EPF Koalisiyası Ermənistanın ekoloji cinayətlərini pisləyib

post-img

Dünən Bakıda “Environmental Protection First” Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə, Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçiriblər. 

EPF Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, koalisiya 2023-cü ilin yayında ölkədə fəaliyyət göstərən 4 qeyri-hökumət  təşkilatının Ermənistanın xarici investorların dəstəyi ilə Azərbaycanın tarixi torpaqları olan Arazdəyən ərazisində metallurgiya zavodunu tikmək barədə bəyanat verməsindən sonra yaradılıb: “Sonra bu sahə üzrə ixtisaslaşmış müstəqil ekspertləri də prosesə cəlb etdik. Mütəmadi olaraq səsləndirdiyimiz etiraz bəyanatları nəticəsində zavodun tikintisinin dayandırılmasına qərar verildi”.        

Brifinqdə qeyd edilib ki, 2023-cü ildə “Azərkosmos” Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən 20-dən çox dağ-mədən sənayesi müəssisəsinin fəaliyyətinin kosmik təsvirləri təqdim edib. Bu təsvirlərdə 1990-cı illərin sonlarından və son 3 ilə yaxın müddətdə həmin ərazilərdəki dəyişiklik, torpaqların vizual təsviri əks olunub. Bununla bağlı Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrin iştirakı ilə geniş təqdimat keçirilib. 

Azərbaycan vətəndaş cəmiyyətləri tərəfindən fəaliyyətin gücləndirildiyini vurğulayan həmtəsisçi, bu məsələlərin bütün beynəlxalq tribunalarda qaldırıldığını da vurğulayıb. O qeyd edib ki, Ermənistan minalar vasitəsilə də ərazilərimizə kifayət qədər zərbə vurub. Bu da köçkünlərin öz torpaqlarına vaxtında qayıtması imkanlarını məhdudlaşdırır. Ona görə də mina təhlükəsi neytrallaşdırılmalıdır.

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, EPF Koalisiyasının eksperti Leyla Əliyeva bildiriblər ki, Ermənistan Azərbaycanla ekoloji sahədə tam şəffaf və konstruktiv şəkildə əlaqə qurmalıdır. 

XQ

 

Ekologiya