Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin ən nüfuzlu ali təhsil ocağı hesab edilən Siyasi Elmlər Universitetinin (Science Po de Paris) tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasət prioritetləri, milli multivektorlu xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar haqqında danışıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin müsbət nəticələrindən, Azərbaycanın beynəlxalq müstəvidə rolundan, qonşu ölkələr prioritet olmaqla, dünya ölkələri ilə ikitərəfli münasibətlərindən danışıb.
Səfir universitetin tələbələrini ölkəmizin beynəlxalq təşkilatlarda fəal iştirakı, eləcə də Avropa İttifaqı, NATO ilə tərəfdaşlıq əlaqələri, Qoşulmama Hərəkatına sədrliyi, Azərbaycanın TURKPA-da rolu və hal-hazırda bu təşkilata sədrliyi, ev sahibliyi etdiyi yüksəksəviyyəli beynəlxalq tədbirlər, ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində gördüyü tədbirlər, COP29-un uğuru barədə məlumatlandırıb.
Ölkəmizin çox mühüm geosiyasi məkanda yerləşdiyini diqqətə çatdıran səfir Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələrdən söz açıb.
Diplomat vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində son vaxtlar Azərbaycanın nüfuzu daim yüksəlir və dünya dövlətləri ölkəmizi ən etibarlı platforma kimi tanıyırlar.
Görüşdə vacib geosiyasi mövqeyi ilə diqqəti cəlb edən Azərbaycanın Fransa ilə münasibətlərinin son illərdəki və hazırkı vəziyyəti haqqında ətraflı məlumat verilib.
Siyasi Elmlər Universitetinin tələbələri Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyünə, bir çox beynəlxalq təşkilatlara sədrliyinə, Zirvə görüşlərinə ev sahibliyi etməsinə dair ətraflı məlumat alıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.