Azərbaycan – İtaliya: Avropa məkanında əməkdaşlıq və tərəfdaşlıq örnəyi

post-img

Tarixi yaşantılardan Bakı–Roma xəttinin  “köhnə qitə”yə inam və etimad dərslərinədək

XX əsrin əvvəllərində İngiltərədə Qafqazın bilicisi sayılan lord Kerzon ölkənin Xarici işlər naziri lord Balfura 25 mart 1919-cu il tarixli məktubunda yazırdı ki, Cənubi Qafqaza ordu çıxarmaq İtaliyanın milli maraqlarına uyun deyil. Onlar, yəni italyanlar Qafqaza doğru irəliləyən bolşevizmə qarşı davam gətirə bilməyəcəklər. Lord Kerzon, həmçinin italyanların Qafqaz xalqları arasında heç bir siyasi nüfuzunun olmadığını vurğulayır və onların ingilislərin Qafqazdan çıxmasından sonra bölgədə ağırlaşması ehtimal olunan vəziyyətdən çıxa bilməyəcəklərini bildirirdi.

Lakin Kerzonun təklifi nəzərə alınmadı və 1919-cu il aprelin 9-da İngiltərənin hərbi şurası martın 24-də gizli şəkildə imzalanmış Britaniya – İtaliya sazişini bəyəndi. Yəqin, təxmin etdiniz ki, sazişə görə, Qafqazda Britaniyanın yerini İtaliya tutmalı idi və regionda qoşun saxlamaq istəməyən ingilislər bölgə ilə bağlı maraqlarının saxlanılması üçün italyanlara etimad göstərmişdilər. Daha doğrusu, “yağlı tikə” olan Qafqaza digər dünya nəhənglərinin “diş qıcaması” fonunda “cənubluları” daha az təhlükəsiz saymışdılar.

Ancaq lord Kerzon haqlı çıxdı. Birinci dünya müharibəsindən sonrakı mandat sisteminin üstünlükləri şəraitində belə italyanlar Qafqazda, eləcə də Azərbaycanda artan bolşevizm dalğası qarşısında duruş gətirə bilmədilər. Sonra nələr yaşandı, bu barədə danışmaq istəməzdik, çünki ölkəmizin XX əsrdəki birinci dövlət müstəqilliyinin itirilməsini doğuran şərait hər kəsə yaxşı məlumdur.

Ancaq tarixdə yaşananları xatırlamağımızın bir səbəbi var. Üzərindən illər keçməsinə baxmayaraq, imperialist dairələrin baxışları deyil, yalnız metodları və yanaşmaları dəyişib. Məqsəd yenə də eynidir – Qafqazda üstünlüyə yiyələnmək. Baxın, bu gün də Ermənistan vasitəsilə bölgəyə yönələn çeşidli siyasi oyunlar qurulur, yüz il əvvəl də elə idi.

Keçmişdə olanlara görə, belə demək mümkünsə, qınaq ritorikasından da uzağıq. Ölkəmiz müasir müstəqillik illərində bir çox məqamlardan, o cümlədən, tarixdə yaşananlardan nəticə çıxardı. Siyasətini doğru və dürüst şəkildə qurdu, prinsiplərindən geri dönmədi, səmimiyyət paradiqmasını daim aktiv saxladı. Düşünürük ki, İtaliya Avropada dövlətimizin malik olduğu bu xarakterə qiymət verən, adekvat davranan məmləkətlərdəndir, onların önündə gəlir. Prezident İlham Əliyevin dost ölkəyə işgüzar səfəri də həmin adekvatlığın və qiymətin təntənəli səhnələri ilə yadda qaldı.

Biz güclü olmalıyıq ki, eşidilək, duyulaq. Əlbəttə, daha güclü olmağımız da şərtdir. Təkcə İtaliyadan ibarət olmayan Avropada günü bu gün də ölkəmizə qarşı ikili standartlar siyasətinin aktiv məcrada olduğunu görürük. Ancaq Avropa yalnız İtaliyadan ibarət olmasa da, ölkə qitədə, kifayət qədər ciddi amildir. Elə bir amil ki, ənənəvi imperialist baxışlardan uzaqlaşma, səmimiyyətə əsaslanma, tipik stereotiplərə meydan oxuma, öz düzgün bildiyi yolu ilə getmə xarakterinə maliklik ona heç bir maneə törətmir. Bu mənada, yəni qətiyyət anlamında Azərbaycanı və İtaliyanı birləşdirən bir çox cəhətlər var. Deməli, həm bu cəhətlərin mövcudluğu, həm də indiyədək keçilmiş əməkdaşlıq yolu ölkələrimizi daha sıx birləşdirir. Prezident İlham Əliyevin səfəri isə həm ortaq dəyərlərin vurğulanması baxımından əhəmiyyət daşıdı, həm də əlaqələrin gələcək perspektivi baxımından son dərəcə nikbin ovqat formalaşdırdı.

Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev İtaliyaya səfəri zamanı, ümumən, Avropada Azərbaycan fırtınası əsdirdi – ölkəmizin qitə üçün önəmini son dərəcə aydın və səlist şəkildə ortaya qoydu. Təkcə İtaliya deyil, bütövlükdə, regionun media orqanları dövlətimizin başçısının səfərinə böyük əhəmiyyət verdilər. Konkret olaraq, İtaliyanın RAI, ANSA, “Borsa Italiana” və digər mətbu orqanlarında dərc olunan yazılarda Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışından ətraflı söz açıldı. Ölkəmizin liderinin Azərbaycan və İtaliyanın uzun illər ərzində stratei tərəfdaşlar kimi fəaliyyət göstərdiyini vurğulaması üzərində geniş dayanıldı. Əlbəttə, dövlətimizin başçısının İtaliya səfəri ilə bağlı üzərində dayanılmalı məqamlar yetərincə çoxdur.

Stratei əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan – İtaliya münasibətlərinə dair ayrı-ayrı məqamlar baxımından Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə səslənmiş tezislərə diqqət yetirmək son dərəcə vacibdir. Görüşdə dövlətimizin başçısının səfərinin əhəmiyyəti yüksək dəyərləndirildi, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan stratei tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu vurğulandı. Bildirildi ki, ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində işbirliyinin genişləndirilməsi qarşıda yeni üfüqlər açır. Eyni zamanda, humanitar-mədəni əlaqələrin də ikitərəfli gündəmin başlıca prioriteti olduğu diqqətə çatdırıldı. Hesab edirik ki, burada ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd edilməlidir. 

Bəli, həyata keçirilən Azərbaycan – Türkiyə Universiteti, Azərbaycan – Rusiya Universiteti təşəbbüsü, ardınca İtaliya – Azərbaycan Universiteti ideyası. Dahi Nizaminin dediyi kimi, qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Azərbaycan dövləti İtaliya ilə müştərək təhsil məsələsini qaldırmaqla, ikitərəfli münasibətlər sisteminə ayrıca stratei seqment əlavə edir. Nəzərə alaq ki, Avropanın göbəyində yerləşən İtaliya nəinki qitənin, bütövlükdə dünyanın qədim mədəniyyət mərkəzlərindən, sivilizasiya ocaqlarındandır, dövlətçilik ruhunun tarixi tərənnüm plasdarmıdır. Universitet ideyası isə Azərbaycan insanının Avropanı duymasıdır, eyni zamanda, əksinə Avropa insanının Azərbaycan xalqı, onun mədəniyyəti, məişəti, ümumən azərbaycanlı nəfəsi ilə daha yaxından tanışlığıdır. Bu tanışlıq yüzilliklərə, minilliklərə miras qalacaq sərvətdir. Məsələyə siyasi baxımdan yanaşsaq, yalnız bir məqamı vurğulaya bilərik: mənəvi və humanitar mühit hər bir halda siyasətə də təsirini göstərir.

Nəzərə alaq ki, hazırda Azərbaycan – İtaliya münasibətləri oturuşmuş möhkəm təmələ əsaslanır və həmin təməl üzərində uğurla inkişaf etməkdədir. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışında bildirdiyi kimi, uzun illər ərzində Azərbaycanın və İtaliyanın stratei tərəfdaşlar kimi fəaliyyətinə əsas yaradan 10 il əvvəl qəbul edilmiş müvafiq bəyannamə var: “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.

Dövlətimizin başçısının Azərbaycan – İtaliya əməkdaşlığındakı “uzun illər” məntiqi özündə bir çox məsələləri birləşdirir. Məlum olduğu kimi, 1995-ci il noyabrın 10-da Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cı il iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci il iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb. Nəticə etibarilə İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Eyni zamanda, onu da deyək ki, Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi qiymətləndirilir. Ümumən, Azərbaycanİtaliya münasibətlərinin iqtisadi və siyasi spektrini vurğulayan çoxsaylı məqamlar var ki, onların hər biri barədə geniş danışmaq mümkündür.

Bəli, Azərbaycan – İtaliya münasibətləri nümunəvidir. Yazımızda bu nümunəviliyi təsdiqləyən bəzi cəhətlərin üzərində dayandıq. Hesab edirik ki, əlaqələrimizin belə bir xarakter qazanması inkişafımızı gözü götürməyən qüvvələrə, o cümlədən, ermənipərəst mövqe tutan Avropa dövlətlərinə də mesaj olmalıdır. Onlar anlamalıdırlar ki, rəsmi Bakı ilə əməkdaşlıq yüksək dividend vəd edir və bunun mənəvi tərəfi olduğu kimi, maddi və sosial tərəfi də var.

Təkcə bir faktı qeyd edək ki, bu gün Azərbaycan Avropanın enerji təchizatında son dərəcə mühüm yer tutur. Bu, dövlətimizin başçısının İtaliyaya səfəri zamanı keçirdiyi görüşlərdə, forum və toplantılarda kifayət qədər, dolğunluğu ilə vurğulandı, perspektivlərdən yetərincə, özü də fundamental notlarla söz açıldı.

Ümumiləşdirmə aparsaq, tam qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğur salnaməsi kimi tarixə düşəcək. Uğurun təminat faktorunu vurğulayan cəhətləri isə diqqətə çatdırdıq. Bir daha onların üzərində dayanaraq bildirək ki, prinsipiallığa söykənmiş rasionallıq ölkəmizin qlobal aktora çevrilməsində mühüm rol oynayıb. Azərbaycan – İtaliya əməkdaşlığı respublikamızın qlobal aktorluq ampluasını zənginləşdirir. Mövcud amplua isə diplomatiyamızın balanslılıq xəttinin parlaqlıq göstəricisidir. Nəzərə alaq ki, dövlətimizin başçısı bu il Böyük Britaniyaya, Almaniyaya və “köhnə qitə”nin digər paytaxtlarına, həmçinin Mərkəzi Asiya, yaxın Şərq ölkələrinə də səfərlər gerçəkləşdirib. Haqqında söz açdığımız parlaqlıq bu intensiv qrafiklə və istiqamət müxtəlifliyi ilə təsdiqini tapır. Deməli, ölkəmizin balanslı xarici siyasət kursunun keyfiyyət trayektoriyası yüksəkdir. Nəticə isə göz önündədir. Azərbaycanın Qərblə Şərq arasındakı körpü rolunu vurğulayır, ölkəmizə inamı və etimadı daha da yüksəldir.

Bəli, Azərbaycanın bütün qütblərlə münasibətlərdə balanslı siyasət xəttini əsas götürməsi, onu dövrün mürəkkəb siyasi kataklizmlərdəki mövqeyini gücləndirir. Güclü isə həm də inam və etimad bəslənilən tərəfdir. Bu gün nəinki İtaliyada, habelə bütün dünyada Azərbaycana yüksək etimad və inam mühiti formalaşıb. Baxın, Prezident İlham Əliyev Rusiya – Ukrayna müharibəsinin dayanması naminə ölkəmizin vasitəçilik missiyasını təklif edir. Dövlətimizin başçısının təşəbbüsünün reallıqla ciddi fiksasiya təbiəti şübhəsizdir. Deməli, qlobal aktorluq ampluasının sülhyaratma missiyası da aktualdır. 

XQ-nin analitik qrupu

 

Siyasət