Bu cinayətkar fəaliyyət sürücülərə ziyan vurur, cəmiyyətə itki, ölüm gətirir
Ölkəmizdə avtomobillərin sayı çoxaldıqca yeni ehtiyat hissələrinə də tələbat artır. Bundan sui-istifadə edən bəzi işbazlar ölkəyə saxta ehtiyat hissələri gətirməyə nail olurlar. Bu isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət yaradır.
Məcəllənin 448-ci maddəsində qeyd olunur ki, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək, hüquqi şəxslər isə 4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirlər. Geniş şəbəkə formasında həyata keçirilən bu qanunsuz ticarət fəaliyyətinin iştirakçıları, əsasən, saxta ehtiyat hissələrinin idxalçıları olsalar da, ölkənin əmtəə bazarına asanlıqla yol tapan belə keyfiyyətsiz malları ayrı-ayrı dükanlar vasitəsilə realizə edirlər.
Ekspertlərin fikrincə, ölkəmizdə təkcə “Hundai” avtomobillərinin saxta ehtiyat hissələrinin illik mal dövriyyəsi 2 milyon manatdan yüksəkdir. Qeyd etdiyimiz şəbəkənin sonuncu iştirakçıları isə avtomobil ustalarıdır. Belə ki, bir çox fürsətcil maşın ustaları daha çox qazanc əldə etmək məqsədilə avtomobil sahiblərini aldatmaqdan belə, çəkinmirlər. Düzdür, nisbətən iri avtoservislərdə bu məsələyə görə məsuliyyət daşıyan olsa da, kiçik təmir sexlərində heç də belə deyil.
Digər tərəfdən, böyük avtoservislərdə qiymətlər baha olduğundan avtomobil sahibləri əksər hallarda xırda təmir sexlərinə üz tuturlar. Bu zaman isə, necə deyərlər, astarı üzündən baha başa gəlir. Burada çalışan bəzi ustalar isə min bir hiyləyə əl ataraq avtomobildə yaranmış nasazlığın səbəbini tam müəyyənləşdirmədən sürücülərə yeni detallar aldırırlar. Bütün bu hallar bazarda xaos və haqsız rəqabət mühiti yaratmaqla istehlakçıların hüquqlarının pozulmasına, onların aldadılmasına, eləcə də satış nöqtələrinin keyfiyyətsiz mallarla doldurulmasına səbəb olur. Artıq sürücülər belə hallardan təngə gəliblər. Onlar deyirlər ki, son zamanlar ölkəyə gətirilən ehtiyat hissələrinin əksəriyyəti ya aşağı keyfiyyətli, ya da tamamilə saxtadır. Xüsusən də bəziləri Çindən keyfiyyətsiz ehtiyat hissələri gətirirlər ki, bu da avtomobillərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
Yeri gəlmişkən, “Azad İstehlakçılar” İctimai Birliyinin apardığı araşdırmalar nəticəsində “Hyundai” markalı avtomobillərə aid olan müxtəlif növ saxta ehtiyat hissələrinin dövriyyədə daha çox olması müəyyənləşdirilib. İctimai Birlikdən bildirdilər ki, ölkədə kommersiya qurumları və liberal bazar iqtisadiyyatı üçün yaradılmış mövcud şəraitdən sui-istifadə edən bəzi fiziki və hüquqi şəxslər Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya Respublikası və Rusiya Federasiyasından ölkəmizə “Hyundai” markalı avtomobillərə aid olan müxtəlif növ saxta ehtiyat hissələri gətirirlər. Bu cür ehtiyat hissələri, əsasən, paytaxtın Bakı şəhərinin Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində,“Korea avtomobil hissələri” və həmin prospektdə yerləşən çoxsaylı mağazalarda satılır.
Mövzu ilə əlaqədar avtomobil təmiri sahəsində bir sıra tanınmış ustalara müraciət etdik. Onların dövriyyədə olan saxta avtomobil ehtiyat hissələri ilə bağlı fikirlərini öyrənmək istəyimiz isə nəticəsiz qaldı. Bu da onu deməyə əsas verir ki, ölkəyə gətirilən saxta ehtiyat hissələrinin realizə olunmasında əsas pay sahibi məhz elə avtomobil ustalarıdır. Belə qeyri-qanuni fəaliyyət isə avtomobil sahiblərinə maddi və mənəvi ziyan vurur. Eyni zamanda, avtomobillərdə quraşdırılmış keyfiyyətsiz ehtiyat hissələri ağır qəzalara yol açır ki, bu da sürücülərin və sərnişinlərin həyatını ciddi təhlükə qarşısında qoyur. Bu səbəbdəndir ki, avtomobilində nasazlıq yaranmış və ya yol-nəqliyyat hadisəsi zamanı ziyan görmüş sürücülər hər ustaya etibar edə bilmirlər. Yaxşı, insaflı usta tapmaq üçün isə dost-tanışa müraciət etməli olurlar.
Çox təəssüf ki, ölkədə belə halların sayının getdikcə artması müşahidə olunur. Ona görə də ekspertlər hesab edirlər ki, istər iri servislərdə, istərsə də, xırda təmir sexlərində çalışan ustalar öz işinin peşəkarı olmalıdırlar. Belələri, ən azından, ehtiyat hissələrinin saxta və ya həqiqi olmasını təyin etməyi bacarmalıdırlar. Digər tərəfdən, usta avtomobildə yaranmış nasazlığı tam müəyyənləşdirmədən tələsik qərar qəbul etməməlidir ki, sürücü buna görə həm maliyyə, həm də zaman itkisi ilə üzləşməsin.
Redaksiyamızın əməkdaşı da bu yaxınlarda belə bir xoşagəlməz halla qarşılaşıb. Həmkarımız deyir ki, rayonların birinə ezamiyyətə gedən zaman yolda avtomobilində nasazlıq yaranır. Nə qədər cəhd etsə də, mühərriki işə sala bilmir. Bu səbəbdən də yaxınlıqdakı təmir sexinə müraciət etməli olur. Burada isə ona yaranmış problemin yanacaq nasosu ilə əlaqədar olduğunu söyləyirlər. Həmin hissənin yenisi ilə əvəz edilməsinə baxmayaraq, mühərriki yenə də işə salmaq mümkün olmur. Məlum olur ki, ustanın dəyişdirdiyi ehtiyat hissə keyfiyyətsiz olduğundan istifadəyə yararsızdır. Nəhayət, böyük vaxt itkisi hesabına uzaq məsafədən yeni yanacaq nasosu gətirilməklə problem yoluna qoyulur. Bu və oxşar hallara, demək olar ki, hər gün, hər yerdə rast gəlmək mümkündür.
Göründüyü kimi, avtomobillərin təmiri və texniki qulluq sahəsində vəziyyət heç də ürəkaçan deyil. Bundan isə ən çox ziyan görən avtomobil sahibləridir. Saxta avtomobil ehtiyat hissələri isə həm vaxt alır, həm də can. Bu sahədə ciddi nəzarət tədbirləri görülməlidir ki, həm həyatımız təhlükə qarşısında qalmasın, həm də vaxtımız itməsin.
Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanladıq. Qurumdan bildirdlər ki, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, avtomobil ehtiyat hissələrinə dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur. Texniki reqlamentlər qüvvəyə minənədək təsərrüfat subyektləri tərəfindən avtomobil ehtiyat hissələrinə dair standartların, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.
Dövlət Xidmətinin məlumatına görə, ölkəmizdə avtomobil ehtiyat hissələrinə dair dövlət standartları mövcuddur. Avtomobil ehtiyat hissələri (avtomobil fənərləri, təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, avtomobil şüşələri, pnevmatik şinlər, siqnalizasiya qurğuları və s.) təhlükəsizlik göstəricilərinə görə həmin standartların tələblərinə uyğun gəlməlidir. Eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin müddəalarına əsasən, istehlakçı satıcıdan (istehsalçıdan) alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının (istehsalçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
Satıcı (istehsalçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.
Qurumdan sorğumuza verilən cavabda o da qeyd olunur ki, müvafiq sahədə nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həyata keçirilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyi və iqtisadi maraqlarına əhəmiyyətli təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər üzrə Dövlət Xidməti tərəfindən yoxlama aparıla bilər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən aldığımız məlumata görə, daxili bazarda keyfiyyətsiz və qüsurlu avtomobil ehtiyat hissələrinin satılması ilə bağlı təkcə cari ilin ötən dövründə quruma 33 istehlakçı müraciəti daxil olub. Bunlardan 1-i tam təsdiqini tapdığından şikayət təmin edilib və qüsurlu məhsul qaytarılıb. 21 müraciətin araşdırılması zamanı ərizədə qeyd olunan məsələlər öz təsdiqini tapmayıb. Daha 11 müraciət üzrə isə araşdırmalar davam edir.
Dövlət Xidmətindən onu da bildirdilər ki, vətəndaşlar istehlak bazarında keyfiyyətsiz avtomobil ehtiyat hissələrinin satışı halları ilə qarşılaşdıqları zaman həmin məhsulların satışını həyata keçirən sahibkarlıq subyektinin adı və ünvanı, malın alışını təsdiq edən qəbz və s. məlumatları təqdim etməklə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə ilə, eləcə də rəsmi internet səhifəsi, elektron poçt və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Eyyub HÜSEYNOV,
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri
Uzun illərdir ki, ölkənin əmtəə bazarında saxta, standartlara uyğun gəlməyən avtomobil hissələrinin satılması ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinə çoxsaylı məlumatlar, şikayətlər daxil olur. Bugünlərdə istehlakçılar tərəfindən saxta avtomobil hissələrinin nümunələri də ofisimizə təqdim olunub. Hətta iş o yerə çatıb ki, hökumətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən sui-istifadə edən işbazlar özləri də hansı malın keyfiyyətli, hansının isə saxta, yararsız olduğunu bildirir və ona uyğun qiymətlər təyin edirlər. Bütün əmtəə sektorlarında malların cox böyük əksəriyyəti, demək olar ki, heç bir mənşə sertifikatı olmadan satılır. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 saylı qərarının “Malların satılmasına dair” 5-ci bəndinin kobud şəkildə pozulması deməkdir.
Bununla yanaşı, sözügedən avtomobillərin istehsalçısı olan Cənubi Koreya şirkətinin mütəxəssisləri Azərbaycanda saxta “Hundai” avtomobil hissələrinin satışından narahatlığını bildirərək 2023-cü il avqustun 23-də bu işlərə nəzarət etməli olan cavabdeh dövlət orqanlarına saxta hissələri tanımaq və əmtəə bazarında satışını məhdudlaşdırmaq məqsədilə müraciət də ünvanlayıblar. Təəssüf ki, ötən müddətdə bu sahədə heç bir müsbət dəyişiklik baş verməmiş, saxta avtomobil hissələrinin əmtəə bazarına daxil olması halları azalmaq əvəzinə, bir qədər də artmışdır.
Paradoksal, həm də təəccüblü haldır ki, ölkəmizdə “Hundai” avtomobillərinin və onların ehtiyat hissələrinin satışı üzrə ekskluziv distribütoru, bu sahədə müstəsna hüququ olan “Avto Azərbaycan” MMC şirkəti də bazarda müşahidə edilən xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe sərgiləyir. Bu da müəyyən suallar doğurmaya bilməz. Yeri gəlmişkən, araşdırmalar nəticəsində məlum olub ki, “Avto Azərbaycan” MMC-ni “Hundai” markali avtomobil hissələri ilə təmin edən Koreyanın “MOBİS” şirkəti hələ 2018-ci ildə əmtəə nişanını Azərbaycanın Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyata aldırmışdır. Belə olan təqdirdə rəsmi qeydiyyata alınmış əmtəə nişanı ilə ölkəyə saxta avtomobil hissələrinin idxal olunmasına nə ad vermək olar? Gömrük orqanları hara baxır? Və yaxud Əqli Mülkiyyət Agentliyi nəyə lazımdır? Bəs, sözügedən qurumlar bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün nədən birgə fəaliyyət göstərmirlər?
“Azad İstehlakçılar” İctimai Birliyi olaraq daxili bazarda “Hundai” avtomobillərinin saxta ehtiyat hissələri ilə bağlı araşdırma aparmışıq. Bunun da nəticəsində bir sıra avtomobil hissələrinin saxta variantlarını üzə çıxarmışıq. Bunlara isə əyləc qəlibləri, yanacaq, yağ və hava süzgəcləri, mühərrik kəməri, hidravlik tarımlayıcı, sükan lenti, yağ karteri, yağ nasosu, salnik və porşenlər, val, vanus (valın boyunluğu), mühərrik təmir dəsti, mühərrik yastığı, muftalar, alışqan şamları, əyləc diski, amartizatorlar, sürgü qolları, porşen üzlüyü, zəncir dəsti və digər ehtiyat hissələri daxildir. Qeyd olunan saxta avtomobil hissələrinin hər biri sürücülərin və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, həm də istehlakçılar üçün maddi itkilərlə və ya avtomobillərin tam sıradan çıxması ilə nəticələnir.
Məsələn, birliyimizin ofisinə təqdim edilən saxta yağ süzgəcini tərəziyə qoyduqda onun orjinaldan yüngül gəlməklə bərabər, daxilindəki klapanın hündürlüyünə görə seçilməsi məlum oldu. Bu da yanlış məlumatı avtomobilin xəbərdarlıq informasiya panelinə ötürməklə avtomobilin mühərrikinin tam sıradan çıxmasına səbəb olur. Bununla yanaşı, saxta süzgəcdə istifadə olunan təmizləyici qatların miqdarı azdır ki, bu da cihazın qalıqları tutub saxlamasına imkan vermir. Termostat saxta olduqda onun klapanı lazımi temperatur rejimində uyğun funksiyanı yerinə yetirmir, məlumat panelinə doğru informasiya ötürülmür. Saxta şamlar yanma rejiminin pozulmasına, avtomobilin mühərrikinin sıradan çıxmasına, bu tip əyləc yastıqları isə diskin sıradan çıxmasına və təhlükələrə səbəb olur.
Bu azmış kimi, saxta avtomobil hissələrinin satışı da çox zaman elə saxta maliyyə sənədləri əsasında həyata keçirilir. Məsələn, paytaxtın Babək prospektində yerləşən “Korea avtomobil hissələri” (Köhnə adı Favorit) dükanından alınmış saxta yağ süzgəci və termostat üçün müvafiq olaraq ödənilmiş 7 manat və 20 manatın müqabilində verilmiş maliyyə sənədinin də rəsmi kassa çeki olmadığı müəyyən edilib. Babək prospektində yerləşən “Maşın bazarı” adlandırılan ərazidəki “Avto Mall” satış mərkəzində də belə hallarla qarşılaşmaq mümkündür. Belə ki, mərkəzin ilk sırasının 1-ci mərtəbəsində yerləşən 26 saylı mağazadan 6 manata alınmış süzgəcə görə vətəndaşa saxta kassa çeki verilib. Bəzi satış nöqtələrində isə iz itirmək üçün hətta istehlakçıya saxta qaimə sənədi belə vermirlər.
Apardığımız araşdırmalar nəticəsində müəyyən etmişik ki, saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “MOBİS” qaloqramından istifadə olunur. Üstəlik, süzgəclərin acıq tərəfi xüsusi dizaynla örtülür. Saxta süzgəclər orjinaldan fərqli olaraq nisbətən böyük, tünd rəngli karton qutularda qablaşdırılır. Bu fərqi vizual olaraq termostatlarda da müşahidə etmək mümkündür.
Müşahidələr göstərir ki, yol–nəqliyyat hadisəsi baş verdikdə sığorta şirkətləri də, necə deyərlər, fürsəti fövtə verməyərək saxta avtomobil hissələrindən yetərincə istifadə etməyə çalışır, “orijinal” mal adı ilə məbləği artırmağa nail olurlar.
Bu sahədə digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissələrindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilə bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsi ilə bağlıdır. Məhz belə ustaların xidmətdən istifadə etmiş istehlakçı onların səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, avtomobilin sonuncu dəfə harada və hansı usta tərəfindən təmir edilməsinə dair əldə heç bir fakt olmur. Bunların hamısı istehlakçı hüquqlarının və qanunların ciddi şəkildə pozulması deməkdir.
Hazırda daxili bazarda təkcə “Hundai” deyil, digər markalı avtomobillərin də saxta ehtiyat hissələrinin geniş şəbəkə formasında satılması hallarına rast gəlinir. Əfsuslar olsun ki, belə məhsulların müsadirə edilməsi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən ciddi tədbirlər görülmür. “Azad İstehlakçılar” İctimai Birliyi olaraq “Hundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarında apardığımız araşdırmaların nəticələri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik. Əminik ki, bütün bunlar nəticəsiz qalmayacaq, dövlət orqanları tərəfindən bu sahədə ciddi tədbirlər görüləcək.
Mirbağır YAQUBZADƏ,
Vaqif BAYRAMOV
XQ