Moskva Tehranı ağıllı olmağa çağırır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iranlı həmkarı Əli Əkbər Əhmədian ilə görüşündə səsləndirdiyi fikirləri təkrarlayıb. Əvvəlcə Şoyqunun nə dediyini xatırlayaq: “Rusiya Tehranla Zəngəzurla bağlı əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bununla əlaqədar siyasəti dəyişməyib”.
Əlqərəz, M.Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib ki, Moskvanın Zəngəzur dəhlizi məsələsində Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı mövqeyi dəyişməzdir. Xanım sözçü fikrini əsaslandırarkən, üçtərəfli Bəyanat məntiqi üzərində dayanıb: “Bir daha xatırladıram ki, regionda nəqliyyat blokadasının aradan qaldırılması ilə bağlı Rusiyanın mövqeyi məlumdur. Bu mövqe heç bir dəyişikliyə məruz qalmayıb. Biz ardıcıl olaraq Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasının tərəfdarıyıq. Eyni zamanda, bütün iştirakçı tərəflərin maraqlarını qeyd-şərtsiz nəzərə alırıq. Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci ildən 2022-ci ilə qədər qeydə alınmış və qəbul edilmiş üçtərəfli bəyanatlarında məsələnin həllinin müvafiq olaraq qarşılıqlı məqbul yanaşmalara əsasən çıxış edirik”.
Xanım Zaxarovanın üzərində dayandığı ən konkret məqam isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndidir. Rusiya XİN sözçüsü brifinqdə məhz bu bənddə yazılanları bir-bir diqqətə çatdırıb: “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FSB-nin Sərhəd Xidməti həyata keçirir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək”.
Göründüyü kimi, Rusiya regional kommunikasiyaların açılması məsələsində başqa yol tanımadığını ortaya qoyub. Ermənistanın üçtərəfli Bəyanatdakı imzasını ləğv etmədiyini bildirən Zaxarova deyib ki, təklif olunan formul təkcə Bakı və İrəvanın deyil, həm də regiondakı bütün qonşuların, bölgə dövlətlərinin, o cümlədən, Rusiyanın, İranın və Türkiyənin maraqlarına cavab verir.
M.Zaxarova, həmçinin Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda, habelə İranın bəzi dairələrində yaranmış isterik ab-havaya da münasibət bildirib. Haşiyə çıxaq ki, Tehrandan gələn mesajlar regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini, İrəvan isə ərazi bütövlüyü və suverenliyin toxunulmazlığını rəhbər tutur. Rusiya XİN rəsmisi belə mülahizələrin gerçək əsasının olmadığını vurğulayaraq deyib ki, Moskva heç bir dövlətin suverenliyini şübhə altına almaq niyyətində deyil.
Yeri gəlmişkən, Zaxarova oxşar fikirləri bir müddət əvvəl də dilə gətirmişdi. O, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdikləri üçtərəfli işçi qrupunun iclaslarında Naxçıvana yolla bağlı sonuncunun ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməyən hüquqi formulun razılaşdırıldığını vurğulamış və bildirmişdi ki, rəsmi İrəvan sonradan razılaşmadan boyun qaçırdı. Necə? Erməni tərəfinin tələbi bu olub ki, Rusiya sərhədçiləri Ermənistan ərazisində olduğu kimi, Azərbaycan ərazisində də keşik çəksinlər. Təbii ki, tələb yolverilməz idi. Ona görə də Rusiya XİN rəhbəri Sergey Lavrov rəsmi İrəvanın mövqeyini regional kommunikasiyaların blokdan çıxarılmasının sabotajı kimi dəyərləndirmişdi.
Bəli, Zaxarova yenə eyni fikirlərini diqqətə çatdırır və bildirir: “Təəssüf ki, bizim heç bir təqsirimiz olmadığından, bu qrupda (Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdikləri üçtərəfli işçi qrupu – red.) iş dayanıb. Düşünürəm ki, kimin günahkar olduğunu təxmin edə bilərsiniz. Üçtərəfli işçi qrupu çərçivəsində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sisteminin bərpasına birbaşa töhfə verməklə yanaşı, bütün regionun sosial-iqtisadi inkişafını təmin edəcək. Niyə bu mövzuda, o cümlədən, Ermənistan mediasında bütöv bir dezinformasiya kampaniyasına başlanıldığı mənə o qədər də aydın deyil”.
Əlbəttə, M.Zaxarova kimi təcrübəli diplomat haqqında söz açdığı dezinformasiya kampaniyasına hansı səbəbdən start verildiyini çox gözəl bilir. Bilir ki, destruktiv mövqeyindən, anti-sülh baxışlarından daşınmayan baş nazir Nikol Paşinyan və komandası havadarlarının köməyi ilə Cənubi Qafqazdakı erməni avantürizminin saxlanılmasına çalışır. Hazırda avantürizmin hədəfində Rusiyanı böldəgən sıxışdırıb çıxarmaq dayanır. Rəsmi İrəvan bu məsələdə özünün “Dünyanın kəsişməsi” təşəbbüsünü irəli sürür. Daha dəqiq desək, təşəbbüsü Azərbaycanın Naxçıvana yol müstəvisindəki Zəngəzur dəhlizi məntiqinə qarşı qoyur.
Deməli, Qərb bir tərəfdən Rusiyanı bölgədən sıxışdırmaq istəyirsə, digər yandan “Dünyanın kəsişməsi” layihəsi ilə Ermənistanı regional kommunikasiyaların açar nöqtəsinə çevirməyi, beləliklə İrəvanın avantürist niyyətlər naminə daha da güclənməsini hədəfləyir. Hədəfləyir ki, gələcəkdə ondan Bakıya qarşı təzyiq vasitəsi kimi yararlansın. Qərbin məqsədi Azərbaycanda kifayət qədər, yaxşı dərk edilir və ona qarşı siyasi-diplomatik müqavimət formalaşdırılır.
Mövcud dolaşıq labirintdə anlaşılmayan İranın mövqeyidir, yəni, regional sərhədlərin dəyişməsinin yolverilməzliyini vurğulayıb, faktiki olaraq, qaşınmayan yerdən qan çıxarmağa çalışmasıdır. Azərbaycan rəsmiləri də dəfələrlə ölkəmizin Ermənistana qarşı ərazi iddiasının olmadığını bəyan ediblər. Deməli, Tehran rəhbərliyi, eləcə də İrandakı siyasilər erməni dəyirmanına su tökən ampluadan daşınmalı, rasional düşünməyi bacarmalıdırlar. Nəzərə alaq ki, istər Zaxarovanın, istərsə də ondan əvvəl Şoyqunun bildirdikləri, eyni zamanda, bu mövqeyin alternativsizliyinə dair mühüm çağırışdır. Çağırış həm də ona görə səslənir ki, İran Türk dünyasının birləşməsi yolunda problemə çevrilməsin, ənənəvi anti-türk mövqeyindən daşınaraq, müasir dövrün reallıqlarına söykənərək hərəkət etsin. Onu da nəzərə alaq ki, bu hərəkətin zərəri yox, böyük iqtisadi faydaları var ki, mövcud istiqamətdə təminat verən təkcə Rusiya deyil, eyni zamada, Azərbaycan və Türkiyədir. Qərbin Ermənistan vasitəsilə reallaşdırmağa çalışdığı siyasət isə birmənalı şəkildə dağıdıcıdır.
Ə.CAHANGİROĞLU
XQ