Fransanın Azərbaycanın məhkəmə qərarına qarşı ittihamı qəbuledilməzdir

post-img

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bu ölkə vətəndaşı Teo Klerkə qarşı, guya, məhkəmənin ayrı-seçkilik edərək “haqsız qərar verməsi” barədə bəyanatı – özünü “hüquqi dövlət” adlandıran bir dövlətin Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur.

 Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin açıqlamasında bildirilib. XİN rəsmisinin sözlərinə görə, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşına, eləcə də digər şəxslərlə bağlı verilən hökm məhkəmənin səlahiyyətindədir və Fransa tərəfinin bu qərarı sual altına almağa ixtiyarı yoxdur: “Fransa vətəndaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əmlakı qəsdən məhvetmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, belə əməllərə görə Teo Klerk əvvəllər Fransada da cəzalandırılıb və ona cərimə tətbiq olunub”. 

A.Hacızadə açıqlamasının sonunda deyib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquq pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyətləri hər kəsə məlumdur. Buna görə də Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı. 

XQ

 

Siyasət