1600 illik mumiyanın “İliada” sevgisi

post-img

Dünya mediasında yayılmış bir xəbər doğurduğu təəccüblə geniş əks-səda yaradıb. Barselona Universitetinin alimləri Misirdə 1600 il əvvələ aid mumiya məzarından həmin tarixdən 12 əsr qabaq yaşamış yunan şairi Homerin məşhur “İliada” poemasından bir hissənin yazıldığı papirus aşkar ediblər.

Mumiyanın dəfn edildiyi IV əsrdə Misir Roma imperiyasının əyaləti olub. Yunan dilində yazılmış papirus mumiyanın qarın boşluğunda gizlədilib. İspan alimləri mumiyalarla bağlı belə hadisəyə ilk dəfə rast gəlindiyini bildiriblər.

Professor İqnasi-Xavyer Adieqo qeyd edib ki, arxeoloqlar hələ XIX əsrdə mumiyanın aşkar edildiyi Oksirinxus ərazisində məktub və ədəbi əsərlər də daxil olmaqla, yunan və latın mətnləri yazılmış minlərlə papirus tapıblar. Lakin mumiyanın içərisində ədəbi əsərin olması yeni tapıntıdır.

Alimlər mumiyaya məhz “İliada” mətninin niyə qoyulduğuna cavab axtarırlar. Mərhumun bu əsəri çox sevməsi ehtimal olunur. Məzara mis və qızıldan hazırlanmış dil fiqurlarının qoyulması isə mumiyanın axirətdə tanrılarla danışa bilməsi mənasına gəlir.

XQ

Dünya