Aİ missiyasının şübhəli fəaliyyəti davam edir

post-img

Avropa İttifaqının (Aİ) 2022-ci ilin oktyabrında müvəqqəti  iki ay müddətinə regiona göndərdiyi və sonradan müddəti uzadılan mülki müşahidə missiyasının fəaliyyəti Azərbaycanla yanaşı, Rusiyada da narazılıqla qarşılanır. Narazılığın əsas səbəbi bununla bağlıdır ki, missiya mülki adlansa da, onun tərkibində Avropanın bir sıra ölkələrinin, o cümlədən regionda destruktiv siyasət yürüdən Fransanın ehtiyatda olan jandarm qüvvələri, polis zabitləri təmsil olunurlar. Digər səbəblər isə missiyanın say tərkibinin razılaşmada nəzərdə tutulan 40 nəfər əvəzinə 50 nəfər olması, müddətinin uzadılmasının Azərbaycanla razılaşdırılmaması və bölgədə sülhün təmin olunmasına heç bir formada töhfə verməməsidir.

Qeyd etdiyimiz kimi, missiyanın fəaliyyəti Rusiyada da tənqid obyektidir. Bugünlərdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin İrəvanda yerli mediaya açıqlamasında bildirib ki, Aİ missiyası Ermənistanda sərhədləri qorumur, kəşfiyyat məlumatları toplayır. “Təəssüf ki, Ermənistan rəhbərliyi dövlətin sərhədlərini heç də qorumayan, “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayan Aİ missiyasını dəvət etməyi üstün tutdu” – deyən səfir əlavə edib ki, Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyənləşdirməlidirlər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov da bir neçə gün öncə buna bənzər fikirlər səsləndirib. Diplomat “RİA Novosti”yə müsahibəsində Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının faktiki olaraq Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları topladığını deyib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Ukrayna və bir sıra dövlətlərdə mövcud marionet hakimiyyətlər vasitəsilə Rusiyanın qonşuluğundakı münaqişə ocaqlarını alovlandırmaq üçün istənilən addımlara hazırdır: “Bu regiona müdaxiləyə, məsələn, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını göstərmək olar. Kanadadan olan “ekspertin” də onun tərkibinə daxil edilməsi ilə bu missiya NATO-nun naməlum məqsədlərə xidmət edən əməliyyatına çevrilib. Bu müşahidə missiyasının məxfiliyi və nə Ermənistana, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu deməyə əsas verir. Faktiki olaraq bu missiya Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldur”.

Səfir Ermənistanın Qərb ölkələri ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığının bu dövlət üçün yaxşı heç nə vəd etmədiyini açıqlayıb. Rusiyalı diplomatın sözlərinə görə, Cənubi Qafqazdakı problemlər kənar müdaxilə olmadan region ölkələrinin bilavasitə iştirakı ilə həll edilməlidir.

Ancaq Ermənistan hakimiyyəti Aİ missiyasının şübhəli fəaliyyəti ilə bağlı Rusiyanın narazılığını qulaqardına vurur. Rəsmi İrəvan missiyaya Aİ və bütövlükdə, Qərb ilə əlaqələrin möhkəmləndirilməsi üçün bir vasitə kimi baxır. Eyni zamanda, Nikol Paşinyan hökuməti müşahidəçilərə bir növ Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi yanaşır. Bu səbəbdən missiyaya Ermənistanda “gözün üstə qaşın var” demirlər. Əksinə, Paşinyanın silahdaşları yeri gəldikcə, Rusiyadan missiyaya yönəlik tənqidlərə cavab verirlər. Bu mənada Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyanın fikirləri diqqəti cəlb edir. Jurnalistlərə açıqlama verən Yeqoyan deyib ki, səfir Sergey Kopırkin Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı yanlış informasiyalara və təsəvvürlərə malikdir. Onun fikrincə, Kopırkin dərindən yanılır. Deputat əlavə edib ki, bu və ya digər dövlətdə fəaliyyət göstərən xarici nümayəndələrin heç də hamısı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olmur.

Qeyd etdiyimiz kimi, Aİ missiyası regiona 2022-ci ilin oktyabrında iki aylıq müvəqqəti missiya adı ilə gəlmişdi. Müşahidəçilər ilk gündən ölkəmizlə əldə olunmuş razılaşmalara zidd fəaliyyəti ilə seçiliblər. Amma Ermənistanın “açıq qapı” siyasəti sayəsində regiona daxil olan Aİ bu missiyanı fürsət bilərək, fəaliyyətini genişləndirmək, Azərbaycanın razılığı olmadan şərti sərhəddə mandatını və missiya üzvlərinin sayını özbaşına artırmaq yolunu tutub. Bu isə Bakıda haqlı narazılıq doğurub.

Bu istiqamətdə fikirlərini urnalistlərlə bölüşən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, hazırda Ermənistan və Azərbaycan arasında reqlament razılaşdırılıb. Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək: “Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır. Prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatını nəzərə alaraq hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.

Ermənistan isə Aİ missiyası ilə bağlı yersiz inadkarlıq göstərməkdən əl çəkənə oxşamır. Rusiya səfirinin açıqlamasına Ermənistan mediasında verilən isterik reaksiya belə demək üçün əsaslar yaradır. Məsələn, “Armenian Report” saytında dərc olunmuş “İki addım irəli üçün bir addım geri” sərlövhəli məqalədə səfir Kopırkin tənqid olunub. Onun Ermənistan–Azərbaycan şərti sərhədində fəaliyyət göstərən Aİ missiyasının monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları toplamasına dair açıqlaması “yalan bəyanat” adlandırılıb. Qeyd edilib ki, Azərbaycan, Türkiyə, Rusiya və İranda eyni şeylərdən danışılır, amma hər bir ölkə məsələyə ancaq öz maraqları prizmasından yanaşır: “Eyni zamanda, Moskva ilə Tehran arasında, eləcə də Moskva ilə Ankara arasında regionumuzun gələcəyi ilə bağlı fikir ayrılıqları var. Onların hamısı yalnız bir məsələdə həmfikirdir – burada demokratik Qərbin ( ) təsiri olmamalıdır. Mahiyyət etibarı ilə bu, ölkəmizin hazırkı rəhbərliyinə ultimatumdur”.

Bütün bu baş verənlər fonunda Ermənistanın son günlər şərti sərhəddə bir neçə dəfə təxribat törətdiyi diqqətdən yayınmır. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Kəlbəcər rayonu istiqamətində və Naxçıvanda yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Situasiyanı şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “XQ”yə açıqlamasında bildirdi ki, rusiyalı rəsmi şəxslər, o cümlədən diplomatlar Ermənistandakı Aİ missiyasının bölgə ölkələri barədə kəşfiyyat məlumatları toplamaqla məşğul olması barədə çoxdan danışırlar. Onun sözlərinə görə, ancaq missiyanın bu məlumatı necə toplaya bilməsi maraqlıdır: “Ümumiyyətlə, Ermənistanda Rusiya ilə bağlı hansı məlumatı toplamaq olar Rusiyanın Ermənistanda hərbi bazası var. Ancaq bu barədə məlumat toplamaq olar. Amma Avropa missiyası həmin hərbi bazadan uzaq məsafədə yerləşir. Digər tərəfdən, səfir Kopırkin İranın da adını çəkir. Amma mən İrandan bununla bağlı Ermənistanın və Avropa missiyasının ünvanına açıq etiraz eşitməmişəm. Tehran heç ABŞ-nin Ermənistanda keçirdiyi hərbi təlimlərə də etirazını bildirmir. İranın yeganə etirazı Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Amma Avropa missiyası və ABŞ–Ermənistan birgə hərbi təlimləri ilə bağlı heç bir irad bildirmir. Ümumi sözlərin ifadə edildiyi bəyanatlar verir”.

E.Şahinoğlu qeyd etdi ki, əlbəttə, Aİ missiyasının fəaliyyəti mənasız və məntiqsizdır: “Məsələnin bu hissəsi aydındır. Onlar nəyi monitorinq edirlər ki Ola bilsin ki, onları ora göndərənlərin müəyyən məqsədləri olub. Açıqlanan əsas məqsəd o idi ki, bölgədə hansısa yeni müharibənin qarşısı alınsın. Düşünürdülər ki, guya, ölkəmiz Zəngəzur dəhlizini açmaq üçün o əraziyə hücum edə bilər və Aİ missiyası orada olsa, bu, Azərbaycan üçün çəkindirici faktor olacaq. Amma Ermənistan ərazisinin bizim tarixi torpaqlarımız olmasına baxmayaraq, bizim ora hücum etmək kimi bir planımız olmayıb. Ona görə də belə çıxır ki, Avropa missiyası orada faktiki olaraq işsiz-gücsüz qalıb. Əlbəttə, bu vəziyyətdə missiyanın geri çağırılması məntiqli olardı”.

Ancaq müsahibimiz qeyd etdi ki, görünür, Avropa və ABŞ-nin Ermənistana yerləşməklə bağlı stratei planları var: “Belə bir plan ola bilər. Amma belə bir planın olması o demək deyil ki, orada Rusiyanı izləyir, hansısa informasiya toplayırlar. Brüssel və Vaşinqtonun əsas məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Bunu Rusiya da başa düşür. Sadəcə, rusiyalı rəsmi şəxslər bunu açıq şəkildə deyə bilmədikləri üçün bəhanə edirlər ki, guya, Aİ missiyası Ermənistanda Rusiya və İran haqqında məlumat toplayır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə ermənilərin məqsədini anlamağın çətin olduğunu bildirib. Onun sözlərinə görə, vizual şəkildə hansısa kəşfiyyat məlumatını toplamağın mümkün olub-olmadığı da sual altındadır: “Zənnimcə, kəşfiyyat məlumatları onlara Fransa tərəfindən ötürülür. Onlar bu məlumatları müxtəlif müasir üsullar və avadanlıqlarla toplayırlar”.

Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfərinin planlaşdırıldığını vurğulayan T.Zülfüqarov ermənilərin son günlər sərhəddə təxribatlar törətmələrinin də məhz bununla bağlı olduğunu deyib. Göstərmək istəyirlər ki, guya, onlar üçün təhlükə var. Bu barədə Fransa tərəfdən hansısa bəyanatların və vədlərin verilməsini istəyirlər. Yəni, həmişəki kimi, ermənilər təxribat xarakterli siyasət yürüdürlər və köhnə üsullarından istifadə edirlər.

Səxavət HƏMİD

XQ

Siyasət