Gürcüstanda tam ali təhsilin müddəti bəzi ixtisaslar istisna olmaqla 6 ildən 4 ilə endiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil sahəsində planlaşdırılan islahatların təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, bugünkü ali təhsil sistemi müasir çağırışlara və standartlara cavab vermir. Ona görə də qarşıya iddialı məqsəd qoyulmalıdır. Gürcüstandakı tələbələr inkişaf etmiş ölkələrdə olduğu kimi, eyni keyfiyyətdə ali təhsil ala bilməlidirlər.
Hökumət başçısının sözlərinə görə, bu, tamamilə realdır və mümkündür.
Baş nazir təhsil islahatı konsepsiyasının coğrafi təmərküzləşməni nəzərdə tutan istiqamətindən danışıb və qeyd edib ki, bu gün tələbələrin 85 faizindən çoxu paytaxtda ali təhsil alır.
O, üç ilin bakalavr pilləsinə, bir ilin isə magistratura pilləsinə ayrılmasının nəzərdə tutulduğunu bildirib.
Baş nazir qeyd edib ki, tibb və digər bu kimi ixtisaslar istisna olmaqla əksər ixtisaslar üzrə ali təhsil üçün üç il kifayət edir.
İ.Kobaxidze bəzi orta məktəblərdə 11 illik tədris sisteminə keçidin planlaşdırıldığını bildirib. O, ölkənin Təhsil, Elm və Gənclər Nazirliyinin bu istiqamətdə fəal iş apardığını vurğulayıb.
Hazırda Gürcüstanda bakalavr pilləsi üzrə təhsilin müddəti 4 il, magistratura pilləsi üzrə isə 2 il təşkil edir. Tam orta təhsil isə 12 illikdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri