“Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclası keçirilib

post-img

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti rüblük iclası keçirilib.

Dövlət Vergi Xidmətindən XQ-yə verilən məlumata görə, iclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin 1-ci yarımilliyi üzrə görülmüş işlərin nəticələri və növbəti dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Tədbirdə işçi qrupun üzvləri, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev həyata keçirilən tədbirlər barədə məlumat verib. Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Business Ready” hesabatın nəticələrinin ilin sonunadək açıqlanacağını bildirib. Qeyd olunub ki, həyata keçirilmiş işlər müsbət nəticələr əldə ediləcəyinə ümid verir.

Müzakirələr zamanı nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, o cümlədən e-portal üzərində işlərin gedişi, AVİS-2 layihəsinin icrası, eləcə də vergi bəyannamələrinin öncədən doldurulması (“prefiling”) sisteminin tətbiqi barədə məlumatlar təqdim edilib. Bildirilib ki, sadələşdirilmiş vergi bəyannaməsinin əvvəlcədən doldurulması - “prefiling” sistemi artıq istifadəyə verilib və ilkin məlumatlara əsasən, vergiödəyicilərinin böyük bir hissəsi bu xidmətdən faydalanırlar.

İclasda İşçi qrupun üzvlərinə qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədə məlumat verilib. Vergitutma sahəsində yeniliklərlə bağlı biznes konsaltinq şirkətləri ilə əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb, 2025-ci il üzrə Yol Xəritəsində qarşıda duran vəzifələr nəzərdən keçirilib, növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

İqtisadiyyat