Əlavə olaraq, 38,2 milyard kubmetr təbii qaz
2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu isə (kondensat) “Abşeron” yataqlarının payına düşüb. Hesabat dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin 9 ayında 17,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,9 milyon tonu konsorsiumların, 2,1 milyon tonu SOCAR-ın, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Bu dövrdə xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barel), kondensat hasilatı 13,7 min ton (112 min barel) təşkil edib. Ümumilikdə, neft hasilatı orta hesabla gündəlik 75,7 min ton (570 min barel) olub. Hesabat dövründə neftin emalı 4,6 milyon ton təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Bunun da 0,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,9 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
9 ay ərzində xaricə 18,3 milyard kubmetr “mavi yanacaq” ixrac olunub. Ümumi ixracın 9,4 milyard kubmetri Avropanın, 7,3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.
Nazirliyin məlumatına əsasən, “Azəri-Çıraq-Günəşli” yatağı istismara veriləndən 2025-ci il oktyabrın 1-dək 613,6 milyon ton neft və 240 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 51,5 milyon tona yaxın kondensat və 257,7 milyard kubmetr qaz hasil edilib. Ötən müddətdə ölkə üzrə 663 milyon ton neft və 185,7 milyard kubmetr qaz ixraca nəql edilib.
XQ