Bakı və Moskvanın birgə turizm layihələri

post-img

Azərbaycan Turizm Bürosunun iştirakı ilə Moskva şəhərində keçirilən “MICE4U” işgüzar görüşlərində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb. Dövlət Turizm Agentliyindən əldə etdiyimiz məlumata görə, tədbirdə iştirakdan məqsəd ölkəmizin turizmə aid mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək və təbliğat fəaliyyətini genişləndirməkdir. 

Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı agentliklərinin rəhbər işçiləri və mütəxəssisləri  ilə keçirilən “B2B” formatlı görüşlərdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib. 

Azərbaycan–Rusiya turizm əlaqələrininin hazırkı vəziyyətini şərh edən ekspert Ceyhun Aşurov bildirdi:

– Azərbaycan Turizm Bürosunun iştirakı ilə reallaşan işgüzar görüşlər turizm potensialımızın daha geniş auditoriyaya çatdırlması məqsədi daşıyır. 

Mövcud geosiyasi vəziyyətlə əlaqədar Rusiyanın bir sıra yerlərə çıxışları məhduddur. Bu mənada, qonşu ölkə bir çox işgüzar tədbirləri məhz Azərbaycan məkanında turizm destinasiyası kimi təşkil edə bilər. Təbii ki, ölkəmiz bu imkanlardan faydalanmağa çalışır və alternativ bazar təşkil edir. 

Ekspertin sözlərinə görə, Azərbaycan Rusiyada turizmlə bağlı təşkil edilən bütün sərgi və mərasimlərdə uğurla təmsil olunur. Rusiyadan hər il milyonlarla insan istirahət üçün dünyanın müxtəlif ölkələrinə üz tuturdu. Hazırkı geosiyasi durum bu göstəriciyə mənfi təsir etsə də, yenə də bu ölkədən yüzminlərlə insanın digər ölkələrə səyahət etdiyini görürük. Azərbaycanlı iş adamlarının da Rusiyanın müxtəlif sanatoriya və digər turizm ­məkanlarında ciddi investisiyaları var. 

Xatırladaq ki, bu ilin yanvar–avqust aylarında Rusiyadan Azərbaycana 501 min 417 səyahətçi gəlib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.

Ceyhun BALABƏY 
XQ

 

Mədəniyyət