Xankəndidə Milli Şəhərsalma Forumu

post-img

Çağdaş şəhər quruculuğunun əsas hədəfləri

Dünən Xankəndidə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə III Azərbaycan Milli Şəhərsalma Forumu öz işinə başlayıb. Forumda hökumət nümayəndələri ilə yanaşı, 60-dan çox ölkənin təmsilçiləri iştirak edirlər.

“İqlimədavamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusuna həsr olunmuş toplantı, həm də gələn il Bakıda keçiriləcək 13-cü Dünya Şəhər Forumuna (WUF13) aparan yolun bir hissəsi kimi nəzərdə tutulur. Xankəndi – Bakı formatında təşkil olunan 3 günlük forumdan məqsəd şəhərlərin iqlim dəyişikliklərinə davamlılığını artırmaq, sağlam və inklüziv urban inkişaf strategiyalarını təşviq etmək, həmçinin Qarabağ regionunun bərpası və dayanıqlı inkişafı üzrə beynəlxalq tərəfdaşlıqları gücləndirməkdir.

Açılış mərasimində BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax çıxış edərək bildirib ki, Azərbaycanın şəhərsalma və iqlim davamlılığı təşəbbüsləri qlobal səviyyədə müsbət nümunə kimi qəbul olunur. Xankəndi forumunun 2026-cı ildə keçiriləcək 13-cü Dünya Şəhər Forumu ilə qlobal şəhər siyasətində dönüş nöqtəsinə çevriləcəyinə əminliyini ifadə edən icraçı direktorun sözlərinə görə, gələn il, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 11-ci məqsədin (“Davamlı şəhərlər və icmalar”) Qlobal İcmalı da təqdim olunacaq.

BMT rəsmisi əlavə edib ki, WUF13-ün mövzusu “Evi olan dünya: təhlükəsizlik və bərabərlik” olacaq və bu, mənzil və şəhər bərabərliyi məsələlərinə diqqəti artıracaq. Hazırda dünya üzrə, təxminən, 3 milyard insanın mənzil şəraitinin əlverişsiz olduğunu vurğulayan Anaklaudiya Rossbaxın sözlərinə görə, 1 milyarddan çox insan gecəqondu və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə evsizdir. Qeyd olunub ki, 2023-cü ilin ortalarında Bakıda ölkə ofisini açan UN-habitat ötən müddətdə kompleks şəhər həllərinin tətbiqi üçün milli və yerli tərəfdaşlarla fəal əməkdaşlıq edir. O, həmçinin UNEP və IOM ilə birgə həyata keçirilən 10 milyon ABŞ dolları dəyərində Uyğunlaşma Fondu layihəsi çərçivəsində Xəzərsahili boyu iqlimə davamlı şəhər və icmaların yaradılmasında Azərbaycana dəstək verdiklərini diqqətə çatdırıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında bildirib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Onun sözlərinə görə, bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır.

Sədr vurğulayıb ki, 2018-ci ildən Azərbaycan şəhərlərin Baş planlarının hazırlanması və mütəmadi yenilənməsi yolu ilə məkan inkişafına kompleks və uzunmüddətli yanaşma tətbiq edib: “Bu planların əksəriyyəti artıq tamamlanıb və yaxud icra mərhələsindədir, beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanaraq qlobal standartlara uyğunlaşdırılıb. Bu gün Azərbaycan münaqişədənsonrakı bərpa modelini fəxrlə təqdim edir. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil – həyatların yenidən qurulması üçün yol xəritəsidir”.

Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin dayanıqlı şəhərsalma modelinə əsaslandığını vurğulayan komitə sədri bildirib ki, Azərbaycan münaqişədənsonrakı bərpa və reinteqrasiyada özünəməxsus şəhərsalma modelini həyata keçirir, həm şəhər, həm də kənd yaşayış məntəqələri üçün hazırlanmış Baş planlar əsasında genişmiqyaslı yenidənqurma işləri aparılır.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək bildirib ki, bərpa edilən 19-dan çox yaşayış məntəqəsində 22 mindən yuxarı əhalinin yaşayışı təmin edilib. Onların 4 mindən çoxu məcburi köçkünlərdir. Hazırda ən prioritet məsələnin məşğulluğun təmin olunması ilə bağlı olduğunu diqqətə çatdıran xüsusi nümayəndənin sözlərinə görə, ötən müddətdə özəl investorlar tərəfindən regiona 65 milyon manat özəl investiya qoyulub, bunun hesabına 3 minə yaxın yeni iş yeri yaradılıb. Xankəndidə keçirilən forumu beynəlxalq əməkdaşlıq, “yaşıl enerji” və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirən E.Yusubov deyib ki, bu, Qarabağın gələcək inkişafına yeni impuls verəcək.

Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında şəhərdə müasir tipli mühəndis şəbəkəsi ilə yanaşı, bütün kommunikasiya xətlərinin qurulacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Şuşa şəhərində mövcud tarixi abidələr və digər infrastruktur elementləri nəzərə alınaraq işlər hissə-hissə yerinə yetirilir. Azərbaycanda analoqu olmayan Əhmədbəyli-Füzuli-Şuşa yolunun yaxın zamanlarda tam istifadəyə veriləcəyini bildirən xüsusi nümayəndənin sözlərinə görə, burada 7 tunel, 9 köprü inşa olunub. Qarşıdakı 2 il ərzində şəhərin küçə və yol şəbəkəsinin tamamilə yenidən qurulacağını vurğulayan A.Kərimov daha sonra bildirib ki, Şuşa ölkə ərazisində 100 faiz elektriklə çalışan ictimai nəqliyyata sahib yeganə şəhərdir.

Forumda çıxış edən Böyük Britaniyanın “Chapman Taylor” şirkəti İdarə Heyətinin direktoru Marcelina Zielinska Şuşada mədəni irsə əsaslanan şəhərsalma modelinin tətbiq olunduğunu vurğulayıb. O, şəhərdə həyata keçirilən bərpa və planlaşdırma işlərinin mahiyyəti barədə məlumat verərək bildirib ki, Şuşa şəhərinin baş planı “mədəni irsə həssas planlaşdırma” əsaslanır və məqsəd tarixi abidələrin qorunması ilə yeni inkişafın vəhdətini yaratmaqdır.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanın BMT-nin müvafiq ixtisaslaşmış agentliyi – UN-Habitat ilə birgə irəli sürdüyü təşəbbüs əsasında yaradılan bu platforma artıq ənənə halını alıb. Forum hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları, elmi dairələr, memarlar və mütəxəssislərin bir araya gələrək aktual şəhərsalma mövzularını müzakirə etməsi və həll yolları təqdim etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq forumun ilk iki toplantısı Ağdam və Zəngilanda keçirilib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat