Bu mövzu qlobal beyin mərkəzlərinin, xarici və yerli ekspertlərin gündəmindədir
Yaxın Şərq münaqişəsinin dünyanın bir çox ölkələrinin enerji təchizatına mənfi təsir göstərdiyi danılmaz faktdır. Doğrudur, postsovet respublikaların münaqişə tərəfləri ilə birbaşa ticarət əlaqələri geniş deyil, amma Körfəz dövlətləri ilə yanaşı, Avropanın, eləcə də dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələri üçün risk amili olaraq qalır. Bəs hərbi əməliyyatların Cənubi Qafqazdakı geosiyasi proseslərə, Azərbaycan–Ermənistan sülh prosesinə, qlobal logistik layihələrə, o cümlədən “Tramp marşrutu”nun reallaşması perspektivinə təsiri varmı? Bu sual hazırda bölgənin ekspert icmasının gündəmindəki mərkəzi mövzudur. Yanaşmalar kimi fikirlər də müxtəlifdir. Bəzi analitiklərin qənaətincə, müharibə ABŞ-ın ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra regiona artan diqqətini zəiflədə, TRIPP layihəsinin taleyini isə sual altında qoya bilər.
Bir ay bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərdarlıq etmişdi: “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” (TRIPP) adlanan layihənin həyata keçirilməsi ABŞ və İsrailin İrana qarşı davam edən müharibəsi səbəbindən gecikə bilər”. Bu barədə BBC-nin “Sülh prosesinin sınağı: İranda müharibə “Tramp yolu”na və Ermənistan–Azərbaycan münasibətlərinə təhlükə yaradırmı?” sərlövhəli analitik məqaləsində yazılıb. Müstəqil ekspertlər TRIPP layihəsinin Ermənistan–Azərbaycan sülh prosesinin mərkəzi elementi hesab olunduğu və onun tamamlanması ilə bağlı yarana biləcək problemin iki ölkə üçün mənfi nəticələri yönündə xəbərdarlıq xarakterli açıqlamalar verirdilər. Ermənistan baş nazirinin “Tramp yolu” hazırda ABŞ üçün prioritet deyil” açıqlamasına az sonra Ağ Evdən reaksiya verildi. “Armenpress” agentliyinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin bəyanatında bildirilirdi: “ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlki kimi TRIPP layihəsinin həyata keçirilməsinə sadiqdir. Bu layihə Vaşinqton üçün əsas prioritetlərdən biri olaraq qalır, çünki Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh və rifaha kömək etmək potensialına malikdir”. Ekspertlərin bir qismi hesab edir ki, İranda faktiki olaraq, hakimiyyəti ələ keçirmiş İran İnqilabı Keşikçiləri Korpusu ölkənin şimal sərhədi yaxınlığında yerləşən və ABŞ-ın nəzarətində olan ticarət və nəqliyyat dəhlizinə qarşı daha da aqressivləşəcək. Bunu Azərbaycan üçün ən pis proqnozlardan biri saymaq olar.
***
Cənubi Qafqaz üzrə tanınmış analitiklər hesab edirlər ki, Yaxın Şərq müharibəsi bütövlükdə Azərbaycan–Ermənistan sülh prosesinə, TRIPP layihəsinə mənfi təsir göstərə bilər. Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə analitiki Coşua Kucera hesab edir ki, əgər TRIPP-in tikintisi gecikdirilsə və ya ümumiyyətlə ləğv edilsə, bu, Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün mənfi nəticələrə gətirib çıxaracaq. O qeyd edib ki, ABŞ və İsrailin İranla müharibəsi Azərbaycanın Ermənistan ərazisindən keçən yola olan ehtiyacını yalnız artırıb. İran üzərindən ticarət pozulub. “Cənubi Qafqazda ABŞ-ın fəallaşması Ermənistan–Azərbaycan münasibətlərində əhəmiyyətli irəliləyiş üçün katalizator rolunu oynayıb”, – deyən ekspert hər iki ölkənin liderlərinin Trampın münaqişənin sona çatdırılmasında “tarixi rolunu” xüsusi qeyd etdiklərini də nəzərə çatdırıb: “Əgər aşkar görünsə ki, Vaşinqton artıq bununla maraqlanmır, o zaman hər şey daha kövrək olacaq”.
Kuçera öz təhlilində bir az da irəli gedərək hazırda vəziyyətin son dərəcə qeyri-sabit və dinamik olması səbəbindən nəticəni proqnozlaşdırmanın çətinliyini də etiraf edir: “Sülh sazişinin mətni ortada olsa da, yekun sənəd hələ imzalanmayıb. Bu prosesdə çox çətinliklə əldə edilən irəliləyiş hazırda özünün kövrək fazasında qalmaqdadır. Əsas risk Ermənistan və Azərbaycan arasında müharibənin bərpası deyil, ümid edək ki, bu, keçmişdə qalıb. Bundan daha ciddi məqam Vaşinqtonun diqqətini yayındırmaqdır. Sülh prosesinə nəzarət edən amerikalı diplomatlar tam olaraq İran ətrafında baş verən hadisələrə transformasiya vəziyyətindədirlər. Bəli, biz daha nikbin ssenari gözləyirdik, lakin hazırda irəliləyişin planlaşdırıldığından daha yavaş getməsi ilə bağlı narahatlıqlar var”.
Mövzu ilə bağlı XQ-yə açıqlamasında qərbli analitik Coşua Kuceranın bu fikirlərində yanlışlığın yer aldığını bildirən siyasi icmalçı Tofiq Abbasov Yaxın Şərq münaqişəsinin TRIPP layihəsinə bilavasitə təsiri ilə bağlı gəldiyi qənaəti ilə razılaşmadığını bildirdi: “Keçən ilin avqustunda Vaşinqtondakı üçtərəfli görüş zamanı bölgədə TRIPP adlanan (əslində, Tramp layihəsidir) layihənin reallaşdırılması üçün olduqca əlverişli şəraitin yarandığını və bundan istifadənin vacibliyini qeyd etdilər. Əslində, bu strateji layihənin gerçəkləməsinin üzərinə qara buludları Yaxın Şərq münaqişəsi deyil, Ermənistanın bu platformada ikibaşlı oyun oynaması gətirir. Son günlər nəyi müşahidə edirik? Azərbaycana Avropa ölkələrinin liderlərinin səfərləri intensivləşib. Litva, Latviya, Ukrayna, Çexiya rəhbərləri ölkəmizdə oldular, mayın 5-də İtaliyanın Baş naziri Corcia Meloninin səfəri gözlənilir, ardınca Serbiya rəhbəri Aleksandar Vuçiç Azərbaycan Prezidentinin dəvəti ilə Bakıya təşrif buyuracaq. Bunlar onu göstərir ki, Azərbaycan makroregional əlaqələrin yaradılmasında müstəsna rol oynayır. Sadaladığımız ölkələr buna görə Asiya ilə körpüləri məhz Azərbaycan üzərindən qurmağa üstünlük verirlər. İrəvan bütün bunları yaxşı görsə də, ölkəmizin yaratdığı tranzit imkanlarından bəhrələnsə də, yenə nankorluq və satqınlıq niyyətindən əl çəkmir. Bunun bariz nümunəsi: Ermənistan rəhbərliyi Avropa İttifaqından ölkəsinə ikinci monitorinq missiyasını dəvət edib. Əgər bu təşəbbüs seçkilərlə bağlıdırsa, onda nəyə görə onlara ikiillik mandat verilib? Bu azmış kimi, Ermənistan bəzi rəsmiləri Azərbaycanı Türkiyə ilə münasibətlərinin normallaşmasına maneçilik törətməkdə ittiham etməkdən belə çəkinmirlər. Nikol Paşinyan isə özünü bütün bunlardan xəbərsiz kimi aparır. Bəli, TRIPP layihəsinin inşası ilə bağlı rəsmi İrəvanın şübhəli və ikibaşlı oyun oynadığını söyləyə bilərik”.
***
Azərbaycan və Ermənistan arasında sülh prosesinin müqəddəratı ilə bağlı avropalı politoloq Kuceranın fikirləri ilə razılaşmadığını bildirən T.Abbasov hesab edir ki, 7 iyun seçkilərindən sonra Ermənistan iqtidarının sərgiləyəcəyi mövqeyi gözləmək lazımdır: “Hazırda biz İrəvanın əvvəlki illərdə olduğu kimi, iyrənc və çirkin siyasi oyunlarına baş vurduğunu müşahidə edirik. Siyasi məntiq onu deyir ki, Ermənistan TRIPP-lə bağlı Azərbaycanla heç bir razılığa gələ bilməyəcəyi mesajlarını verir. Bütün bu oyunların başında bir məsələ dayanır: Azərbaycanla sülh prosesinin aqibəti necə olacaq? Bəli, Ermənistanın siyasi rəhbərliyi yaxşı anlayır ki, indi Vaşinqtonun, ABŞ Prezidenti Donald Trampın başı İran məsələsinə qarışıb. Ona görə TRIPP layihəsi ilə altdan-altdan anti-Azərbaycan ritorikasını işə salıblar. Necə ola bilər ki, məsələni gündəmə gətirən Azərbaycanın bu layihənin gerçəkləməsində rolu olmasın? Bilirsiniz, İrəvan həm sülh prosesi, həm də TRIPP-in reallaşması ilə bağlı mövqeyini yenə Aİ və Avropanın ayrı-ayrı ölkələri ilə əlaqələrinə güvənərək müəyyənləşdirir. Yəni bu zaman Ermənistan hakimiyyəti ABŞ-ı da aldadır. Mayın əvvəlində Fransa prezidenti Emmanuel Makron İrəvana gəlir. Fransa, Belçika, Niderland və digər ölkələrin parlament qrupları Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı yeni qətnamələr hazırlayırlar. Məqsəd danışıqlarda Azərbaycan üçün problem yaratmaq, Ermənistana güzəştə getməyə məcbur etməkdir. Bu qərəzli və ikili standartlı cəhdlərin heç biri alınmayacaq. Əminəm ki, rəsmi Vaşinqton bu məsələlərə sağlam məntiq və dürüst diplomatiya prizmasından yanaşaraq, öz qiymətini verəcək”.
Yerli və xarici ekspertlərin fikirlərini ümumiləşdirərək onu da qeyd edək ki, Avropanın Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrin tamhüquqlu geosiyasi aktor kimi iştirakçısı olduğu dönəm arxada qalıb. Bu gün Avropa İttifaqının bölgəyə müdaxilə resursları yoxdur. Həm də onun üçün Qafqazın daxili işləri ilə məğul olmaqdan daha çox enerji təhlükəsizliyi prioritet sayılır. Bu məsələ ilə gündəliyi müəyyənləşdirən və onu irəli aparan Azərbaycandır. Fransa “kiçik bacısı” Ermənistanı yenə fəal surətdə dəstəkləsə də, enerji maraqları olan digər ölkələr Azərbaycanın yanındadırlar. Yəni mövcud reallıqda Brüssel üçün Cənubi Qafqazla bağlı, Ermənistanın maraqlarına xidmət edəcək yeni strategiya hazırlamaq və onu həyata keçirmək olduqca çətindir. Demək olar ki, mümkünsüzdür. Yaxın Şərq münaqişəsinin tezliklə başa çatacağına ümidlər böyükdür. O zaman Günəş bütün qaranlıqların üzərinə işıq salacaq və kölgələr də yox olacaq...
İmran BƏDİRXANLI
XQ


