Bakı qlobal iqlim savaşının baş qərargahıdır

post-img

COP29-a evsahibliyi etmək məsuliyyətini üzərinə ötürən Azərbaycan Respublikası ilk günlərdən etibarən qlobal iqlim dəyişiklikləri, onun mənfi təzahürlərinin aradan qaldırılması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx təmaslar qurub, bütün tərəfərin və həmfikir qrupların, eləcə də müşahidəçi qismində çıxış edən digər maraqlı qurumların fikir və rəyləri diqqətdə saxlayıb.

COP29-un müəyyən olunmuş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə ətraflı məlumat verərək iqlim maliyyəsinin COP29-un əsas mövzusu və prioriteti kimi müəyyənləşdirildiyini bildirib. O, COP29 Sədrliyinin 14 əsas təşəbbüs irəli sürdüyünü, qarşıya qoyulan məqsədin isə təkcə milli deyil, həm də qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etmək olduğunu vurğulayıb. Muxtar Babayev Azərbaycanın bu təşəbbüslərlə qlobal səviyyədə “yaşıl” iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcəyini, ölkəmizin bu tədbirlərlə beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcəyinə əminliyini diqqətə çatdırıb.

Yeri gəlmişkən, COP29-un müəyyən olunmuş prezidenti bir qədər əvvəl Tərəflərə və Həmfikir Qruplara ünvanladığı məktubunda da bu sahədə həyata keçirilən hazırlıq işləri və çoxsaylı görüşlərlə yanaşı, qarşıdakı aylarda reallaşdırılması nəzərdə tutulan tədbirlərlə bağlı geniş və əhatəli məlumat verib.

Məlum olduğu kimi, dünya ölkələrinin, iqlim sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının COP29-dan gözləntiləri olduqca yüksəkdir. Bakı konfransında həllinin tapacağına ümid bəslənilən məslələrdən biri də iqlim maliyyələşdirilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, bu mühüm məqam COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin yuxarıda adıçəkilən məktubunda da öz əksini tapıb. Burada Paris Sazişinin bütün istiqamətlərində, xüsusilə də iqlim maliyyəsi sahəsində COP29-da birgə irəliləyişin əldə edilməsi üçün güclü çağırışların olduğunu vurğulayan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri iqlim dəyişmələrinin fundamental insan hüquqlarının təminatına da ciddi təhlükə yaratdığını xatırladır, həmçinin sessiyanın dövlətlər və beynəlxalq təsisatlarla yanaşı, iqlim dəyişmələri danışıqlarında maraqlı olan digər tərəflər – ekoaktivistlər, uşaq və gənclər, əlilliyi olan şəxslər, eləcə də digər həssas qruplar üçün də əhəmiyyətli platforma olacağını qeyd edib. “Heç kimin kənarda qalmaması və bütün maraqlı tərəflərin COP prosesində iştirak hüququnun təmin edilməsi prioritet məsələlərdəndir. Bunun əhəmiyyəti nəzərə alınaraq ictimai iştirakçılıq barədə müddəa COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq BMT-nin İqlim Dəyişmələri üzrə ərçivə Konvensiyasının Katibliyi ilə imzalanmış “Ev sahibi ölkə sazişi”ndə də öz əksini tapıb”, – M.Babayev qeyd edib.

Ekspertlər bildirirlər ki, Azərbaycanın COP29-a sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. ünki qlobal iqlim böhranına qarşı mübarizədə hüquqi alətlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsi ölkəmizdə yeni iqlim strategiyasının hazırlanması istiqamətində işləri sürətləndirir. Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir. Yeni strategiyada bütün iqtisadi sektorların əhatə olunacağı, aşağı karbonlu inkişafı hədəfləyəcəyi gözlənilir. Mütəxəssislərin fikrincə, bu gün qarşıda həllini gözləyən ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə yeni layihələrin gerçəkləşdirilməsinə çətinlik yaradır. Bununla bərabər, Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə beynəlxalq standartlara uyğunlaşdırılmalı, iqlim dəyişikliyi ilə mübarizənin daha təsirli olması üçün əlavə islahatlar keçirilməlidir. Qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmləri tətbiq etməklə həm qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının qarşısının alınmasında daha güclü hüquqi əsaslar yaradılmalıdır.

Bütün bu qeyd edilənlərin gerçəkləşdirilməsi isə ölkəmizdə iqlim dəyişmələri ilə mübarizənin uğurunu şərtləndirir, kənd təsərrüfatı, su ehtiyatları, meşə, biomüxtəliflik, səhiyyə və turizm sahələrinin inkişafını sürətləndirir, Xəzər dənizinin səviyyəsinin ciddi şəkildə azalmasının qarşısını alır. Bir sözlə, Azərbaycanın milli iqlim qanunvericiliyinin müəyyən sektorlarda beynəlxalq standartlara  uyğunlaşdırılması, bununla bağlı əlavə islahatlar keçirilməsi antropogen və texnogen təsirləri zəiflədir.

COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin sözlərinə görə, iqlim dəyişmələrinin təsiri gücləndikcə qanunvericiliyin rolu da artır. Hüquq sistemləri yalnız emissiyaların azaldılmasını təmin etməklə kifayətlənməməli, iqlim dəyişmələrinin təsirlərindən ən çox əziyyət çəkən icmaların hüquqlarının qorunmasına yönəldilməlidir. Hüquq sistemləri iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını gerçəkləşdirməli, iqlim ədalətini həyata keçirməli, ən əsası iqlimə həssas olanların hüquqlarını qorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmalıdır. Beynəlxalq hüquq iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir. Bir çox ölkə məhkəmələrində iqlim dəyişikliyi ilə bağlı məsələlərə baxılır və qərarlar çıxarılır.

Ekspert rəyi

Samir HEYDƏROV

iqtisadçı-ekspert

COP əsas beynəlxalq ekoloji sazişlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıq prosesinin ali orqanıdır. Bu gün  həm də ona görə mühüm önəm daşıyır ki, dövlət başçıları, nazirlər, digər dövlət xadimləri, eləcə də biznes, vətəndaş cəmiyyəti, akademiya, media və gənclər daxil olmaqla iqlim gündəliyinin geniş aktorlar dairəsini bir araya gətirir. İqlim probleminin həlli məqsədilə məhz belə sahələrarası yanaşmaya ciddi zərurət duyulur.

COP29 iqlim böhranından əziyyət çəkən cəmiyyətlər üçün yüksək dəyərləndirilir. Azərbaycanda keçiriləcək bu nüfuzlu tədbir artıq haqlı olaraq “maliyyə müşavirəsi” də adlandırılır, çünki məhz cari ilin noyabr ayında iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv razılaşdırılma gözlənilir.

İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində yeni hədəf isə inkişaf etmiş dövlətlər tərəfindən aşağı gəlirli ölkələr üçün nəzərdə tutulan maliyyə öhdəliyinin gerçəkləşdirilməsidir. Bu məsələdə problem ondan ibarətdir ki, 2009-cu ildə vəd edilən bütün vəsait ayrılmamışdı, bu da iqlim dəyişikliyi ilə mübarizənin ciddi şəkildə ləngiməsinə gətirib çıxardı. Ancaq iqlim böhranından əziyyət çəkən cəmiyyətlərdə inkişaf etmiş ölkələrin maliyyələşmə ilə bağlı verdikləri vəd və öhdəliklərin COP29-da tam həcmdə yerinə yetiriləcəyinə böyük ümid bəslənilir.

İqlim dəyişikliyindən danışarkən, bir məqama da toxunmaq istərdim. Bu da sözügedən sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarətdir. Ümumiyyətlə, iqlim dəyişikliyi təkcə ekoloi, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. ünki iqlim dəyişikliyi prosesi insan hüquqlarının pozulması, məhkəmə çəkişmələrinin yaranması, məsuliyyət tədbirlərinin tətbiqi və məhkəmə təcrübəsinin formalaşmasına da səbəb olur. Baş verən iqlim dəyişikliyi, əsasən, insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu səbəbdən də hüquq təkcə iqlim dəyişikliklərinin fəsadlarına məruz qalan deyil, eyni zamanda, onu tənzimləyən və bu proseslərdə preventiv xarakter daşıyan bir vasitədir.

Beləliklə, hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynamalıdır. ünki iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Həmin problem təkcə ətraf mühitin və təbiət resurslarının qorunması ilə bağlı deyil, həm də insan hüquqları, iqtisadiyyat və sosial ədalət məsələlərini də əhatə edir. İqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlər, əkin sahələrinin azalması, su qıtlığı və digər problemlər bir çox ölkələrdə insan hüquqlarının pozulmasına səbəb olur. Bu mənada, hüququn iqlim dəyişikliyinə qarşı mübarizədə rolu əvəzolunmazdır.

 



İqtisadiyyat