“Ana tarla”nın durna nağılı

post-img

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun “Ana tarla” tamaşası ilə açıq elan etdi. Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov tamaşadan əvvəl çıxış edərək, bu səhnə əsəri haqqında öz fikirlərini dilə gətirdi, iki ölkə arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışdı. Səfirin çıxışından sonra “Ana tarla” tamaşasının aktyorları səhnədə göründü. Bu haqda bir qədər sonra... 

İlyas Əfəndiyev–Amaliya Pənahova–Mərahim Fərzəlibəyov tandemi XX əsrin ikinci yarısını əhatə edən bütöv bir teatral dövrün, epoxanın aparıcı xəttinə çevrildi və həmin dövr Azərbaycan teatrı, sözün əsl mənasında, intibah mərhələsi yaşadı. Bu üçlüyün parlaq tamaşalarının uğurları aradan uzun illər keçməsinə baxmayaraq, bu gün də xatırlanır və Azərbaycan teatrının keçdiyi şərəfli yol haqda danışmağa kifayət qədər əsas verir. 

Unudulmaz sənətkarımız Amaliya Pənahovanın yaratdığı və bizə yadigar qoyub getdiyi Bakı Bələdiyyə Teatrı bu gün də Aynur xanım Muxtarovanın rəhbərliyi ilə həmin tandemi yaşadır. “Xan qızı”, “Şuşada ürəyim qaldı” tamaşaları məhz İlyas Əfəndiyev və Amaliya Pənahova yaradıcılığının əsaslarına söykənirdi və bu tamaşalara quruluşu da məhz görkəmli rejissorumuz Mərahim Fərzəlibəyov vermişdi. 

Bakı Bələdiyyə Teatrı Azərbaycan teatrının autsayderi təsiri bağışlasa da bu, bir faktdır ki, onların hazırladığı tamaşalar hər dəfə teatr mühitinin canlanmasına səbəb olur. Akademik Milli Dramında nümayiş olunan “Ana tarla” tamaşası bu qəbil səhnə əsərlərindəndir. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun eyni adlı romanının motivləri əsasında xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovun səhnələşdirdiyi və quruluş verdiyi tamaşa mədəni həyatımızın əlamətdar hadisəsinə çevrildi.

Ümumiyyətlə düşünürəm ki, Bakı Bələdiyyə Teatrının tamaşaları haqqında cari resenziyalarla kifayətlənmək olmaz. Bu teatrın fəaliyyəti nəzəri baxımdan təhlilə cəlb edilməlidir. Lokal faktları işıqlandırmaqla kifayətlənən cari resenziyalarda teatr aləminin tam mənzərəsi görünmür. Tam mənzərə görünməyəndə isə üslubi istiqamətləri, forma və məzmun yeniliklərini necə aşkar etmək olar?! Təəssüf ki, bu sahədə boşluqlar özünü göstərir. Proses isə davam edir. 

Aktyor plastikası, ifa zənginliyi, məkan-zamanın formadakı vüsətli təcəssümü, çoxlu rejissor tapıntıları, mizan müxtəlifliyi “Ana tarla”nın Azərbaycan teatrında hadisə olduğunu təsdiqləyən başlıca faktorlardır. Müharibə bəşəri mövzudur, xüsusən, Çingiz Aytmatovun torpaq-tarla metaforasından istifadə edərək bəşəriyyətə çağırışı bütün zamanlar üçün aktualdır. Mərahim Fərzəlibəyovun mövzu-problematikaya bu prizmadan baxışında möhtəşəm tapıntı sünbüllərin obrazlara çevrilməsidir. Sünbüllər bir-birinin pilləvari sinonimidir. Rejissor bu üsulla konkret hadisələri, lirizm xəttini müharibə problemi ilə qovuşduraraq ictimai məzmunu gücləndirmişdir. O, ana xəttin inkişafından belə bir məntiqi nəticə çıxarıb: insanlar gedəri, torpaq isə əbədidir. Vətən duyğusu məhz torpaqdan mayalanır, oğullara güc verən üzərində dayandığı torpaqdır. Və məhz bu ali duyğu qələbəni şərtləndirir. 

Əməkdar artist Hüsniyyə Mürvətovanın Tolqonayı aktrisanın bioqrafiyasında tamamilə yeni səpkili bir obrazdır. Müharibə dövrü qadınlarının ümumiləşmiş obrazı olan Tolqonayın sevgisi, dözümü, mətanəti, daxili sarsıntılarına, ər və övlad itgisinə rəğmən məğrur duruşu tamaşaçının qəlbini ehtizaza gətirir. Tolqonay bir qadın və ana kimi möhtəşəm və yenilməzdir. ­Hüsyniyyə xanım Tolqonayın xarakterik ­cizgilərini, hiss və duyğularını o qədər incəliklə göstərə bilir ki, tamaşaçı səhnədə müharibənin dəhşətləri qarşısında sınmayan, əyilməyən, polad iradəli bir qadın görür. Bu qadın hər cür ehtirama və hörmətə layiqdir. Müharibədən qalib çıxmış xalq bu qadının önündə səcdə edə, ona abidə ucalda bilər. Ona görə ki, düşmənlə savaşda qalib gələn, canından keçən əsgərləri məhz onun kimi qadınlar dünyaya gətirib. Aktrisanın ifasının emosional təsirinə düşməmək mümkün deyil. 

Rəşad Kəsəmənlinin Suvankulu son dərəcə təbiidir. Aktyor başqalaşma prinsipinə ustalıqla əməl edir. Tamaşadan əvvəl kulisdə gördüyüm Rəşadla səhnədəki Suvankul tamamilə başqa-başqa insanlardır. Səhnə arxasında aktyorları müşahidə edərkən onların daxili həyəcanını seyr edirdim və bu həyəcan, sözsüz, mənə də sirayət edirdi. Rejissor son göstərişlərini verirdi və mən səhnənin sehrinə düşmüşdüm. Bir azdan aktyorlar, bax, bu keçiddən adlayaraq Aytmatovun yaratdığı dünyanın sakinlərinə çevriləcəklər. Torpaq dil açıb danışacaq, sünbüllər canlanacaq... Bu, möcüzə deyil, bəs nədir?!  Bu keçidin sehri, əfsunu, cazibəsi məni tam əhatə etmişdi. Teatr mühiti ilə uzun illərdən bəri sıx ünsiyyətdə olsam da ilk dəfə idi ki, səhnə arxasında hazırlıq prosesinə şahidlik edirdim. Mərahim müəllim bilərəkdən mənə bu şəraiti yaratmışdı ki, o keçidi görüm. Bu haqda başqa bir yazımda geniş, təfsilatı ilə yazacağam. 

İndi isə “Ana tarla”nın qəhrəmanlarından danışaq. Qasımdan (Tural Əhməd), Alimandan (Ülvviyyə Rza), Caynaqdan (Elçin Muradov), Masılbekdən (Namiq Cavadov), Aişədən (Səmayə Sadıqova), Usanbaydan (İsmayıl Atakişiyev), bir də sehrli sünbüllərdən (Zülfiyyə Məmmədova, Günel Həmidova, Aynur Abbasova, Arzu Ağayeva)... 

Qasım cəbhəyə gedərkən sevgilisi Alimana deyir ki, durnalar qayıdanda mən də qayıdacağam. Onların təması, sevgisi təbiət qüvvələri ilə əlaqəli şəkildə təqdim olunur. Tural Əhmədin Qasımı, Ülviyyə Rzanın Alimanı tamaşaçı qəlbində dərin duyğular oyadır, hiss və duyğuların fırtınası gözlərdə yaşa çevrilir. Hər iki aktyorun ifası möhtəşəmdir. Hər ikisi rejissor məqsədini səhnə işinin məqsədinə çevirməyi bacarır. Alimanın (aktrisanın səhnədə həyəcanlı çırpıntıları ümumi təəssürarı gücləndirməklə ritmə dinamiklik verirdi. Tural Əhməd tamaşaçı sevgisi qazanmış aktyordur, eləcə də Ülviyyə Rza Azərbaycan teatrı üçün bir tapıntıdır. 

Zülfiyyə Məmmədova, Günel Həmidova da öz rollarının öhdəsindən bacarıqla gəlirlər. Bu fikir sünbülləri ifa edən dörd aktrisanın hər birinə aiddir. Onların umumi ansamblı hadisələri peşəkarcasına yönləndirir. Bu da şəksiz, rejissorun uğurudur. Torpaq və sünbül alleqoriyası yaradan rejissor mifoloji apokriflərdən sənətkarcasına yararlanıb və bu bu fantom ağrıları səhnə dili ilə ifadə edə bilib. Bir sözlə, “Ana tarla” uzun müddət yaddaşlardan silinməyəcək və Azərbaycan səhnəsinin uğurlarından biri kimi hər zaman xatırlanacaq. 

Kənan HACI, 
yazıçı-publisist

 



Sosial həyat