Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara göstərilən tibbi xidmətin vahid mərkəzdən və müasir səviyyədə təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi yaradılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Hemodializ Mərkəzində yaradılan şəraitlə tanış olub.
Binanın foyesində Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov məlumat verib ki, hemodializ xidməti əvvəllər Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Sağlamlıq Mərkəzi və onun nəzdindəki şöbələrdə fəaliyyət göstərirdi. Bu da xidmətin hamı üçün əlçatanlığına və keyfiyyətinə mənfi təsir edirdi. Yeni yaradılan mərkəz dializ müalicələrinin vahid mərkəzdən idarə olunmasını və xidmətin operativ təşkilinə imkan verir. Növbəti mərhələlərdə muxtar respublikanın digər bölgələrində də vahid mərkəzə tabe olan Hemodializ mərkəzləri istifadəyə veriləcək.
Yeni binada uşaq dializ otağı, 31 çarpayılıq müalicə zalı, intensiv terapiya şöbəsi, reanimasiya, həkim, dərman, laboratoriya və digər otaqlar fəaliyyət göstərir. Mərkəz xidmətin müasir standartlara uyğun təşkili məqsədilə 53 ən son texnologiyaya malik hemodializ aparatı, 68 HD monitorlu, 3 mühərrikli, Wi-Fi və qulaqlıq girişli hemodializ kreslosu ilə təchiz edilib. Bundan başqa, Şərur, Kəngərli, Culfa və Ordubad rayonlarında da müvafiq səhiyyə müəssisələrinə yeni alınan hemodializ cihazı və kresloları təhvil verilib.
Qeyd olunub ki, muxtar respublikada 356 nəfər xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Onlardan 167-si dializ müalicəsi alır. Yaradılan şərait bütün pasiyentlərin xidmətlərdən vaxtında yararlanmasına imkan verir.
Sonra Təcili Tibbi Yardım Xidmətinin yeni alınmış və modifikasiya olunmuş ambulansları barədə məlumat verilib. Bildirilib ki, 69 ambulans vasitəsilə muxtar respublika əhalisinə təcili tibbi yardım xidməti göstərilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq xidmətin maddi-texniki bazası gücləndirilir. Bu məqsədlə 52 yeni təcili tibbi yardım avtomobili alınıb. Yeni avtomobillərin alınması ilə yanaşı, mövcud ambulanslarda xidmətin müasir tələblər səviyyəsində təşkili üçün modifikasiya işləri də aparılıb, avtomobillərin hər biri müasir tələblərə cavab verən 22 adda tibbi avadanlıq və vasitələrlə təchiz edilib.
Daha sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasında şəhid ailələrinin və qazilərin sosial və psixoloji rifahının gücləndirilməsi, onların psixoloji reabilitasiyasına sistemli dəstək göstərilməsi məqsədilə yaradılmış Psixoloji Sağlamlıq Mərkəzi ilə tanışlıq olub. Mərkəzdə fərdi, qrup və uşaq terapiyası olmaqla, 3 otaq istifadəyə verilib.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Təbriz Zeynalov yeni xidmət mərkəzini şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının daha bir təzahürü kimi dəyərləndirib, yaradılan şəraitə görə minnətdarlıq edib.