“Gəncənin ziyalı xanımları”

post-img

Əslində, ensiklopedik məlumat toplusu kimi daha çox insanın diqqət və marağına səbəb olan kitab hazırlayıb çap etmək böyük məsuliyyət və hədsiz zəhmət tələb edir.

Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin təqdim etdiyi “Gəncənin ziyalı xanımları – tarixi, elmi və mədəni irs” kitabı böyük maraq doğurur və nəinki burada təmsil olunan 440 ziyalı qadını, həmçinin geniş oxucu kütləsini də sevindirmişdir.

Kitabın layihə rəhbəri, AMEA Gəncə bölməsinin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyevdir. Bölmənin əməkdaşlarından ibarət işçi qrupu – Sara Əzizova, Təranə Verdiyeva, İlhamə Əliyeva, İlhamə Cəfərova və başqaları çox böyük əzmkarlıqla çalışaraq kitabı ərsəyə gətirmişlər. Topluda təmsil olunan qadınların bir qismi Gəncədə dünyaya gəlməsə də, bütün şüuru həyatlarını bu şəhərlə bağlamış, milli maarifçilik hərəkatının elm, təhsil, ədəbiyyat və incəsənət, səhiyyə, sənaye, kənd təsərrüfatı və ictimai-siyasi həyatın müxtəlif sahələrinə öz töhfələrini vermişlər.

Oxuculara təqdim olunmuş kitabda əsas məqsəd Gəncənin ziyalı xanımlarının çoxsahəli fəaliyyətini sistemli şəkildə araşdırmaq, onların xidmətlərini sənədləşdirmək və gələcək nəsillərə ötürməkdir.

XII yüzillikdə yaşamış və həyat salnamələrinə nəzər salınmış Azərbaycanın şair qadınları haqqında verilmiş məlumatlar da maraq doğurur. Burada Gəncənin görkəmli şairəsi Məhsəti Gəncəvi haqqında müfəssəl məlumat verilmiş, onun müasirləri - bir sıra mənbələrdə adları çəkilən, lakin yaradıcılıqları az işıqlandırılmış və tədqiq edilməmiş Siti Gəncəvi, Doxtəri Həkim Gav, Doxtəri Xətibi Gəncə, Raziyyə Gəncəvi də anılmış, gələcək tədqiqatçılar üçün mövzu verilmişdir.

Ensiklopedik toplu hazırlanarkən arxiv materiallarından, tanınmış qadınlar haqqında yazılmış kitablardan, məqalələrdən, elmi əsərlərdən, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin kadrlarla iş şöbələrinin sənədlərindən istifadə edilmişdir.

“Elm” nəşriyyatında bu günlərdə işıq üzü görən kitab 306 səhifə həcmində, 300 tirajla nəfis şəkildə buraxılmışdır.

Hər kitab tarixin bir səhifəsidir. Onlar gələcək nəsillərə ərməğan olmaqla yanaşı, həm də gənc valideynlərə Vətəninə layiq övladlar yetişdirmək üçün gərəkli mesajlar ötürürlər.

Amalya QASIMOVA,
tarix üzrə fəlsəfə doktoru

Mədəniyyət