İndiyədək dünyanın 39 ölkəsi işğaldan azad olunmuş Qarabağ bölgəsinə investisiya qoyuluşu üçün müraciət edib. Bu da bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədova istinadən məlumat yayıb. Vergi rəsmisinin sözlərinə görə, müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha çoxdur.
Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr icra olunduğunu diqqətə çatdıran Ə.Məmmədov bu təşəbbüslər çərçivəsində Türkiyənin “Dəmirörən” və “Dost Aqropark”, Özbəkistanın “Agro Sonuat İnnovator” şirkəti tərəfindən nar bağlarının salınmasını, Araz Vadisi İqtisadi Zonasında Litvanın “Dominari” mebel klasterini, İsveçrənin “Holcim” sement anbarını və Rusiyanın “Kamaz” xidmət mərkəzini, eləcə də Pakistanın “Azerbaijan Rice Processing Mill” MMC-ni və Belarusun “Agrokombinat Dzerjinski” ASC quşçuluq təsərrüfatını misal çəkib. Bu layihələrin regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət etdiyini vurğulayan vergi rəsmisinin sözlərinə görə, Qarabağ bölgəsində investisiya layihələrinin həyata keçirilməsi təkcə iqtisadi fəallığın artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və müasir texnologiyaların tətbiqinə şərait yaradır.
Ə.Məmmədov daha sonra deyib: “Xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgənin istehsal potensialının gücləndirilməsinə mühüm töhfə verir. Bölgədə müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət sektoru əsas inkişaf sahələri kimi müəyyən edilib. Bu sahələr üzrə layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə də xarici investorlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin cəlb olunması istiqamətində işlər davam etdiriləcək”.
XQ

