İqtisadiyyata investisiya qoyuluşu artıb

post-img

9 ayda bu məbləğ 13 milyard manatı ötüb

2025-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə əsas kapitala 13 milyard 48,1 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, cari ilin 9 ayında neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna qoyulmuş investisiyaların həcmində 7 faiz artım qeydə alınıb. İstifadə olunmuş investisiyanın 6 milyard 647,6 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2 milyard 102 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 57,3 milyon manatını və ya 77,1 faizini daxili vəsaitlər təşkil edib. İnvestisiyaların 10 milyard 280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Komitənin məlumatına görə, cari ilin 8 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard manat həcmində vəsait yönəldilib. Bu isə ümumi investisiyaların 24,8 faizi deməkdir. Hesabat dövründə əsas kapitala yönəldilən xarici vəsaitlərin 97,3 faizi Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, İran İslam Respublikası, Hindistan, BƏƏ, Macarıstan və Fransa investorlarına məxsus olub.

XQ

İqtisadiyyat