan deyil, əksinə bir-birini tamamlayan xarakter daşıyır. İrəvanın regional şaxələndirməyə ehtiyacı ilə Bakının tranzit mərkəzi kimi yüksələn rolu arasında sinxronluq yaranması dialoqun davamlılığını təmin edən struktur baza formalaşdırır.
Yeni dinamika böyük güclərin Cənubi Qafqaza baxışında da səssiz korrektələrə səbəb olub. Qərb platformaları regionda münaqişə postfazasında dayanıqlılığın təminini prioritetləşdirərkən, Rusiya faktoru isə balanslaşdırılmış, eskalasiyadan uzaq bir xəttə üstünlük verir. Belə bir paralel transformasiya Azərbaycanın və Ermənistanın daha çox manevr imkanına malik olduğu çoxvektorlu mühit yaradır.
Ən mühüm məqam isə odur ki, geosiyasi rəqabət tənzimlənən, “yüksək intensivlikli olmayan” dinamika formatında özünü göstərir. Bir digər pozitiv xətt enerji və nəqliyyat infrastrukturunun regionda geoiqtisadi inteqrasiyanın əsas təkanverici qüvvəsinə çevrilməsidir. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin qovşağında duran Azərbaycan üçün Ermənistanla normallaşma bu layihələrin təhlükəsizlik parametrlərini daha da möhkəmləndirə bilər. Ermənistan isə öz növbəsində aparıcı xətlərə bağlanmaqla, həm tranzit gəlirləri, həm də iqtisadi dayanıqlılıq baxımından yeni mərhələyə keçər.
* * *
Əlbəttə ki, Cənubi Qafqazda mövcud pozitiv dinamika mühüm imkanlar açsa da, prosesdən geri çevrilmə riskini tam istisna etmək olmaz. Regionun son üç onillik siyasi tarixi göstərir ki, normallaşma təşəbbüsləri yalnız geosiyasi konfiqurasiyanın uyğunlaşdığı hallarda davamlı olur. Buna görə də hazırkı mərhələdə həm daxili siyasi faktorlar, həm də kənar güclərin rəqabət trayektoriyası prosesin dayanıqlılığına təsir edən kompleks risk çərçivəsi formalaşdırır.
İrəvanda daxili siyasi mühitin yüksək volatilliyi normallaşmanın ən ciddi zəif həlqələrindən biri olaraq qalır. Revanşist müxalifətin antisülh ritorikasının güclənməsi və hökumətə yönəlik təzyiqlər Ermənistanın atdığı addımların institusional təminatını zəiflədir. Siyasi elitanın konsensus çatışmazlığı ölkənin xarici siyasət kursunun sabitliyinə maneə olur və Bakı ilə aparılan dialoq xəttinin uzunmüddətli perspektivini riskə atır. Mövcud fon Ermənistan cəmiyyətində revanşist yanaşmaların hələ də tam neytrallaşmaması ilə tamamlanır və normallaşma prosesində sosial legitimlik boşluğu yaradır.
Cənubi Qafqaz daim geosiyasi rəqabət zonası olduğundan, böyük güclərin maraq dairəsindəki hər bir korrektə regional dinamikanı yenidən formatlaya bilər. Qərbin normallaşmanı dəstəkləyən siyasəti ilə Rusiyanın təsir alətləri arasında balansın dəyişməsi də risklər yaradır. Onu da unutmaq olmaz ki, Moskvanın Ermənistan üzərində azalan təsirini kompensasiya etmək üçün situativ manevrləri, yaxud Qərbin bölgədə aktiv iştirakının artması Bakı–İrəvan prosesinə dolayı təsir göstərmək imkanındadır.
Normallaşma dövründə informasiya məkanının həssaslığı da yüksək olaraq qalır. Sosial şəbəkələrdə məqsədyönlü manipulyasiya, dezinformasiya kampaniyaları və ictimai rəyi yönləndirməyə xidmət edən ritorika tərəflər arasında etimad mühitini kövrəldə bilər. Münaqişə sonrası humanitar məsələlərin həllində ləngimə baş verməsi texniki problem olmaqdan çıxaraq, siyasi gərginlik yarada biləcək növbəti faktor kimi meydana çıxır.
Bütün bunlar onu göstərir ki, normallaşmanın uğuru uzunmüddətli strateji planlamadan, ünsiyyət kanallarının sabit saxlanılmasından və regional aktorların qarşılıqlı asılılığı düzgün idarə etməsindən asılıdır. Məhz bu yanaşma Cənubi Qafqazın qarşıdurma məkanından sülh və əməkdaşlıq platformasına çevrilməsi üçün əsas şərtdir. Vurğuladığımız məqamlar fonunda belə nəticəyə gəlmək olar ki, qarşıdakı dövrdə siyasi iradə qorunsa, risklər effektiv idarə olunsa və kommunikasiya kanalları institusional müstəviyə keçirilsə, Cənubi Qafqaz uzun illərdən sonra ilk dəfə real sülhə yaxınlaşmaq imkanı əldə edəcək.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru


