Britaniya Kralının Vaşinqton mesajları

post-img

“Xüsusi münasibətlər”ə yeni çağırış

Beynəlxalq münasibətlər sistemində artan qeyri-müəyyənlik, təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsi və Qərb daxilində siyasi etimad böhranı fonunda Böyük Britaniya kralı III Çarlzın 2 gün öncə Vaşinqtondakı çıxışı geniş rezonans doğurdu. İlk baxışdan protokol xarakterli görünən müraciət, əslində, mahiyyət etibarilə daha dərin siyasi və strateji məna daşıyırdı.

Çünki verilən mesajlarda ikitərəfli münasibətlərdən əlavə, Qərbin gələcək davranış modeli, kollektiv təhlükəsizlik fəlsəfəsi, demokratik institutların dayanıqlılığı və qlobal çağırışlara ortaq reaksiyanın vacibliyi kimi məsələlər öz əksini tapmışdı. Müasir beynəlxalq sistemdə monarxların siyasi qərarvermə prosesinə birbaşa təsir imkanları məhdud olsa da, onların verdiyi mesajların diplomatik çəkisi azalmayıb. Böyük Britaniya kimi tarixi güc mərkəzlərində monarxiya hələ də yumşaq güc elementlərindən biri kimi qalmaqdadır. Vaşinqton tribunasından səslənən fikirlər də məhz bu kontekstdə Qərb dünyasından tələblər kimi qəbul edilə bilər.

İlk növbədə, vurğulanmalıdır ki, Böyük Britaniya Kralının çıxışı daha çox gələcəyə yönəlmiş ortaq məsuliyyət ideyası üzərində qurulmuşdu. Daha dəqiq desək, III Çarlz “xüsusi münasibətlər” anlayışını yeni çağırışlar fonunda yenilənməli siyasi tərəfdaşlıq modeli kimi təqdim etdi. Onun yanaşması o qədər də təəccüb doğurmamalıdır. Çünki son illər transatlantik münasibətlərdə müşahidə olunan fikir ayrılıqları, müdafiə yükü ilə bağlı mübahisələr, Ukrayna müharibəsinin yaratdığı strateji sarsıntılar və Avropa təhlükəsizlik arxitekturasının gələcəyi ilə bağlı suallar London-Vaşinqton xəttinin siyasi məzmununu yenidən aktuallaşdırıb.

Kralın çıxışında diqqətçəkən məqamlardan biri də kollektiv təhlükəsizlik anlayışının daha geniş çərçivədə təqdimatı idi. O, təhlükəsizliyi siyasi iradənin möhkəmliyi, tərəfdaşlar arasında etimad və ortaq strateji davranış qabiliyyəti ilə əlaqələndirməklə, faktiki olaraq, NATO və transatlantik həmrəyliyin siyasi dayanıqlıq platforması kimi dərk edilməsinə çağırış etdi. III Çarlzın sözügedən istiqamətdə verdiyi mesajlar bəzi dairələrdə artan təcridçi yanaşmalara cavab kimi də şərh oluna bilər.

Transatlantik həmrəylikdən bəhs etmişkən, Kral Qərbin ən böyük çağırışının xarici təhlükələrdən çox, daxildə yaranan siyasi parçalanma riskləri ilə bağlı olduğu fikrini söylədi. Məlumdur ki, son illərdə Avropa və ABŞ-da siyasi qütbləşmənin artması, populist ritorikanın güclənməsi, beynəlxalq öhdəliklərə selektiv yanaşma və strateji konsensusun zəifləməsi kollektiv qərarvermə modelini sınağa çəkib. III Çarlz bu fonda Qərb daxilində həmrəyliyin qorunmasını təhlükəsizlik zərurəti kimi təqdim etdi. Nitqdə demokratik institutlar və hakimiyyət balansı ilə bağlı vurğular ayrıca diqqət doğururdu. Monarxın bu məsələyə toxunması göstərdi ki, Qərbin gələcəyi siyasi institutların dayanıqlılığından da asılıdır.

Sonda bir məqamı da qeyd edək ki, III Çarlzın Vaşinqton səfəri post-Brexit reallıqları fonunda da yozula bilər. Çünki Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra qlobal rolunu yenidən müəyyən etməyə çalışır. Bu baxımdan Vaşinqtonla strateji münasibətlərin dərinləşdirilməsi Londonun xarici siyasət prioritetlərindən biri olaraq qalır. III Çarlzın səsləndirdiyi mesajlar da, müəyyən mənada, Britaniyanın bu axtarışlarını ideoloji və siyasi müstəvidə əsaslandırmağa xidmət edir söyləmək olar.

Nəzrin ELDARQIZI
XQ

Siyasət