Özbəkistan və Əfqanıstan Məzari-Şərifdə dövlət-özəl tərəfdaşlığı yolu ilə müasir xəstəxananın tikintisi barədə razılığa gəlib. Bu barədə Özbəkistan Səhiyyə Nazirliyinə istinadən “Kaliber.az” məlumat yayıb.
Məlumata görə, Əfqanıstana səfəri zamanı Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov başda olmaqla nümayəndə heyəti Əfqanıstanın səhiyyə naziri və Bəlx əyalətinin rəhbərliyi ilə danışıqlar aparıb. Tərəflər səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi və tibbi infrastrukturun inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Əfqanıstan tərəfi bir neçə bölgədə tibb müəssisələrinin çatışmazlığını və xərçəng xəstəliyinin artmasını qeyd edərək, Özbəkistana praktik dəstək üçün müraciət edib. Prioritetlərə yeni xəstəxananın tikintisi, mütəxəssis təlimi, xəstələr üçün sadələşdirilmiş viza prosedurları və dərman təchizatının yaxşılaşdırılması daxildir.
Əldə edilən razılığa əsasən, layihə Arman Group ilə birgə həyata keçiriləcək. Əfqanıstan tərəfi investisiya qoyacaq və mövcud binanı tibb müəssisəsi kimi istifadəyə uyğunlaşdıracaq, onu müasir avadanlıqlarla təchiz edəcək, Özbəkistan isə ixtisaslı tibb işçiləri ilə təmin edəcək.
P.ƏMİRCANOV
XQ

