Şəmkir Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

post-img

Noyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına  media-tur təşkil olunub.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxışında bildirib ki, xəstəxanada mütəmadi olaraq monitorinqlər həyata keçirilir və bu proses tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib: “Bu il ərzində burada 9 monitorinq aparılıb. Monitorinqlər zamanı infrastruktur, texniki avadanlıqların vəziyyəti, pasiyent qəbulu və qeydiyyat prosesləri qiymətləndirilir. Şəmkir rayon Mərkəzi Xəstəxanasında demək olar ki, Xidmətlər Zərfinə daxil olan əsas tibbi istiqamətlər üzrə təminat mövcuddur. Bu da bölgə sakinlərinin ehtiyac duyduğu xidmətləri yerindəcə, yəni digər şəhərlərə müraciət etmədən almasına şərait yaradır.

Ötən ildən bu ilin iyul ayına kimi  xəstəxanada 1 083 258 tibbi xidmət göstərilib və məhz sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc, vaxt sərf etmədən xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana bilib”. Xəstəxananın direktoru Samir Namazov icbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi və xidmətlərin növünün artırılması məsələlərinə toxunub. S. Namazov, həmçinin onu da qeyd edib ki, xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur: "Müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqliyi təmin edir. Həmçinin, xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova TƏBİB-in “2025–2027-ci illər üzrə Strateji Planı” çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün “Mentor Klinika” layihəsinə start verildiyini deyib: “Layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Bu çərçivədə mentor klinika statusu alan tibb müəssisələri region xəstəxanalarına həkim dəstəyi, tibb bacılarının təlimi, xidmət çeşidinin artırılması və idarəetmə üzrə məsləhətçi funksiyalarını yerinə yetirəcəklər.

Hazırda göstərilən tibbi xidmətlərin 55%-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45%-i isə regionlar üzrə həyata keçirilir. Layihənin pilot mərhələsinin 1 il ərzində icra olunması nəzərdə tutulur və biz hesab edirik ki, bu təşəbbüs regionlarda səhiyyə xidmətlərinin balanslı inkişafına mühüm töhfə verəcək”- deyə, Z. Ədilova vurğulayıb.

Sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının müdiri Samir Namazov media nümayəndələrinin suallarını cavablandırıblar. 

Sonda, media nümayəndələri üçün xəstəxanada tibbi müayinələr təşkil olunub. Müayinələr yüksək ixtisaslaşmış həkimlər tərəfindən həyata keçirilib. 

Fidan SALMANOVA
XQ









Sosial həyat