Zaxarovanın eyhamları – üçtərəfli bəyanat reallığı

post-img

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi  brifinqində Ermənistanın baş naziri Nikol Paşinyanı, necə deyərlər, ağ yuyub, qara sərdi. Əvvəlcə, rusiyalı rəsminin bu ritorikasının konkret səbəblərindən söz açaq. 

Ümumən, rəsmi İrəvanın 44 günlük müharibəyə son qoymuş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, o cümlədən, bütövlükdə üçtərəfli bəyanatlar sistemindən boyun qaçırdığı məlumdur. 2020-ci ildən ötən müddətdə bununla bağlı tendensiyanın ən müxtəlif formalarını görmüşük. Erməni iqtidarı əvvəl Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələrini saxladı, sonra Laçın dəhlizi məsələsində manipulyasiyalara yol verdi və ilaxır. Siyahını genişləndirmək də olar, amma ehtiyac duymuruq. Ona görə ki, Azərbaycan haqqı olanı əldə edib və bundan sonra da əldə edəcək. İndiki durumda ölkəmiz, obrazlı desək, vəhşi heyvanın başını kəsmiş durumdadır və heç şübhəsiz, bıçağı onun üstündə saxlamayacaq. Ancaq başı bədənindən ayrılmış vəhşinin can verərkən, çapaladığını da görürük. 

Ermənistanın son zamanlardakı çapalamaları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu maddəsini yerinə yetirməmək üstündədir. Paşinyanın bir müddət əvvəl keçirdiyi mətbuat konfransında dediklərindən belə nəticə çıxmışdı ki, həmin sənəd Ermənistanın müharibə məğlubu obrazını müəyyənləşdirmir, eyni zamanda, bəyanat Azərbaycana qalib dövlət üstünlüyü vermir. 

Nikol bir neçə gün öncəki “Yerevan dialoqu” fonunda çıxış edərkən də mövzuya bir qədər fərqli prizmadan yanaşmış və demişdi ki, üçtərəfli bəyanatın Ermənistan ərazisində təhlükəsizliyin üçüncü qüvvələr və ya ölkə tərəfindən təmin edilməsini nəzərdə tutduğunu təsəvvürə gətirməyə cəhdlər göstərilir və belə hallar yolverilməzdir. Göründüyü kimi, hər iki məsələ bir-birinə çox yaxındır. Paşinyan birinci deyimində Azərbaycanın tələbini, ikinci deyimdə isə Rusiyanın mənafeyini nəzərə almadığını sübuta yetirir. Bunu üçtərəfli bəyanatda öz imzasının olduğunu bilərək edir. İndi Zaxarovanın da dediyi odur ki, imza heç də uşaq oyuncağı deyil. 

Bəli, M.Zaxarova vurğulayır ki, Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndini sitat gətirərkən, orada Azərbaycanla Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməsini nəzərdə tutan hissəyə məhəl qoymur. Bu yerdə həmin 9-cu bənddə yer alan məqamları diqqətə çatdıraq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

“Maneəsiz hərəkətin təşkili” ölkəmizin “Azərbaycandan Azərbaycana yol” məntiqi ilə səsləşir. Rəsmi Bakı tələb edir ki, Naxçıvana yolda hansısa sərhəd və gömrük nəzarəti olmasın. Ermənistan isə ərazi bütövlüyü və suverenlik məsələsini bayraq edərək, buna qarşı çıxır. Həmçinin, üçtərəfli bəyanatın “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir” müddəasını da özünün dövlət prinsiplərinə zidd sayır. Paradoksa diqqət yetirək: Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qoruyur, indi Nikol və komandası ərazi bütövlüyündən və suverenlikdən dəm vururlar. Bu azmış kimi, ölkəmizi və Rusiyanı qeyri-konstruktivlikdə də qınayırlar.

Əlqərəz, Zaxarova bildirir ki, əgər Ermənistan rəhbərliyi sözügedən 9-cu bəndə, ümumən, üçtərəfli Bəyanata məhəl qoymursa, yəni adekvat davranmırsa, buyursun, sənəddən rəsmən imtina etsin. Ancaq “Biz belə bir istək eşitməmişik. Nə diplomatik kanallarla, nə də ictimai müstəvidə bu barədə məlumat verilməyib”, – deyən Zaxarova Ermənistanın manipulyasiyaya yol verdiyini də açıqlayıb: “Axı söhbət beynəlxalq hüquqdan, tərəflərin imzaladıqları, mütəmadi olaraq istinad etdikləri sənədlərdən gedir. Nəinki bu sənədlərdən danışır, hətta sitat gətirirlər. Bunları isə sehrli çubuq dalğası ilə deyil, öz töhfəsini verən, yazılanların reallığa çevrilməsi üçün təkcə vaxtını deyil, bəzən həyatını da qurban verən insanlar həyata keçirirlər. Ona görə də mənə elə gəlir ki, sənədlərdən sitat gətirməyə belə qeyri-ciddi, hətta məsuliyyətsiz yanaşmaq olmaz”.

İlk cümləmizdəki “ağ yuyub, qara sərmək” dedikdə Zaxarovanın məhz bu fikirlərini nəzərdə tuturduq. Hesab edirik ki, xanım sözçünün dilə gətirdikləri Paşinyanı uşaq kimi danlamaqdır. Hərçənd, Nikol sırtılmış uşaq kimidir. Onun nəinki bir danlağı, hətta danlaqları adi qarşıladığı məlumdur. Təkcə Paşinyan deyil, bütövlükdə, Ermənistan hazırda möhkəm döyülmüş, çoxsaylı zərbələrə məruz qalmış, ölümdən qurtulduqdan sonra onu döyənə cavab qaytaran, özünü, guya, heç nə olmamış kimi aparana bənzəyir. 

İmtinadan söz düşmüşkən isə bildirək ki, Nikol haqqında söz açdığımız mətbuat konfransında ölkəsinin üçtərəfli bəyanatdan imtina etməyəcəyini də bildirmiş və demişdi ki, belə bir qərar Ermənistanın öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı anlamını daşıyar. O, bu məsələ ilə bağlı fikirlərini davam etdirərək, guya, Azərbaycanın və Rusiyanın üçtərəfli bəyanata məhəl qoymadığını vurğulamışdı. Həm döyüləsən, həm döyülmədiyini deyəsən, həm də səni döyənə qarşı çıxasan. Bir atalar misalında deyildiyi kimi, utanmasan oynamağa nə var?

Amma başqa bir atalar misalında deyilir ki, keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtünər. Hazırda Ermənistan əvvəldə bildirdiyimiz kimi, həm başı kəsilmiş vəhşi heyvan durumundadır, həm də zopa istəyən keçinin. Zaxarova isə kifayət qədər diplomatikdir. O, həm ölkəsinin üçtərəfli Bəyanatın ərsəyə gəlməsinə əmək verdiyini, həm də Ermənistanın 44 günlük müharibə dönəmində düşdüyü son dərəcə acınacaqlı durumu xatırladır. Əlbəttə, xanım sözçü başqa məqamlara da diqqət yetirir. Məsələn, deyir ki, hansısa konyuktura naminə əsl mahiyyəti görməməyin cəzasını nəsillər çəkdi və sülh uğrunda mübarizə aparan, müxtəlif vəziyyətlərdə olan, bu və ya digər şəkildə bölgəsi üçün dinc gələcək istəyənlərə hörmət edilməlidir: “Biz müvafiq sənədlərin müddəalarını işlədənlərin həm də regionda sülh və sabitlik naminə səylərinə hörmətlə yanaşmalı, sözlə oynamamalıyıq. Ən başlıcası budur ki, məsuliyyətli siyasətçilər mürəkkəb tarixi proses nəticəsində hazırlanmış sənədlərə qarşı məsuliyyətsiz davranmamalıdırlar”.

Görəsən, M.Zaxarova Paşinyana Ermənistanın 44 günlük müharibədə Azərbaycanın əlindən alanın Rusiya olduğunu daha necə xatırlatmalıdır? Xanım sözçü son günlər keçirdiyi brifinqlərin, demək olar, hamısında bununla bağlı eyhamlar səsləndirir, amma rəsmi İrəvan onun dediklərindən nəinki nəticə çıxarmır, hətta anti-Rusiya və anti-Azərbaycan ritorikasını bir qədər də gücləndirir. Belə getsə, Zaxarova savaş günlərində erməni baş nazirin Prezident Vladimir Putinə davamlı yalvarışlarından da danışmalı olacaq. Başqa çarə yoxdur. Hərçənd, bunun da Paşinyana və komandasının üzvlərinə elə bir təsirinin olmayacağı məlumdur. Necə deyərlər, ilan ulduz görməsə, ölməz. 

Ə.RÜSTƏMOV 
XQ

 

Siyasət