Boşanmaların uşaqlara mənfi təsiri

post-img

Ailələnin tam və ayrılmaz olması, mənəvi-əxlaqi dəyərlərə əsaslanması, valideynlərin bir-birinə qarşılıqlı hörməti uşaqlar üçün çox vacibdir, təəssüf ki, həmişə belə olmur və boşanmaların sayı gün-gündən çoxalır. Ayrılmaların səbəbindən danışmayacağam, çünki əsas məqsədim bu səbəbdən uşaqların əziyyət çəkməsini vurğulamaqdır.

Valideynlərin dava-dalaşla boşanması uşaqları sarsıldır, onlar həyəcan və stres keçirirlər. Uşaqların həyatında mənfi iz qoymasın deyə valideynlər hay-küysüz ayrılmalı, boşanma xəbərini uşaqlara  düzgün və sakit şəkildə çatdırmalıdırlar. Həm də çox vacibdir ki, valideynlərdən hər biri, uşağın kiminlə qalmasından asılı olmayaraq, ona qarşı tərəfi sevməyə imkan versin. Məsələn, əgər övladlar ananın yanında qalarsa, istədiyikləri vaxt atalarınıı görmək hüquqları var. Ata və ananın ayrı yaşamalarına baxmayaraq, onlar uşaqları birlikdə böyütməyə davam etməli, təhsili ilə maraqlanmalıdırlar. Belə olduqda, onlar valideynləri arasında seçim etmək məcburiyyətində qalmayacaq, ata və ya ana sevgisindən, qayğısından məhrum olmayacaq, özlərini yetim kimi hiss etməyəcəklər.

Əlbəttə, valideynləri ayrıldığı üçün istər-istəməz uşaqlar müəyyən bir müddət ərzində kədərli və narahat duyğular yaşayacaq, buna görə də hər iki valideynin vəzifəsi düzgün və müdrik davranışla onlar üçün çətin dövrü qısaltmaq və minimuma endirməkdir.
Müşahidələr göstərir ki, boşanmış  ailələrin çoxunda aşağıdakı hallar baş verir:

Övlad "Ana, atamı görə bilərəm?"— deyərkən "lazım deyil"— cavabını eşidir.

Ananın bu reaksiyası övladının atasını görmək istəyini dəstəkləmədiyini göstərir. Beləcə, uşaq anasının yanında olanda atasını itirdiyini başa düşür və anasını küsdürməmək üçün "Ana, atam üçün darıxıram, ona ehtiyacım var"— fikrini dilinə gətirmir, uşaq qəlbi atasızlıqdan əziyyət çəkir.

Bəzən ana uşağa nəinki atasını görməyə imkan vermir, hətta onun pis insan olduğunu, bütün əsəblərini tükətdiyini söyləyir. Oğulların ataları ilə möhkəm emosional əlaqəsi olması çox vacibdir, ona görə də qadın keçmiş ərini pisləməməli, övladın ata ilə görüşməsinə mane olmamalidır. 

Boşanmış  valideynlər övladlarının hissləri ilə maraqlanmalı, uşaq digər valideyni ilə görüşməyi xahiş edərsə, yaninda olan valideyni onun istəyinin  təmin edilməsi  üçün hər cür səy göstərməlidir. Yaxşı düşünün, əgər bu görüş uşaqlarınızı xoşbəxt edəcəksə, üzündə təbəssüm yaradacaqsa, niyə də olmasın?!


Zülfiyyə ZİYA
XQ

Sosial həyat