Rəşad Məcid yaradıcılığının ədəbi-bədii estetikası

post-img

Ötən ay 60 yaşı tamam olan Rəşad Məcid Prezident Sərəncamı  ilə media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldü. AYB sədrinin müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru kimi gün ərzində gərgin çalışan, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü olan, bütün bunlarla bərabər, gözəl şeir və məqalələr yazan ünlü qələm sahibinin  bunları necə çatdırması, sanki, bir sirri-xudadır.

Gününü saatlara deyil, dəqiqələrə bölən Rəşad Məcidin hələ giley etdiyini, insanlarla ünsiyyətdə təbəssümsüz göründüyünü də görən olmayıb. Sinəsində gəzdirdiyi azərbaycanlı ürəyi ilə tez-tez dünyanın bir çox ölkəsində milli  ədəbiyyatımızı və mediamızı layiqincə təmsil edir, peşəkar yazıları, maraqlı çıxışları ilə örnək yaradır, öyrənməkdən və öyrətməkdən usanmır. İnsanpərvərliyinə gəldikdə isə, həmkarları hamılıqla təsdiqləyər ki, Rəşad Məcid daim səmimiyyəti ilə seçilir, dostlarının uğuruna qəlbdən sevinir, çətinliyi olan hər bir kəsə diqqətlə yanaşıb, imkan daxilində köməyini əsirgəmir.

Bir insan üçün 60 yaş müdriklik dövrüdürmü, ya yox – demək çətindir, amma Rəşad Məcidin həyatda tutduğu mövqe ilə artıq çoxdan müdriklik məqamına yetişdiyi bəlli faktdır. Akademik İsa Həbibbəylinin onun haqqında yazdığı “Bütün yönləri ilə yaradıcı” kitabının (məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur) təkmilləşdirilmiş 2-ci nəşrini oxuduqca bu qənaətlərimiz daha da gücləndi. “Bir yüngülvari müqəddimə”dən  “Bütün yönləri ilə yaradıcı” adlı ümumiləşdirici yekun bölümünə qədər kitabın bütün səhifələrindən, bütün sətirlərindən tanınmış həmkarımızın rahatlıq bilməyən çalışqan obrazı göründü. 

Görkəmli akademikin qələmində Rəşad Məcidin yaradıcılıq fəaliyyəti son dərəcə dəqiq və lakonik tezislərlə təqdim olunub: “Rəşad Məcid çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Və o, məşğul olduğu bütün yaradıcılıq sahələrində professionaldır. Publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin əsas, aparıcı tərəfidir, onun gündəlik işidir. Azərbaycanda “525-ci qəzet” səviyyəsində müstəqil mətbuat yaratmaq və bu qəzetin nəsrini uğurla davam və inkişaf etdirmək Rəşad Məcidin xidmətidir. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir. “10 sentyabr” hekayəsi ilə Rəşad Məcid həm də nasirlik səlahiyyəti qazanmışdır. Ədəbi tənqid sahəsində də o, mükəmməl “yazıçı sözü” deməyi bacarır. Rəşad Məcid tam orijinal bir şairdir. Müstəqillik dövrü Azərbaycan şeirinin yaradıcıları sırasında özünəməxsus görkəmli yeri vardır. Rəşad Məcidin şeirləri mövzu, janr, üslub-yanaşma, bədii təsvir vasitələri etibarilə bənzərsizdir”.

Sübuta ehtiyac olmasa da, deyək ki, şairin son yaradıcılıq nümunələri olan “Şuşa dəftəri” adlı şeir silsiləsi möhtəşəmliyi ilə “Məni oxu!” deyir. İki ay öncə Şuşada birlikdə iştirakçısı olduğumuz Vaqif Poeziya Günlərinin Rəşad Məcid qələmində poetik əks-sədası olan həmin silsiləni digər gözəl şairimiz olan Vaqif Bəhmənli “Möhtəşəmdir!”, – deyə dəyərləndirdi. Başqalarının sezmədiyi, bir növ, böyründən xəbərsiz ötdüyü lövhələri, olmuşları, detalları tutmağını, poetik yaddaşa çevirməyini ürəkdən təqdir elədi. Yadımıza Rəşad Məcidin orada səsləndirdiyi “Şuşa sevgisi” şeiri düşür:

Çox da qıvrılır yolu; 
                         yol piyada, can atlı!

Ün yetməz zirvəsinə çox 
                           nəsillər can atdı.

Adında qoşa heca – 
                        sanki, qoşa qanaddı

Qopmuş körpə dilindən 
                         qönçə Şuşa sevgisi!

Elə akademik İsa Həbibbəyli də kitabın “Rəşad Məcidin Şuşanaməsi” bölümündə onun Şuşa şeirlərini yüksək qiymətləndirib: “Rəşad Məcidin “Şuşa dəftəri” şeirlər silsiləsi Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna yenidən və yeni ruhda qayıdışın uğurlu bədii nümunələrindəndir… “Şuşanın şaxtası”na loğman kimi baxan şair Qarabağ muğamının sirrini İlahi kodda axtarır… Hiss olunur ki, “Şuşa dəftəri” Rəşad Məcidi bu mövzu ilə dərin bağlılığı olan daha bir seriala – “Laçın çələngini” hörməyə doğru aparır...”

Kitabın “Lirizm+epik notlar” bölümündə akademik İsa Həbibbəyli Rəşad Məcidin lirikasını dərin lirizmlə epik notların üzvi əlaqəsi əsasında yaranan əhəmiyyətli sənət hadisəsi saydığını bəyan edib. “O, cəmiyyətə də, təbiətə də, tarixə də, müasir həyata da şeirin gözü ilə baxır”, – yazıb.

 “İdealın bədii təcəssümü”ndə Rəşad Məcid şeirinin estetik idealı kimi ifadə edilən ağatlı oğlan ölkənin bütövlüyünün və xalqın milli-mənəvi varlığının etibarlı keşikçisi kimi təfsir olunub. Vurğulanıb ki, şairin qələmində milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəman özünün parlaq bədii təcəssümünü tapıır. 

Yeni nəşrin “Roman” və poetikası”, “Dastan”a doğru”, “Müasirlik səlahiyyəti”, “Publisistikada özünəməxsusluq”, “Yazıçı tənqidi: esselər”, “525-ci qəzet”in hünəri” kimi digər bölümlər də mövzuya mükəmməl elmi və ədəbi təhlil yanaşma baxımından diqqət çəkir. Nəticə etibarilə Rəşad Məcid bütün yönlərindən səciyyələndirilərək əsl azərbaycançı ziyalı, müstəqillik dövrü liro-epik şeirimizin əsas yaradıcılarından biri kimi xarakterizə edilir.  

İnanırıq ki, “Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabı oxucular maraqla qarşılayacaqlar.  

Ə.DOSTƏLİ 
XQ 

 

Mədəniyyət