Sülhün kürəyinə sancılan xəncər

post-img

Azərbaycan Müdafiə Nazirliyinin atəşkəs rejiminin pozulması ilə bağlı növbəti rəsmi məlumatı: “Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Təəssüf ki, nazirliyin sərhəddə vəziyyətin gərginləşməsindən xəbər verən bu xarakterli məlumatları son günlər mütəmadi hal alıb. Addım səsləri yaxınlaşmaqda olan sülh sazişinin kürəyinə atəşin məhz indiki məqamda açılması müəyyən suallar doğurur. Ermənistan baş nazirinin, hökumətin yüksək ranqlı digər rəsmilərinin, guya, Azərbaycanla sülh sazişini imzalamağa hazır olduqlarını bəyan etdikləri məqamda sərhəddə insident yaratmağa cəhdlərin edilməsi təsadüfi sayıla bilərmi? Qətiyyən yox! Görünən odur ki, Ermənistan özünü normal dövlət kimi deyil, qondarma qurum kimi aparmaqda davam edir. Son vaxtlar Azərbaycan ərazilərinin, xüsusilə ordumuzun Naxçıvanın sərhədyanı bölgədəki mövqelərinin atəşə tutulması intensiv xarakter alıb. 

Sərhəddə bu cür təxribatlara əl atan İrəvanın altniyyətinin Zəngəzur dəhlizinin açılmasını əngəlləmək olduğunu güman etmək çətin deyil. Ermənistan hakimiyyəti Naxçıvana maneəsiz əlaqənin açılmasını ləngitməklə, Türkiyənin bu dəhliz vasitəsilə Azərbaycanla birbaşa əlaqə yaratmasına mane olmaqla kommunikasiyaların açılmasında özünün deyil, Bakının maraqlı olmadığı təsəvvürünü yaratmağa çalışır. Belə təxribatçı hərəkətlərin nəticəsində ortaya çıxacaq “problemin” həlli üçün Avropa İttifaqını bölgəyə cəlb etmək isə Paşinyan iqtidarının strateji hədəflərindəndir. İrəvanın burada güddüyü ikinci məqsədi sülh danışıqlarında Aİ-nin obyektiv səbəblərdən zəifləmiş vasitəçilik rolunun yenidən güclənməsinə nail olmaqdır. Ermənistanın sülhə aparan yola daş diyirlətməsi, atəşkəs rejimini tez-tez pozması həm də buna hesablanıb.

* * * 

Əgər bu gün Ermənistan ordusu sülhə atəş açırsa və “sülhsevər” Nikol Paşinyan ordusunun sərhəd təxribatlarının qarşısını ala bilmirsə, bu halda onun Zəngəzur dəhlizi boyunca təhlükəsizliyimizi təmin edəcəyi barədə dediklərinə inana bilərikmi? İndi gəlin belə bir vəziyyəti təsəvvür etməyə çalışaq: Zəngilandan Ordubada istiqamət alan qatar, yaxud avtomobilin qarşısını silahlı erməni quldurları kəsir və bu zaman “təhlükəsizliyə təminat vermiş” Ermənistan sərhədçiləri hadisədən “xəbər tutmurlar”. 

Hayların Qarabağ münaqişəsini alovlandırdıqları ötən əsrin 80-ci illərinin sonlarını yadımıza salaq. 1988-ci ildən başlayaraq soydaşlarımızın getdiyi qatarlar ermənilər tərəfindən daşa basılır, atəşə tutulurdu. Yəni, “Başına gələn başmaqçı olar” zərb-məsəlimizin məntiqi ilə bundan sonra erməniyə güvənmək mümkün deyil. Eləcə də dəhlizə nəzarəti icarəyə vermək istədiyi əcnəbi şirkətə necə? Bəlkə İrəvan bu missiyanı Aİ-nın mülki müşahidəçilərinə – durbinli diplomatlarına həvalə etmək barədə düşünür?

Komandanı Qərbdən, yaxud Cənubdan aldığı güman edilən rəsmi İrəvan populist və avantürist açıqlamaları ilə dünənki tərəfdaşlarını da özünə qarşı çevirməyə başlayıb. Durumun diqqəti cəlb edən digər tərəfi odur ki, İran rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı bəyanatlarını sərtləşdirdikcə Ermənistan hakimiyyəti də məsələyə yersiz müdaxiləni, yaxud sərsəm iddialarını səsləndirməkdə davam edir. Faktiki olaraq, İranın əsl niyyəti Turan dəhlizinə çevriləcək Zəngəzur layihəsini sabotaj etməkdir. ABŞ, Aİ, Çin, Rusiya, digər güc mərkəzlərinin mübarizəsinin də birbaşa dəhlizə fokuslandığı məlumdur. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşünü də məhz bu prizmadan dəyərləndirmək lazımdır.

Hökumətlərarası razılaşmaya əsasən, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana gedəcək (Araz dəhlizi – red.) kommunikasiya xəttinin inşası istiqamətində işləri davam etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə yerli mediaya müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan üçtərəfli Bəyannaməni təhrif edir: “Bu da bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cü bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. Onlardan biri də İran üzərindən, Araz çayının cənub sahili ilə müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Bu istiqamətdə müvafiq işlər gedir. Ermənistan özünütəcrid etmək siyasətini davam etdirirsə, bu, onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil”.

* * * 

Birmənalı şəkildə deyə bilərik ki, Naxçıvanın sərhəd bölgələrinə atəşin açılması sülh prosesini pozmaq, mövcud status-kvonun ömrünü uzatmaq, dəhliz ətrafında xarici güclərin əsəblərini daha da tarıma çəkmək niyyətini güdür. Fəqət, Paşinyan və komandası sərhəddə açılan atəşin, ümumilikdə, Azərbaycan dövlətinə qarşı yönəldiyini də gərək unutmasın. Üstəlik, atəşin son ünvanının Türkiyə olduğu da gizli deyil. Axı, qardaş Türkiyə ilə Sədərək arasında çox qısa məsafə var. Məsələnin tarixi-siyasi tərəfinə gəldikdə isə Bakı İrəvana XX əsrin Qars müqaviləsini, XXI əsrin Yeni Qars sazişini – Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini xatırlada bilər. Son olayların fonunda diqqəti çəkən daha bir məqam isə Tehranın yenə “ağzına su alıb” gözləməsidir. Bəs, ermənilərin sərhədin üzərindən Naxçıvana atəş açması İranı narahat eləmir? Çox güman ki, Ermənistan ordusunun atdığı güllələrin səsini İran sərhədçiləri də eşidiblər. İntəhası, İran yenə susur. 

Bəli, Ermənistan hələ sülhə tam hazır deyil. Danışıqlarda Azərbaycana təzyiq etmək üçün müxtəlif variantlar axtarmağa girişib. Aydındır ki, onun hərbi təxribatlarının arxasında siyasi məqsədlər durur. Əgər İrəvanın yeni hərbi qarşıdurmaya getmək niyyəti varsa, Azərbaycanın “dəmir yumruğ”u “Damokl qılıncı” kimi onun başının üstündədur. Ermənistan əldə etdiyi, almağa çalışdığı ən müasir silahlara sahib olsa belə, yenə də qüdrətli Azərbaycan Ordusu ilə cəngə girmək iqtidarında deyil. Çünki bütün müharibələrin son nəticəsi döyüş meydanında qazanılır. Ona görə də Ermənistan uzaqmənzilli raketlərə güvənməkdənsə, yaxın tarixin acı dərslərini yada salsın. Onun üçün budəfəki final 23 günlük antiterror əməliyyatından da ağır ola bilər. İrəvanın növbəti hərbi sabotajı tam özünütəcridə aparıb çıxaracaq.  

İrəvan üçün ciddi düşünmək və səhv etməmək məqamıdır. Ermənistan müstəqilliyinin, bu ərazinin tarixin müəyyən dönəmində kənar qüvvələr tərəfindən ona peşkəş edildiyini, qonşunun torpaqlarında özünə dövlət yaratdığının fərqinə varmalıdır. Bunlar keçmişdə qalsa da, ondan ibrət götürmək heç vaxt gec deyil. Qafqazda söz sahibi Azərbaycandır və dəhlizin haradan və necə keçəcəyini də o müəyyənləşdirir. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Ermənistan Azərbaycana qarşı bir neçə istiqamətdən hərəkətə keçib. Birincisi hərbi istiqamətdir ki, bu, sərhəddə törətdiyi təxribatlarda özünü göstərir. Məqsəd bizi nədəsə günahlandırmağa bəhanə əldə etməkdir. Digər istiqamət diplomatik fəaliyyətdir. İrəvan dünyaya bəyan edir ki, sülh sazişinin mətnini 80 faiz razılaşdırıblar və onu imzalamağa hazırdırlar, o biri məsələlər sonraya qalsın. Bu, tam cəfəngiyyatdır və Bakı bununla heç vaxt razılaşmayacaq. Çünki yerdə qalan 20 faiz məsələlər Azərbaycan üçün olduqca mühümdür.

Ermənistan hələ də qonşulara qarşı ərazi iddiaları ilə çıxış edir. Həmin iddialar onun konstitusiyasının preambulasında əks olunub. Bakı bu vəziyyətdə hansı sazişi imzalaya bilər? İndi özünü “sülh göyərçini” kimi qələmə verən Paşinyan, görünür, xaricdəki müəyyən dairələrin rəğbətini qazanmağa çalışır. Zəngəzur dəhlizinin açılmasını isə böyük problemə çevirib. Ən müxtəlif bəhanələr gətirir. Sərhəddə hansı ölkənin qüvvələri dayanacaq? Dava bunun üstündədir. 2020-ci ildə imzalanmış üçtərəfli sənəd var. Onun 9-cu bəndində hər şey aydın şəkildə yazılıb. Yəni, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. 

Paşinyanın belə təxribatçı addımları atmaqda məqsədi Avropadan dəstək əldə etməkdir. Həm də Azərbaycana qarşı yeni bir qətnamə qəbul etsinlər. Amma Azərbaycan həm hərbi, həm də diplomatik cəbhədə fəaliyyətini davam etdirəcək. Bakının mövqeyi, əvvəlki kimi, dəyişməz və prinsipialdır. İrəvan bunu dərk etməli və lazımi nəticəni çıxarmalıdır.   

Yeganə HACIYEVA, 
siyasi icmalçı

–  Ermənistan Zəngəzur dəhlizi ətrafında və sərhəddə vəziyyətin qeyri-sabit olması təsəvvürünü yaratmağa çalışmaqla bir məqsəd güdür: kənar gücləri, ilk növbədə, Qərbin silahlı qüvvələrini Zəngəzura və sərhəd bölgəsinə yerləşdirilməsi üçün informasiya bazası formalaşdırmaq. Başladığı təbliğat kampaniyasının sonunda isə İrəvan Zəngəzurda özünün daha çox güvəndiyi dövlətin ordusunun təmsilçiliyinə nail olmaq və yaranacaq yeni reallığı öz xeyrinə həll etmək niyyətindədir. 

Bəli, Ermənistan hakimiyyəti sərhədlərinin qorunmasında artıq Rusiyaya güvənmir və onun daxildə yeritdiyi siyasət rus sərhədçilərinin yavaş-yavaş ölkədən çıxarılmasına hesablanıb. İrəvanın son addımları məhz bundan xəbər verir. “Zvartnos” hava limanından başladığı prosesi sərhədlərinə qədər genişləndirməyi planlayan Paşinyan hökuməti paralel olaraq Zəngəzur dəhlizi ətrafında da atəşkəsi pozmaqla, sərhəddə səs-küy qaldırmaqla əsas planlarını gerçəkləşdirmyə cəhd edir. Sərhəd təxribatlarının delimitasiya və demarkasiya prosesinin aparılacağı ərazilərin perimetri boyu baş verməsi təsadüfi sayıla bilməz. Bu, həm də ona hesablanıb ki, sərhədin müəyyən edilməsi prosesinə də dirəniş göstərmək üçün bəhanə qazansın. 

Bu məsələ ilə bağlı sentyabrın ­24-də Ermənistan konstitusiya məhkəməsi qərar verəcək. Yəni, avqustun 30-da imzalanmış hökumətlərarası sənədin məhkəmə tərəfindən təsdiqlənəcəyi gözlənilir. Bütün bunlar İrəvanın sülhdənqaçma “fəaliyyətinin” fəsadlarıdır.

İmran BƏDİRXANLI 
XQ

 





Siyasət