10 il əvvəl əsası qoyulmuş transmilli kəmərin illik nəqletmə gücü tezliklə 20 milyard kubmetrə çatdırılacaq
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Azərbaycanı Avropa İttifaqının strateji tərəfdaşına çevirən etibarlı enerji körpüsüdür. “Köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən bu nəhəng ixrac marşrutunun təməli 10 il əvvəl–2016-cı il mayın 17-də qoyulub.
Bu münasibətlə Yunanıstanın Saloniki şəhərində təntənəli mərasim keçirilib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ hesab olunan təməlqoyma mərasimində Yunanıstanın baş naziri Aleksis Tsipras, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç, eləcə də SOCAR, bp, “Snam”, “Fluxys”, “Enagas” və “Axpo” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin həyata vəsiqə alması Azərbaycanın enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi qazandığı yüksək inam və etimadın nəticəsi idi. Məhz bu səbəbdən Avropa İttifaqı tərəddüd etmədən üzünü qaz ehtiyatları ilə zəngin, mühüm tədarükçü rolunda gördüyü Azərbaycana tərəf çevirdi. Nəticədə, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı.
Trans-Adriatik Boru Kəməri Azərbaycan qazının böyük bazarlara çıxarılmasını təmin edən nəhəng enerji ixracı marşrutudur. TAP-ın ərsəyə gəlməsində ölkəmizin çox böyük rolu olub. Təsadüfi deyil ki, 2013-cü ildə boru kəmərinin tikintisi ilə bağlı imzalanmış müqavilənin iştirakçıları olan təsisçi şirkətlərin 60 faizi məhz Azərbaycandakı hasilatçılar idi. Bunlar, əsasən, hər biri 20 faiz iştirak payına malik SOCAR, bp və Statoyl şirkətləri idi. Yəni TAP-ın ərsəyə gəlməsinə sərf olunan əziyyətin, çəkilən xərcin yarıdan çoxu Azərbaycan və tərəfdaşlarının payına düşür.
Bir məqamı da qeyd edək ki, dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan, həm də öz ixrac imkanlarını şaxələndirmək imkanı əldə edib. Elə Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə hər il İtaliyaya 8-10 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1-1,5 milyard kubmetrdən çox qaz nəqli olunması da məhz ixrac infrastrukturunun şaxələndirilməsinin nəticəsidir.
Qarşıdakı illərdə Avropanın Azərbaycan qazına tələbatın artması ilə əlaqədar TAP-ın mövcud nəqletmə gücünün iki dəfəyədək artırılması, eləcə də Avropa ölkələrinin qaz şəbəkələrini sözügedən kəmərlə əlaqələndirən yeni interkonnektorların inşası gözlənilir. Məlum olduğu kimi, illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edən TAP-ın yeni borular çəkməyə ehtiyac olmadan mərhələli şəkildə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Hazırda isə TAP konsorsiumu kəmərin genişləndirmənin birinci mərhələsi üzrə işləri davam etdirilir.
Ümumilikdə, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən Trans-Adriatik Qaz Boru Kəməri layihəsi 12 il 5 ay əvvəl həyata vəsiqə alıb. Dəyəri 4,5 milyard dollar təşkil edən kəmərin tikintisi isə 2020-ci ilin oktyabrında başa çatdırılıb. TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. Bununla da ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağa nail olub. Eyni zamanda, dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan, həm də öz ixrac imkanlarını şaxələndirmək imkanı əldə edib.
Xəzər regionu ilə Avropa qitəsi arasında vacib enerji körpüsü rolunu oynayan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP kəməri Azərbaycanın Avropa İttifaqının mötəbər enerji tərəfdaşı kimi mövqeyini getdikcə gücləndirir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən 5 il 4 ay ərzində sözügedən kəmərlə 58 milyard kubmetrdən çox qaz nəql olunub. Ümumilikdə isə, hazırda TAP kəməri ilə Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac olunur.
TAP öz fəaliyyətini cari ilin ötən dövründə də uğurla davam etdirib. Energetika Nazirliyinin məlumatına görə, bu ilin 3 ayı ərzində Azərbaycandan Avropaya qaz satışı, təxminən, 3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur.
Yeri gəlmişkən, bu günlərdə TAP-ın da daxil olduğu “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (SGC) yüksək reytinq qazanıb. “Moody's Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin milli və xarici valyutada emitent üzrə uzunmüddətli kredit reytinqini “Baa3” səviyyəsində, həmçinin baza kredit qabiliyyəti qiymətləndirməsini “baa3” səviyyəsində müəyyən edib.
Agentlikdən bildirilib ki, SGC-nin reytinqləri Azərbaycanın suveren reytinqi ilə uyğunlaşdırılıb və şirkətin strateji əhəmiyyətini əks etdirməklə yanaşı, ölkənin əsas qaz layihələrində dövlətin maraqlarını təmsil edir. Qurum, həmçinin şirkətin kapitalında birbaşa və dolayı yolla Azərbaycan dövlətinin iştirakını, eləcə də zəmanətlərin verilməsi də daxil olmaqla dövlət dəstəyinin davamlı təcrübəsini nəzərə alıb.
“Moody's” qeyd edib ki, 2026-cı ilin sonuna qədər şirkətdəki azlıq payının Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi National Oil Company” (ADNOC) ilə əlaqəli investisiya vasitəsi olan XRG-yə planlaşdırılan satışından sonra belə, dövlətin SGC-nin strategiyası və siyasəti üzərində nəzarəti və təsirini saxlaması gözlənilir. Bu baxımdan SGC-ni hökumətlə əlaqəli emitent hesab edən agentlik şirkətin müstəqil kredit qabiliyyətinin “baa3” səviyyəsində olmasını, Azərbaycanın suveren reytinqinin “Baa3” səviyyəsini, şirkətin defolt riski üçün hökumətdən çox yüksək asılılığını və maliyyə çətinlikləri halında təcili dövlət dəstəyinin yüksək ehtimalını nəzərə alıb.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılıb.
Cəmiyyətin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Qurumun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir.
Mirbağır YAQUBZADƏ
XQ


