“Dəyirmanlar kralı”nın memarlıq incisi

post-img

Bakıda memarlıq tikililəri ilə şəhərin hüsnünə yaraşıq verən küçə və prospektlər az deyil.  Paytaxtın belə məkanlarından biri də Murtuza Muxtarov küçəsidir. Burada yerləşən və “Ağabala Quliyevin evi” kimi tanınan bina milli-romantik üslubu ilə hər kəsi valeh edir. Hazırda bu tikili Azərbaycan Memarlar İttifaqının mülkiyyətindədir.  

Bu tarixi abidəni seyr etdikcə, xəyal insanı çox uzaqlara aparır. Elə bil hansısa dahi rəssamın çəkdiyi incə naxışlı bir tablonu seyr edirsən. Tikilinin belə baxımlı görünüşü ötüb keçən hər kəsdə xoş duyğular oyadır. Bina ilk baxışda “Tac Mahal” sənətkarlığını xatırlatsa da, abidənin məhz milli memarlığımızın nadir nümunələrindən biri olduğunu öyrəndik. Yüksək dekor elementləri ilə göz oxşayan memarlıq incisi hələ də möhtəşəmliyini qorumaqdadır. 

Memarlıq əsərinin tarixi barədə məlumatlar verən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibi, gənc memar Şeyda Novruzzadə dedi:

– XIX əsrin sonlarında Bakının mərkəzində Qərb memarlığının müxtəlif çalarları ilə stilistik istiqamət meydana gəlmişdi. Avropadan dəvət olunmuş memarlar layihələrində, əsasən, eklektika və modern üslubdan istifadə etsələr də, bir sıra hallarda milli və romantik yönümlü binalar da tikirdilər. Bu dövrdə yalnız Bakıda deyil, İran, Şimali Qafqaz və Rusiyada da dəyirmanları olan, tez-tez Qərbi Avropa ölkələrinə səyahət edən Ağabala Quliyev öz torpaq sahəsində yerli memarlığı milli ənənələrlə qovuşduran bir ev inşa etdirməyi qərara alır. O zaman “dəyirman kralı” adlandırılan sahibkarın İçərişəhər ərazisində də milli üslubda tikilmiş bir neçə mülkü var idi. O, şəhər tikililərində istifadə olunan sırf Avropa stilistikasına qarşı etiraz edərək, polyak əsilli şamaxılı memar Yevgeni Skibinskini dəvət edib yeni evinin layihəsini sifariş verir. 

Ağabala Quliyev o vaxta qədər Avropanın müxtəlif şəhərlərinin görkəmli tikililəri ilə tanış olmuşdu. O, qərara gəlmişdi ki, evini milli-romantik ruhda tikdirsin. Memardan Şirvanşahlar sarayının elementlərindən, Yaxın Şərq və ərəb memarlığından istifadə etməyi xahiş edir. Memar sifarişçinin istəyinə hörmətlə yanaşır və binanın layihəsini qısa müddətdə işləyib hazırlayır. Yeni yaşayış evi Şirvanşahlar sarayında istifadə edilmiş memarlıq üslubunun bilavasitə təsiri altında tikilir. Bu qədim kompleksin yaxınlığında yerləşməsi də sahibkarın qərarında önəmli rol oynamışdı. 

Mühəndis evin planını sadə həll edərək, bütün bəzəklərdən fasadlarda və interyerlərdə istifadə etmişdi. . İnteryerin rəsmlərini işləmək üçün Rusiyadan rəssam Vladimir Durov dəvət olunmuşdu. O, sifarişçinin zövqünü nəzərə alaraq, divarlarda Şərq mövzusunda pannolar çəkmişdi. 

Sovet dövründə müxtəlif idarələrin fəaliyyət göstərməsinə baxmayaraq, binanın ilkin görkəmi dəyişilməyib, hətta divar dolabları da saxlanılıb. 1976-cı ilə kimi binada “Şirvanşahlar sarayı kompleksi” qoruğunun müdiriyyəti fəaliyyət göstərib. Həmin ildən bu günədək Azərbaycan Memarlar İttifaqı burada yerləşir.

Söhbət zamanı onu da öyrəndik ki, binanın çölündə və daxilində bir neçə dəfə bərpa işləri aparılıb. Təmir yalnız yeniləşdirmə və təmizləmədən ibarət olub. Sonuncu dəfə 2018-ci ildə Memarlar İttifaqı üzvlərinin nəzarəti ilə fasadların təmizlənməsi, 1-ci mərtəbədə döşəmələrin üzlənməsi həyata keçirilib. Ölkə əhəmiyyətli tarixi memarlıq nümunəsi sayılan bina Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qeydiyatına götürülüb. Memarlıq incisi gözəl dizayn və interyeri ilə buraya gələn qonaqlarda böyük heyranlıq doğurur. 

Bəs, 1899-cu ildə inşa olunan bu binanın sahibi Ağabala Quliyev kim idi? 

Xalq yazıçısı Qılman İlkinin “Bakı və bakılılar” kitabında bu barədə ətraflı məlumat var: “1862-ci ildə Bakının Keşlə qəsəbəsində anadan olan Ağabala Quliyevin atası Hacıqulu yoxsul bir kişi idi. O, sonralar Keşlədən Bakıya köçür. Ehtiyac içində yaşayan ata bir müddət sonra oğlu Ağabalanı bir buxar dəyirmanında fəhlə işinə düzəldir. Uşaqlıqdan fərasətli olan Ağabala burada çalışdığı müddətdə dəyirmana aid hər işlə maraqlanırmış. Buğda kisələrinin daşınmasından tutmuş, buğdanın üyüdülməsinədək bütün işləri həvəslə öyrənirmiş. Ağabala gördüyü hər işi səliqə ilə yerinə yetirdiyi üçün kontor müdiri ondan hər zaman razı qaldığını deyirmiş. Çox keçmir ki, çalışqanlığı sayəsində o, sex rəhbəri təyin edilir. Gənc olsa da, pulun qədrini bilir və qənaətcilliyi sayəsində yeni vəzifədə xeyli sərmayə toplayır”. 

Müəllif bildirir ki, varlanandan sonra Ağabala dəyirmanı pulla sahibindən alır və özü işlətməyə başlayır. O, dəyirmanın köhnə avadanlığını yenisi ilə əvəz edərək, gücünü xeyli artırır. Aldığı dəyirman onunla bir küçədə olan “malakan varlısı” Skobelevin dəyirmanı ilə (indiki Xəqani küçəsi) rəqabətdə geri qalırdısa, avadanlığın sazlığı və buraxılan məhsulun keyfiyyəti ilə nəinki Skobelevin, hətta Sadıxov qardaşlarının, H.Z.Tağıyevin, Kretingen və Qlaz qardaşlarının dəyirmanlarını da geridə qoyur.

Bir müddət sonra Ağabala Quliyevin  fəaliyyəti daha da genişlənir. O, Şimali Qafqazda un, düyü təmizləyən, kraxmal dəyirmanları tikdirib, işə salır. Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda və Beslanda tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandırır. Bununla da Ağabala Quliyev Rusiyada dəyirman işinin böyük bilicisi kimi tanınmağa başlayır. 1916-cı ildə Bakıda baş verən qiyam zamanı çörək çatışmazlığı üzündən mağazalar, ərzaq anbarları və dəyirmanlar hücuma məruz qalıb. Bu hadisə şəhərin tarixində “Babıy bunt” kimi yadda qalıb. Bazarlar talan edilib, digər dəyirmanlarla yanaşı, Ağabalanın  dəyirmanı da ziyana uğrayıb. 

Ağabala Quliyev şəhərdə uca binalar tikdirməyi sevmirmiş. Murtuza Muxtarov küçəsində tikdirdiyi yaşayış binası isə şəhərin ən əzəmətli tikililərindən hesab edilir. O binaya istər daxildən, istərsə də xaricdən arxitektura elementləri ilə ­bəzəklər vurulmuşdu. 

Manaf Süleymanov göstərir ki, Ağabala Quliyevin 3 qız, 1 oğul övladı olub. Oğlu Ağa İsmayıl, qızları – Rübabə, Səriyyə və Sara xanım həmin binada boya-başa çatıblar: “Ağabala Quliyev həm də xeyriyyəçi, 1905-ci ildə təsis olunmuş Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk müəssisələrindən idi. O, “dəyirmanlar kralı” kimi tanınmaqdan savayı, ictimai xadim kimi də ad-san qazanmışdı. O zamanlar Bakının həyatında elə bir hadisə olmazdı ki, Ağabala Quliyev onda öz maddi və mənəvi dəstəyi ilə iştirak etməsin. O, dövlət quruculuğunda, ictimai-mədəni tədbirlərdə, xalq təsərrüfatına dair sahələrdə böyük xidmətlər göstərirdi”. 

Əlbəttə, Bakı hər zaman görkəmli tarixi tikililəri ilə dünyanın ən gözəl şəhərləri sırasında yer alıb. Zaman ötdükcə, bu siyahıya yeni-yeni bənzərsiz abidələr də əlavə olunur. Bu gün paytaxtımızın ­cəlbəediciliyi ilə seçilən müasir binaları şəhərin tarixi memarlığına yeni ahəng gətirir və Bakı günü-gündən gözəlləşir.

Ceyhun ALIŞLI 
XQ

 



Mədəniyyət