Hay rəğbətinə möhtac siyasi möhtəkir

post-img

ABŞ-ın Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin 1915-ci il hadisələri və Azərbaycanın Qarabağdakı qanuni əməliyyatları ilə bağlı səsləndirdiyi son ittihamlar göstərir ki, daxili siyasi dividendlər çox zaman reallıqları üstələyir. Görəsən, bir şəhər merinin uzaq coğrafiyalara dair asanlıqla mühakimə yürütməsinin arxasında hansı siyasi məqam gizlənir?

Birləşmiş Ştatlar, həqiqətən də, böyük imkanlar və perspektivlər ölkəsidir. Tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdən gəlmiş mühacirlər və ya onların övladları ABŞ-ın ali siyasi postlarına qədər yüksələ bilirlər. Keniyalı miqrant ailəsindən çıxan Barak Obamanın prezidentliyi, italiyalı mühacir ailəsində doğulmuş Rudolf Culianinin Nyu-York meri olması və ya avstriyalı Arnold Şvartsneggerin Kaliforniya qubernatoru seçilməsi bu modelin göstəriciləridir. Bu baxımdan, əslən Uqanda-Hindistan mənşəli, 34 yaşlı Zöhran Mamdaninin dünyanın paytaxtı sayıla biləcək Nyu-Yorkun meri seçilməsi də bu sistemin bariz nümunəsidir. Lakin bu cür sürətli siyasi yüksəlişlər təkcə fərasət və şansla məhdudlaşmır.

Bəziləri Mamdani mer seçilərkən onun müsəlman-şiə kimliyinin xarici siyasətlə bağlı, xüsusən də Türkiyə və Azərbaycan məsələlərində onu daha obyektiv edəcəyini düşünürdü. Ancaq Mamdaninin aprelin 24-də “X” platformasında Azərbaycan və Türkiyəni əsassız şəkildə ittiham edən mövqeyi sübut edir ki, böyük siyasətdə şəxsi dini və ya irqi mənsubiyyət yerli lobbi qruplarının (bu halda erməni elektoratının) təsirindən daha zəifdir. Əslində, erməni tərəfi üçün iddialarının məhz fərqli dini kimliyə malik biri tərəfindən səsləndirilməsi manipulyativ inandırıcılıq baxımından xüsusilə sərfəlidir.

Bugünkü beynəlxalq arenada tarixçilərin bir çoxu 1915-ci il hadisələrini müxtəlif cür təsnif etsə də, rəsmi Ankara və Azərbaycan illərdir ki, bu hadisələrin siyasi deyil, tarixi müstəvidə araşdırılmalı olduğunu, bunun üçün birgə komissiyaların yaradılmasını və arxivlərin açılmasını təklif edir. Lakin bu çağırışların daim rədd edilməsi və məsələnin yalnız fərqli ölkə parlamentlərinin qəbul etdiyi “tanınma” aktları ilə məhdudlaşdırılması “soyqırımı” ritorikasının tarixi ədalət axtarışından çox, diplomatik təzyiq aləti olduğunu təsdiqləyir.

Zöhran Mamdaninin çıxışında ciddi qərəz və beynəlxalq hüququn kobud şəkildə təhrifi isə 1915-ci il hadisələri ilə Azərbaycanın müasir dövrdə öz ərazi bütövlüyünü bərpa etməsini eyniləşdirmək cəhdidir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və işğalın nəticələrinin tanınmaması müasir beynəlxalq hüququn əsasını təşkil edir. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri daxilində atdığı adekvat addımların "hücum", "məcburi köçürmə" və ya "soyqırımı kampaniyası" kimi qələmə verilməsi reallıqdan uzaq və məsuliyyətsiz yanaşmadır. Bu iddiaların nə qədər ikili standartlara əsaslandığını görmək üçün yaxın tarixə nəzər salmaq kifayətdir. 1990-cı illərdə 1 milyona yaxın azərbaycanlının Ermənistandan və Qarabağdan güc yolu ilə deportasiya edilməsi, evlərindən didərgin salınması 30 il boyunca Qərb siyasətçilərinin mütləq əksəriyyəti tərəfindən qulaqardı edilib. Lakin 2023-cü ildə 100 min civarında erməni əhalisinin Azərbaycan hökumətinin reinteqrasiya barədə çağırışlarına baxmayaraq, bölgəni könüllü tərk etməsi dərhal süni şəkildə “məcburi köçürmə” adlandırılır.

Gün kimi aydındır ki, xarici erməni lobbisi və müvafiq mərkəzlər tam şəkildə daşnakların nəzarətindədir. Onlar bütün resurslarından istifadə edərək həm qondarma soyqırımı məsələsinin hələ də gündəmdə qaldığını, həm də Qarabağ ermənilərinin geri qayıtması mövzusunun təzyiq vasitəsi kimi saxlanıldığını nümayiş etdirməyə çalışırlar. Bu fəaliyyətlər mahiyyət etibarilə Qarabağ mövzusunun hələ bağlanmadığı görüntüsünü yaratmağa xidmət edir. Hazırda Ermənistandakı seçkiqabağı vəziyyət fonunda bu cür addımlar daha da intensivləşib.

Daşnaklar seçki prosesində Robert Koçaryanı dəstəkləyir və onunla vahid siyasi blokda təmsil olunurlar. Lakin Robert Koçaryan Ermənistan cəmiyyətinin böyük əksəriyyətində nifrətdən başqa heç bir hiss doğurmur. Belə vəziyyətdə o, Paşinyan hakimiyyətini uğursuzluqda ittiham edərək mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayır. Hətta Nyu-York merinin bu məsələlərdə onlara dəstək verməsini arqument kimi irəli sürərək siyasi xal qazanmağa çalışırlar.

Nəticə etibarilə, Zöhran Mamdaninin ritorikası nə tarixi həqiqətlərin bərpasına, nə də Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edir. Bu, sadəcə, okeanın o tayındakı bir-iki erməninin rəğbətini, qazanmaq üçün əsassız ittihamları siyasi valyutaya çevirmək cəhdidir. Lakin Nyu-Yorkun daxili siyasi konyunkturası nə qədər səs-küylü olsa da, beynəlxalq hüququn aliliyi və Azərbaycanın regionda yaratdığı yeni reallıq bu cür manipulyativ bəyanatlardan qat-qat üstündür. Təbii ki, sonda Mamdanikimilərin populist vədlər və lobbi maraqları növbəti seçki kampaniyasından sonra arxivə gömüləcək, lakin ədalətli müharibə ilə bərpa edilmiş ərazi bütövlüyü tarixin silinməz faktı olaraq qalacaq.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Zöhran Mamdani obrazı müasir siyasətin ən ziddiyyətli və populist nümunələrindən biri kimi çıxış edir. Onun özünü müsəlman kimliyi ilə təqdim etməsinə rəğmən, seksual azlıqların platformalarında fəal şəkildə yer alması müxtəlif seçici qruplarını manipulyasiya etmək cəhdindən xəbər verir. Keçmişində gey klublarda dicey fəaliyyəti ilə məşğul olan bir şəxsin bu gün dini və mənəvi dəyərlərdən bəhs etməsi onun siyasi simasındakı dərin çatları üzə çıxarır. Bu cür davranışlar prinsiplərə sadiqlikdən çox, hər vəclə gündəmdə qalmağa çalışan və etik sərhədləri tanımayan demaqoq təsiri bağışlayır.

Nyu-York kimi on milyonluq nəhəng meqapolisin idarəçiliyi yalnız şüarlar və ucuz reklam kampaniyaları ilə reallaşa bilməz. Şəhər sakinləri kriminogen durumun pisləşməsi, infrastrukturun köhnəlməsi və iqtisadi çətinliklər fonunda populist vədlər yox, konkret və icrası mümkün olan strateji həll yolları gözləyirlər. Mamdaninin idarəçilik təcrübəsinin və fundamental biliklərinin yoxluğu onun irimiqyaslı böhranlar qarşısında aciz qalacağını indidən proqnozlaşdırmağa əsas verir. Ciddi idarəçilik bazası olmayan birinin yalnız emosional və ziddiyyətli çıxışlarla Nyu-Yorkun mürəkkəb sistemini rəhbər tutması real görünməyən bir ssenaridir.

Digər tərəfdən, xarici erməni lobbisinin və daşnakların bu cür marjinal fiqurlar vasitəsilə Ermənistanın daxili siyasətinə təsir etmək cəhdləri tamamilə perspektivsizdir. Robert Koçaryan və onun siyasi bloku bu növ xarici dəstəklərə güvənməklə Ermənistan daxilində itirdikləri etimadı bərpa edə biləcəklərini düşünürlər. Lakin Ermənistan cəmiyyətinin böyük hissəsi keçmişin uğursuz mirasını təmsil edən qüvvələri yenidən hakimiyyətdə görmək istəyindən uzaq görünür. Daşnakların xaricdə qurduğu süni gündəm və Mamdani kimi şəxslərin verdiyi bəyanatlar Koçaryanın seçki platformasına heç bir real üstünlük qazandırmır, əksinə, onun siyasi dalana dirəndiyini bir daha sübuta yetirir.

Tacir SADIQOV
XQ



Siyasət