Azərbaycan “qlobal tormozlanma”nın təsirini azaltmağa önəmli dəstək verir
ABŞ, İsrail və İran arasında baş vermiş hərbi toqquşmalar artıq bir müddətdir ki, atəşkəslə əvəzlənib. Lakin silahların susmasına baxmayaraq, Hörmüz boğazı ətrafında, faktiki olaraq, “soyuq müharibə” davam edir. Strateji əhəmiyyətə malik bu su yolu tərəflər arasında razılaşmanın əldə olunmaması səbəbindən hələ də bağlı qalır. Boğazın çıxış hissəsinə İran, girişinə isə ABŞ nəzarət edir.
Aydındır ki, Tehran və Vaşinqton qarşılıqlı təzyiq aləti kimi Hörmüz boğazından istifadə etməklə öz geosiyasi maraqlarını reallaşdırmağa çalışırlar. Nəticədə, qlobal iqtisadiyyat, Yaxın Şərqin enerji ixracatçıları, eləcə də bu regiondan neft və qaz idxal edən ölkələr ciddi təsirlərlə üzləşir. Gərginliyin davam etməsi, təbii olaraq, dünya enerji bazarlarında qiymətlərin artımına səbəb olur.
Aprelin 29-na olan məlumata görə, qlobal enerji bazarında neft qiymətləri yenidən yüksəliş nümayiş etdirib. “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin iyul müqaviləsi üzrə qiyməti 0,22 faiz artaraq bir barel üçün 111,5 ABŞ dollarına çatıb. Azərbaycan nefti də bahalaşma trendindən kənarda qalmayıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,04 ABŞ dolları və ya 1,79 faiz artaraq 115,89 ABŞ dolları təşkil edib və bununla da 116 dollara yaxınlaşıb.
Yeri gəlmişkən, cari ilin dördüncü rübündə “Brent” markalı xam neftin orta qiymətinin 90 dollar/barelə çatacağı proqnozlaşdırılır. Bu gözlənti ABŞ-ın aparıcı investisiya banklarından olan “Goldman Sachs” tərəfindən irəli sürülüb. Bankın qiymətləndirməsinə görə, “Brent” nefti ikinci rübdə 100 dollar, üçüncü rübdə isə 93 dollar səviyyəsində olacaq. Qeyd edək ki, dördüncü rüb üzrə əvvəlki proqnoz 80 dollar idi.
Analitiklər bildirirlər ki, Hörmüz boğazının uzun müddət bağlı qalması qlobal neft ehtiyatlarının sürətlə azalmasına səbəb olub. Aprel ayında gündəlik ehtiyat azalması 11–12 milyon barel təşkil edib ki, bu da rekord göstəricidir. Körfəzdə hasilatın sutkada 14,5 milyon barel azalması bazarda ciddi təklif çatışmazlığı yaradıb. “Goldman Sachs” hesab edir ki, təklif şoku davam edərsə, bu, tələbatın daha kəskin azalmasına gətirib çıxara bilər. Bundan əlavə, Körfəzdən neft ixracının bərpasının əvvəl gözlənildiyi kimi mayın ortalarında deyil, ən yaxşı halda iyunun sonuna qədər uzanacağı ehtimal olunur.
Hörmüz boğazının bağlanması aylıq 7 milyon tondan artıq mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün dayanmasına da səbəb olub. Bu isə regional qaz bazarlarında ciddi təchizat çatışmazlığı yaradıb. Məlumat Qaz İxrac Edən Ölkələr Forumunun hesabatında yer alıb. Hesabata görə, mart ayında qlobal qaz istehlakı azalıb. Xüsusilə Asiyada tələbatın zəifləməsi, LNG tədarükündəki fasilələr və qiymət artımı enerji istehlakında alternativ mənbələrə – kömür və bərpaolunan enerjiyə keçidi sürətləndirib.
Eyni dövrdə Avropa İttifaqı ölkələrində qaz anbarlarının doluluq səviyyəsi ötən ilin 37 milyard kubmetri ilə müqayisədə 30 milyard kubmetrə enib. ABŞ-da isə göstərici artaraq 53 milyard kubmetr təşkil edib. Boğazın bağlanması qlobal LNG tədarükünün təxminən 20 faizinin keçdiyi marşrutda axınları pozaraq spot qiymətlərin kəskin yüksəlməsinə gətirib çıxarıb. Nəticədə, mart ayında Avropada qaz qiymətləri aylıq müqayisədə 58 faiz, Şimal-Şərqi Asiyada isə 94 faiz artıb. Ümumilikdə, cari ildə qlobal təbii qaz tələbatının və istehsalının təxminən 1,2 faiz artacağı gözlənilir. Bununla belə, bazardakı dinamika əsasən Yaxın Şərqdəki geosiyasi vəziyyətdən asılı olaraq qalır.
ABŞ ilə İran arasında davam edən qarşıdurmanın mənfi təsirləri bır sıra regionlarda ciddi fərqlə hiss olunur. Enerji qıtlığı Avropa ölkələrinin maliyyə imkanlarına əlavə təzyiq göstərərək iqtisadi dayanıqlılığı zəiflədir. Məsələn, aparıcı beyin mərkəzi Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutu (NIESR) xəbərdarlıq edir ki, İrandakı müharibənin yaratdığı enerji böhranı hətta ən yaxşı ssenaridə belə Böyük Britaniya iqtisadiyyatına təxminən 35 milyard funt sterlinq (46,7–47,3 milyard dollar) zərər vura bilər. İnstitutun qiymətləndirməsinə görə, Yaxın Şərqdə münaqişənin uzanması 2026-cı ilin ikinci yarısında ölkədə iqtisadi tənəzzül riskini artırır. NIESR direktoru Devid Eykman bildirib ki, bu vəziyyət hökumətin iqtisadi artımı bərpa planlarına ciddi zərbə vurur və Böyük Britaniyanın qlobal enerji şoklarına həssaslığını üzə çıxarır.
Bundan əlavə, Şərqi və Cənubi Asiya ölkələri də yaranmış vəziyyətdən kənarda qalmır. Bu regionlar enerji idxalından yüksək dərəcədə asılı olduqları üçün qlobal bazarlarda qiymət artımı və təchizat zəncirindəki pozuntular onların iqtisadi artım tempinə mənfi təsir göstərir, istehsal xərclərini artırır və inflyasiya təzyiqlərini gücləndirir.
Ekspertlərin fikrincə, Hörmüz “düyünü”nün açılmaması Şərqi Asiya ölkələrinin enerji strategiyalarına təsir göstərəcək. Artıq Yaponiya, Cənubi Koreya və Çin kimi iri enerji idxalçıları bu sahədə divesifikasiya etməyi planlaşdırırlar. Qeyd olunan ölkələr Xəzər hövzəsindən neft ixracını həyata keçirə bilərlər. Tokio enerji təhlükəsizliyini gücləndirmək məqsədilə uzun illərdir Xəzər regionuna xüsusi diqqət ayırır. Məlumatlara görə, Yaponiya regionun enerji resurslarına strateji marağını göstərir.
Cənubi Koreya da oxşar istiqamətdə fəal addımlar atır. Seul ilə Astana arasında mart ayında imzalanmış razılaşmalara əsasən, təxminən 18 milyon barel neft tədarükü planlaşdırılır. Eyni zamanda, Çin “Kəmər və yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizi dəstəkləyərək Avrasiya boyunca enerji və nəqliyyat infrastrukturuna iri həcmli sərmayələr yönəldir. Bu proseslər Xəzər regionunun həm enerji mənbəyi, həm də tranzit mərkəzi kimi əhəmiyyətini artırır. Azərbaycan isə zəngin resursları və inkişaf etmiş nəqliyyat şəbəkəsi sayəsində Orta Dəhlizdə əsas rol oynayaraq, öz mövqeyini Avrasiya enerji logistikasının aparıcı qovşaqlarından biri kimi daha da gücləndirir.
M.BAĞIRLI
XQ

