Xarici İşlər Nazirliyində

post-img

Dünən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Qətərin ölkəmizdəki yeni səfiri Məhəmməd Həməd Səad əl-Haciri ilə görüşüb. 

Azərbaycan XİN-in rəhbəri Qətər səfirini  diplomatik təyinat münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan ilə Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, gələcək planlar, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. 

Səfir Məhəmməd Həməd Səad əl-Haciri fəaliyyəti müddətində Azərbaycan ilə Qətər arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

***

Həmin gün Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Zəkiyyə İğılı qəbul edib.

Cari ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edən nazir bu illər ərzində əməkdaşlığımızın inkişafında qarşılıqlı səfərlərin, habelə intensiv siyasi dialoqun əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Bir sıra istiqamətlər, o cümlədən, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğu, bu xüsusda imkanların müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

***

Dünən Xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı olub.

Tərəflər Azərbaycan və Lüksemburq arasında mövcud münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində bu kimi təmasların əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb. 

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.

Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

XQ

 

Son xəbərlər