AMEA elmi fəaliyyətin yeni mərhələsində

post-img

I məqalə

Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir.  Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Elm fenomeni və müasir Azərbaycan

Elm Azərbaycan üçün ən aktual mövzulardan biridir. Cəmiyyətin müxtəlif kəsimlərinin bu mövzuda fikir bildirməsi çox lazımlıdır. Elm elə bir sahədir ki, onun haqqında peşəkar səviyyədə və konstruktiv aspektdə fikir söyləməyin əhəmiyyəti böyükdür. Çünki XXI əsr cəmiyyəti üçün elmi fəaliyyətin təşkili, elmi yaradıcılığın nəticələri və onların praktiki tətbiqi strateji mahiyyət daşıyır. 

Çox yaxşıdır ki, Azərbaycan cəmiyyətində son illər elm və təhsilə cəmiyyət həssaslıqla yanaşır. Əslində, indiki mərhələdə elmlə təhsili bir-birindən ayırmaq müasir tələblərə uyğun gəlmir. Elmi yaradıcılığın təməli təhsillə qoyulur. Artıq dünyanın elm sahəsində aparıcı mövqe tutan dövlətləri məsələnin məhz bu tərəfinə daha çox diqqət yetirirlər. 

Nümunə üçün göstərə bilərik ki, ABŞ, Avropa, Latın Amerikası, Uzaq Şərq ölkələrində hətta azyaşlı məktəblilərdə fənlərarası yaradıcılıq qabiliyyətini xüsusi proqramlar vasitəsilə yaratmaq və inkişaf etdirməyin yollarını axtarırlar.  Bu istiqamətdə aparılan tədqiqatlar göstərir ki, təhsil pilləsində fənlərarası sferada yaradıcı gəncləri yetişdirmək mümkündür və bunun üçün xüsusi tədris proqramları hazırlamaq olar. Və bu zaman, məsələn, Uzaq Şərqin təcrübəsi ilə Qərbin təcrübəsi fərqlənə bilər. Konkret olaraq, Sinqapurda, Malayziyada və Vyetnamda aparılan ­araşıdırmalara görə, bu dövlətlərin pedaqoqlarının fənlərarası yaradıcılıq haqqında anlayışları ABŞ, Avropa və Latın Amerikasından fərqlənir. Deməli, hər ölkənin təhsil sistemi özünəməxsus proqramlar hazırlamalıdır. 

Bu və buna bənzər gerçəkliklər eyni zamanda, dövlətin elmi müəssisələrinin fəaliyyətində keyfiyyət dəyişikliklərinin edilməsi zərurətini meydana çıxarır. Məlumdur ki, Azərbaycanda, müxtəlif nazirliklərin tərkibində 134 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Ölkənin ali elmi təşkilatı olan AMEA indiki formada humanitar və ictimai elmləri, habelə sosiologiya sahələrini əhatə edir. AMEA-nın tərkibində iki regional elmi bölmə və iki elmi mərkəz fəaliyyət göstərir. Bundan başqa, əgər AMEA-nın tərkibində 11 elmi tədqiqat institutu varsa, Elm və Təhsli Nazirliyi sistemində 27 elmi tədqiqat institutu fəliyyətdədir.  

Təbii ki, AMEA elm sahəsində həmişə aparıcı rol oynamışdır və indi də bu davam etməlidir. Fikrimizi təsdiq edən bir neçə nümunə göstərə bilərik. 

1993-cü ildə ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya gələndə ilk görüş yeri kimi AMEA-nı seçdi və Azərbaycan alimləri ilə səmimi müzakirələr apardı. Prezident İlham Əliyev Heydər Əliyevin bu addımının səbəbini AMEA-nın 60 illik yubiley tədbirində belə izah etmişdir. “O görüş rəmzi xarakter daşıyırdı. Çünki Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir”.  

Bu fikirlərdə çox mənalar əksini tapmışdır. Birincisi, Azərbaycanda elmin ciddi ənənəsi vardır. İkincisi, Ulu öndər AMEA-nın elmi fəaliyyəti ilə cəmiyyətin elitasının formalaşmasında aparıcı rol oynadığına inanır və güvənirdi. Üçüncüsü, Prezident İlham Əliyev AMEA-nın “Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən” etdiyinə əmindir. 

Nümunə kimi gətirilən tezislərin fonunda Ulu öndərin aşağıdakı fikri də çox əhəmiyyətlidir: “Hansı iqtisadiyyat olursa-olsun elm inkişaf etməlidir, ötən dövrdə Elmlər Akademiyasının çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir”.

Ulu öndərin bu mövqeyini Prezident ­İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr edilmiş ümumi yığıncaqda belə demişdir: “Bu 70 ildə akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. 

Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar”.

Gətirilən nümunələrdən və AMEA-nın fəaliyyətinin tarixindən aydındır ki, Azərbaycanda ciddi elm vardır! 

Bununla yanaşı, elmlə bağlı məsələnin başqa aktual tərəfi də mövcuddur. Biz əsas olaraq onun üzərində dayanmaq istərdik. Fikrimizi bir neçə qısa və lakonik tezislər vasitəsilə ifadə etmək istərdik. 

Birincisi, Azərbaycanda yuxarıda vurğuladığımız kimi, elmlə məşğul olan çox sayda təşkilat vardır. Bu, o deməkdir ki, söhbət ciddi və peşəkar səviyyədə elmdən gedirsə, hər bir elmi təşkilatın məsuliyyətindən danışmaq lazımdır. Bunu nəzərə almadan bir sıra KİV orqanlarında hər hansı elmi təşkilata “Nə işlə məşğuldur?” sualını ünvanlayıb, dərhal da mənfi cavab verməyin adı populizmdir. Yanaşma baxımından isə diletantlıqdır. Həm də elmin yaradıcılıq sahəsi və onun sosial funksiyaya malik sfera olması ilə bağlı müasir təsəvvürlərə malik olmamaq deməkdir. 

İkincisi, müasir mərhələdə elm bütün dünyada dövlətçilik, cəmiyyətə və dövlətə xidmətlə bağlı araşdırılır. Elmi fəaliyyətlər həmin istiqamətdə təşkil edilir və yeniləşdirilir. Əsas məqamlardan biri ondan ibarətdir ki, bu zaman konkret dövlətin elmi ənənəsi ciddi nəzərə alınır. Öz ənənəsini inkar edib və ya onun özəlliklərini nəzərə almadan “yeniləşmək həvəsi”nə düşənlər, ümumiyyətlə, qısa müddətdə özləri “düşürlər”.   

Üçüncüsü, elm həmişə kollektiv fəaliyyətdir. Həm yaradıcılıq üsulu baxımından, həm də elmi fəaliyyətin təşkili aspektindən belədir. Ölkə miqyasında təşkilati səviyyədə götürdükdə bu, o deməkdir ki, Azərbaycanda elmlə məşğul olan bütün təşkilatların koordinasiyalı fəaliyyəti sayəsində elmdə köklü və ciddi yenilik etmək mümkündür. Onda sual belədir: Azərbaycanda AMEA-dan başqa hansı elmi təşkilat ölkə miqyasında bu məsələni aktuallaşdırıb və konkret hansı addımları atıb? Mən bu suala, təəssüf ki, müsbət cavab verə bilmirəm!

Bu üç tezisin işığında Azərbaycanda elm sahəsində mövcud vəziyyəti və onun perspektivli inkişaf iqtiqamətlərini təhlil edə bilərik.

Elmin transformasiyası 

Əlbəttə, indi “transformasiya” termini dəbdədir. Onu rast gəlinən hər bir sosial, mənəvi, mədəni, iqtisadi, əxlaqi, idarəetmə, ekoloji və s. proseslərə aid edirlər. Lakin onu da bilmək gərəkdir ki, “transformasiya”nı ciddi surətdə hər hansı sahəyə aid edəndə, konkret məzmununu da verməlisən. Yəni danışdığımız sfera üçün “transformasiyanın məzmunu, reallaşma mexanizmi və məqsədi nədir?” sualına mütləq izah lazımdır. O cümlədən, bir alim elmin transformasiyasından danışırsa, mütləqdir ki, nəyi nəzərdə tutduğunu izah etsin. Əks halda, bu nəticəverici olmayan, boş ifadəyə çevrilir.

Müasir anlamda elmin transformasiyası anlayışı beş aspekti özündə birləşdirir. Birinci aspekt elmi yaradıcılığın yeni səviyyəyə yüksəldilməsidir. Bunun da öz növbəsində iki daxili aspekti vardır – nəzəri və praktiki-tətbiqi. Nəzəri olaraq elmi yaradıcılığın transformasiyası (fərz edək ki, burada “transformasiya” dedikdə elmi yaradıcılığın keyfiyyətcə yeni səviyyəyə keçidinin nəzərdə tutulduğunu qəbul edirik, yəni bu tezislə bağlı ümumi konsensusa nail olunmuşdur) alınan nəticələrin çevik surətdə praktiki-tətbiqi reallaşması ilə uyğunluq təşkil edir.

Dünya təcrübəsi göstərir ki, sovet sisteminə daxil olan ölkələrdə praktiki-tətbiqi aspekt zəif inkişaf etmişdir. Hətta bu aspektdə güclü elmi potensiala malik olan Rusiya Tanzaniyadan belə geridə qalır! Deməli, ciddi olaraq elmi yaradıcılığın nəzəri ilə praktiki aspektlərinin uyğunluğuna nail olmaq istəyiriksə, buna təcrübə gərəkdir. Təcrübə də nəzəri modelin və ya konsepsiyanın hazırlanmasından sonra onun praktiki tətbiqini həyata keçirməyi tələb edir. Yəni burada istənilən dövlət üçün sınaq, səhvlər və onların üzərində işləmək təcrübəsinin toplanması mütləqdir. Deməli, birinci aspekt özlüyündə mürəkkəb, sistemli və ierarxik struktur-funksional özəlliyə malik prosesdir. 

Elmi transformasiyanın ikinci aspekti təşkilatın struktur-funksional olaraq yeniləşməsi ilə bağlıdır. Bu da öz növbəsində yeni struktur vahidlərinin yaradılmasını və funksional kontekstdə onların təkmilləşməsini tələb edir. 

Elmi transformasiyanın üçüncü aspekti bu fəaliyyətin müasir tələblərə uyğun təşkilini nəzərdə tutur. Bu proses mürəkkəb struktur-funksional mahiyyətə malikdir. Konkret olaraq, böyük elmi təşkilat üçün söhbət elmi tədqiqat institutları çərçivəsində yaradıcılıq və elmi fəaliyyət proseslərinin harmoniya şəklində yeniləşməsindən, institutlararası əlaqələrin təşkilinin beynəlxalq təcrübə əsasında yenidən təşkilindən, təşkilatda, ümumiyyətlə, elmi idarəetməni yeniləşdirməkdən, dünyanın müxtəlif elmi mərkəzləri ilə əlaqələrin fərqli səviyyəyə yüksəldilməsindən və alınan biliklərin praktikaya çevik tətbiqi mexanizmlərini formalaşdırmaqdan gedir. Bu da elmi təşkilatın düşünülmüş, əhatəli, sistemli və perspektivli fəaliyyət kursunu hazırlaması deməkdir. Razılaşaq ki, məsələnin bu tərəfi də fəaliyyət birliyi və zaman tələb edir.

Elmi transformasiyanın dördüncü aspekti təşkilat olaraq daxili fəaliyyətə müasir aparıcı elmi təşkilatların fəaliyyət elementlərinin  tətbiqini tələb edir. Məsələn, elektron kommunikasiya üsulundan geniş istifadə (nümunə – “elektron akademiya” yaradılması), biliyin saxlanması və kommunikasıyasının elektron üsulundan geniş istifadə (məsələn, “elektron - kitabxana” yaradılması), gənc alimlərin bu proseslərə geniş cəlb edilməsi (məsələn, “Gənc akademiya” yaradılması) və s. 

Elmi transformasiyanın beşinci aspekti beynəlxalq elmi əməkdaşlığı müasir tələblər çərçivəsində inkişaf etdirməyi ehtiva edir. Bura dünyanın yüksək reytinqli jurnallarına çıxış, Azərbaycan alimlərinin dərc olunan məqalələrinin müxtəlif beynəlxalq elmi bazalara yerləşdirilməsi, alimlərin müxtəlif elmi proqramların həyata keçirilməsində iştirakının təşkili ilə yanaşı, tanınmış elm adamları ilə təcrübə mübadiləsinin təşkili, xarici elmi qurumlarla əməkdaşlığın inkişafı da daxildir. 

Beləliklə, elmin transformasiyası kompleks xarakterli mürəkkəb və mərhələli prosesdir. Onu həyata keçirmək elmi təşkilatdan dərin əsaslandırılmış, konkret məqsədi müəyyənləşmiş və məzmunu ilə feili aspekti uyğunluq təşkil edən yeniləşmə kursunu hazırlamaq tələb olunur. Bəs Azərbaycanda sözdə deyil, əməldə bu istiqamətdə hansı elmi təşkilat davamlı fəaliyyət mərhələsinə keçid etmişdir? Hələlik yalnız Azərbaycan Milli Elmlər Akademiyası! 

Strateji məqsəd

Bəli, AMEA geridönməz formada yeniləşmə prosesini artıq 2 ildir ki, aparır. Burada iki əlamət özünü göstərir. Birincisi, AMEA-ya daxil olan elmi tədqiqat institutları, idarəetmə vahidləri və texniki personal bu prosesi həm aktiv dəstəkləyir, həm də aktiv fəaliyyət göstərir. İkincisi, təəssüf ki, digər elmi təşkilatlar AMEA-da gedən bu prosesə adekvat reaksiya vermirlər. Yəni nə prosesin mahiyyətinə varmaq istəyirlər, nə də təcrübə mübadiləsinə can atırlar. Buna baxmayaraq, AMEA rəhbərliyi yeniləşmə prosesini inamla davam etdirir.

Təşkilatın rəhbərliyi yeniləşmənin strateji məqsədini də dəqiq müəyyən etmişdir. AMEA prezidenti onu lakonik surətdə belə ifadə etmişdir: “Dövlətə sadiqlik ənənələrini yaradıcı şəkildə davam və inkişaf etdirməklə bərabər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursuna xidmət etmək və dövlət tərəfindən müəyyən olunmuş prioritetlər əsasında AMEA-nı yeniləşdirmək!” 

Bu strateji məqsədin çətiri altında AMEA-nın elmi yeniləşmə prosesinin hər bir aspekti dəqiq işlənmişdir və 2022-ci ilin oktyabr ayından ardıcıl olaraq əməli fəaliyyətdə onlar həyata keçirilir. Bura yuxarıda elmin transformasiyasının vurğuladığımız bütün aspektləri üzvi surətdə daxildir. Konkret faktlarla bu tezisin əsaslı olduğunu sübut edə bilərik.

(ardı var)

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Elm